Tramp administrasiyasında İranın ali rəhbərliyindəki sərt xətt tərəfdarı olan şəxslərin aradan götürülməsi ehtimalı müzakirə olunur. Vaşinqtonda hesab edirlər ki, belə bir əməliyyat Tehranın mövqeyini zəiflədərək müharibənin başa çatdırılmasına şərait yarada bilər.
“Bakupost” xəbər verir ki, bu barədə ABŞ-nin "NBC News" telekanalı məlumat yayıb.
Bildirilir ki, administrasiyasının bəzi rəsmiləri İranın yüksək vəzifəli rəhbərlərinə qarşı hərbi zərbələrin endirilməsini dəstəkləsələr də, Tramp hələlik yekun qərar verməyə tələsmir. Onun qarşısında genişmiqyaslı hərbi əməliyyatların bərpası və İranın enerji infrastrukturu ilə nüvə obyektlərinə zərbələr endirilməsi də daxil olmaqla müxtəlif variantlar var.
Görəsən, İranın ali rəhbərliyindəki sərt xətt tərəfdarlarının aradan götürülməsi müharibənin başa çatmasına xidmət edə bilər?
Siyasi şərhçi Mehman Əliyev
“Bakupost”a bildirib ki, indiyə qədər, 2025-2026-cı illərdə ABŞ tərəfindən bu tipli əməliyyatlar keçirilsə də, nəticə olaraq İranın mövqeyi heç də zəifləməyib:
“İran rəhbərliyində 5-10 tipli kadr sistemi qurulub. Ona əsasən daha yüksək vəzifədə olan aradan götürüləndə yerinə kimlərin gələcəyi də müəyyənləşib”.
Bu əsasda müsahibimiz hesab edir ki, ayrıca formatda sərt xətt tərəfdarları olan yüksək çinlilərin aradan götürülməsi nəticə verməyəcək:
“Amma ümumi, yəni iqtisadi blokada, hərbi təzyiq və bu tip əməliyyatlar formatında proses hansısa bir nəticə verə bilər. Hesab edirəm ki, daha effektiv variant deyilən bu məsələ yox, İranın iqtisadi blokadası və ölkə valyutasının çəkməsi məsələsi ola bilər. Bunu cari ilin yanvarında müşahidə etdik. Belə bir vəziyyət yenidən yaransa İranda qalmaqal baş verə bilər. Yəni məsələyə kompleks şəkildə yanaşma olsa, nəticə əldə olunar”.
Rüfət Sultan,
BakuPost