Müasir əmək bazarında vakansiya elanları artıq sadə iş tələbi deyil, daha çox "super qəhrəman" axtarışına bənzəyir. Namizədlərdən bir neçə xarici dil, çoxsaylı texniki proqram biliyi və onillik təcrübə tələb olunsa da, qarşılığında təklif edilən məbləğ reallıqdan tamamilə uzaqdır.
Bakupost.az xəbər verir ki, İnsan Resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında hazırda əmək bazarında kifayət qədər mürəkkəb vəziyyət olduğunu bildirib.
“Bunun bir sıra səbəbləri var. İş axtaranların şəxsi keyfiyyətlərinin yetərli səviyyədə olmaması, şirkətlərin namizədlərə qoyduğu yüksək tələblər və ümumilikdə əmək bazarındakı durğunluq. Bütün bu amillər vəziyyətə birbaşa təsir göstərir. İlk olaraq iş axtaranlarla bağlı məsələyə diqqət yetirək. Bu gün iş axtaran şəxslər daha çox fərqli şirkətlərdə çalışmaq və inkişaf etmək istəyirlər. Lakin onların bir qismi yalnız öz ixtisas sahəsi ilə kifayətlənir, əlavə bacarıqların inkişafına lazımi diqqət ayırmır. Nəticədə, hər hansı səbəbdən iş yerini dəyişdikdə və ya işdən ayrıldıqda yeni iş tapmaqda çətinliklərlə üzləşirlər. Bu da müəyyən müddət işsiz qalmağa, hətta psixoloji gərginliyə səbəb olur və iş axtarış prosesini daha da çətinləşdirir. Bu baxımdan əsas tövsiyə ondan ibarətdir ki, həm işləyən, həm də iş axtaran şəxslər öz bilik və bacarıqlarını əmək bazarının tələblərinə uyğun şəkildə daim inkişaf etdirməlidirlər. Gələcəkdə çətinlik yaşamamaq üçün şəxsi və peşəkar keyfiyyətlərin artırılması vacibdir. İş axtaranların əhəmiyyətli hissəsini yeni məzunlar təşkil edir. Onlar təhsil müəssisələrini bitirdikdən sonra iş axtarışına başlayır və ciddi çətinliklərlə qarşılaşırlar. Bunun əsas səbəblərindən biri təhsil sisteminin əmək bazarı ilə tam uyğunlaşmamasıdır. Bəzi ixtisaslar var ki, artıq əmək bazarında tələbat görmür, lakin hələ də tədris olunur. Bu isə həmin ixtisaslar üzrə məzun olan gənclərin iş tapmasını çətinləşdirir”.
O qeyd edib ki, ali təhsil almış şəxslər çox vaxt nəzəri biliklərə sahib olsalar da, praktiki bacarıqları kifayət qədər olmur:
“Bu boşluğu doldurmaq üçün onlar təcrübə proqramlarına qoşulmalı, müxtəlif kurslarda iştirak etməli və real iş mühitində təcrübə qazanmalıdırlar. Lakin bu imkanlar hər kəs üçün eyni dərəcədə əlçatan olmur. Ümumilikdə, təhsil sistemində mövcud boşluqların aradan qaldırılması, əmək bazarına uyğun ixtisasların artırılması və tələbələrin təhsil müddətində praktiki bacarıqlar əldə etməsi üçün şərait yaradılması vacibdir. İş axtaran şəxslər daha çevik, universal və müxtəlif sahələrdə işləyə biləcək səviyyədə özlərini inkişaf etdirməlidirlər. Digər mühüm məsələ şirkətlərin namizədlərə qoyduğu tələblərlə bağlıdır. Xüsusilə yeni fəaliyyətə başlayan şirkətlərdə maliyyə imkanlarının məhdud olması səbəbindən bir neçə vəzifə birləşdirilərək bir nəfər üçün vakansiya elan edilir. Bu müəyyən mərhələdə başa düşüləndir. Lakin bəzi orta və böyük şirkətlərdə də bu yanaşmanın davam etməsi düzgün deyil. Vakansiya elanlarına baxdıqda tez-tez rast gəlinir ki, bir neçə vəzifə üzrə öhdəliklər bir nəfərə həvalə olunur, lakin bunun qarşılığında təklif olunan əmək haqqı və iş şəraiti adekvat olmur”.
O bildirib ki, iş saatlarının çoxluğu, öhdəliklərin genişliyi və aşağı əmək haqqı bu sahədə əsas problemlər sırasındadır:
“Bundan əlavə, bəzi elanlarda “stressə davamlılıq” kimi tələblər ön plana çəkilir. Halbuki əsas məqsəd stressə davamlı işçi axtarmaq deyil, iş mühitində stres yaradan amilləri aradan qaldırmaq olmalıdır. Yaş məhdudiyyəti məsələsi də diqqət çəkən məqamlardandır. Bir çox iş elanlarında namizədlər üçün yaş limiti qoyulur və əsasən gənc işçilərə üstünlük verilir. Halbuki daha yaşlı şəxslər uzun illərin təcrübəsinə və praktik biliklərinə malikdirlər və onların da əmək bazarında dəyərləndirilməsi vacibdir. Nəticə etibarilə, əmək bazarında balansın qorunması üçün müəyyən tənzimləyici mexanizmlərə ehtiyac var. Şirkətlər yalnız minimum əmək haqqı ilə maksimum fayda əldə etməyə deyil, eyni zamanda işsizliyin azaldılmasına da töhfə verməlidirlər. Bu baxımdan kvota mexanizmlərinin tətbiqi genişləndirilə bilər. Hazırda həssas əhali qrupları üçün müəyyən kvotalar mövcuddur və bu məcburidir. Gələcəkdə isə ümumilikdə işsiz şəxslərin məşğulluğunun artırılması üçün də oxşar mexanizmlərin tətbiqi əmək bazarında vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərə bilər”.