Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiq edilib.
“Bakupost” xəbər verir ki, sənəddə müasir texnologiyaların tətbiqini, enerji səmərəliliyinin artırılmasını və ekoloji təhlükəsizliyin təmin olunmasını nəzərdə tutulur.
Yeni normalar tikiləcək və yenidən qurulacaq heyvandarlıq və quşçuluq müəssisələrinə şamil edilir. Sənəddə müxtəlif növ kənd təsərrüfatı heyvanlarının və quşların saxlanılması üçün bina və yerləşgələrin, mühəndis sistemlərinin, su təchizatı və ventilyasiya qurğularının layihələndirilməsi, eləcə də yanğın təhlükəsizliyi ilə bağlı tələblər müəyyən edilib.
Bildirilir ki, sənədin əsas istiqamətlərindən biri ağıllı kənd təsərrüfatı (Smart Farming) texnologiyalarının tətbiqidir. Xüsusilə temperatur, rütubət və havanın keyfiyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin istifadəsi tövsiyə olunur. Məsələn, heyvanlarda istilik stressi riski yarandıqda ventilyasiya və soyutma sistemlərinin avtomatik işə salınması, həmçinin su sərfiyyatındakı qeyri-adi artımlarla bağlı xəbərdarlıq edən rəqəmsal sayğacların tətbiqi nəzərdə tutulur.
Enerji səmərəliliyinə və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət ayrılıb. Layihələndirmə zamanı enerji istehlakının azaldılması, istehsalat proseslərində yaranan istiliyin təkrar istifadəsi və istilik nasoslarının tətbiqi üzrə tədbirlər nəzərdə tutulur.
Yeni normalar heyvan və quşların saxlanılması üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına da xidmət edir.
Burada həmçinin, ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə heyvandarlıq tullantılarının torpağı və yeraltı suları çirkləndirməsinin qarşısının alınması, onların üzvi gübrə istehsalında istifadəsi ilə bağlı müddəalar da nəzərdə tutulub.
Bununla yanaşı, fövqəladə hallar zamanı heyvan və quşların təhlükəsiz təxliyəsinə dair tələblər müəyyən edilib. Xüsusilə ayrı-ayrı bölmələrə ayrılmış binalarda hər bölmədən ən azı iki müstəqil təxliyə yolunun nəzərdə tutulması tələb olunur.
Qeyd edək ki, yeni normaların qüvvəyə minməsilə 1984-cü ildə təsdiq edilmiş və 40 ildən artıq müddətdə tətbiq olunan СНиП 2.10.03-84 normativ sənədinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılacaq.
Görəsən, yeni tələblər heyvandarlıq və quşçuluq təsərrüfatlarına nə vəd edir?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov
“Bakupost”a bildirib ki, heyvandarlıq və quşçuluqda müəyyən standartlar var ki, həmin sahələr də bu standartlara uyğunlaşdırılmalıdır.
O, həmçinin təəssüflə qeyd etdi ki, ölkəmizdə kəndli və fermerlər hələ də bu sahələr üzrə əsas prinsiplərə əməl etmirlər:
“Məhsuldarlığı artırmaq, heyvanların, quşların yemlənməsi, bəslənməsi, şəraitinin yaxşılaşdırılmasını istəyiriksə, prosesi inkişaf etmiş ölkələrdə qəbul edilən standartlara uyğun təşkil etməliyik. Ona görə də bu istiqamətdə qeyd edilən müəyyən şərtləri qəbul etmək lazımdır”.
Amma müsahibimizə görə bu kimi tədbirlər mütləq mənada ətin, süd, yumurtanın qiymətinin artımına gətirib çıxaracaq:
“Problem ondadır ki, sözügedən sahələrdə yemçilik zəifdir. Örüş sahələri yenidən bərpa edilməlidir. Habelə, yemçiliklə məşğul olanların suya, keyfiyyətli toxuma olan təminatı ödənilməlidir. Həm də çalışmaq lazımdır ki, aqrar sahədə istifadə olunan dizel yanacağının qiyməti 30-40 aşağı ensin. İranda dizel yanacağının qiyməti kəndlilər üçün 2 qəpik, Azərbaycanda isə 1 manat 10 qəpikdir”.
Mütəxəssis hesab edir ki, yalnız yem bazasının möhkəmləndirilməsindən sonra belə tələblərlə çıxış etmək olar:
“Onlar isə əsas işi kənarda qoyub, məhsuldarlığa elə də təsir etməyəcək tədbirləri qabardırlar. Bununla nəyəsə nail olmaq mümkün olmayacaq”.
Rüfət Sultan,
BakuPost