NATO şərq cinahında əhəmiyyətli hərbi varlığını saxlayır.
Bakupost.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belousov deyib.
“Alyans blokun şərq cinahında əhəmiyyətli irəli hərbi mövcudluğunu saxlayır, Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığı və kəşfiyyat fəaliyyətini gücləndirib”, - müdafiə naziri bildirib.
Belousov qeyd edib ki, alyansın şərq cinahında keçirilən təlimlərdə NATO qüvvələrinin ümumi sayı təxminən 60 min hərbçi təşkil edib.
“Qlobal təhlükəsizlik arxitekturası pisləşməkdə davam edir. Qərbin dağıdıcı fəaliyyəti nəticəsində nüvə silahına malik dövlətlər arasında konstruktiv dialoqun əsasları sarsılıb”, - Rusiya müdafiə naziri vurğulayıb.
Həmçinin onun sözlərinə görə, ABŞ-nin əməl etməsi şərti ilə Rusiya bir il ərzində Strateji Silahların Azaldılması Müqaviləsinin mərkəzi bəndlərinə əməl edəcək:
“Strateji Silahların Azaldılması Müqaviləsi 2026-cı il fevralın 5-də başa çatır. Nüvə arsenallarının nəzarətsiz artımının qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya Birləşmiş Ştatların riayət etməsi şərti ilə START müqaviləsinin mərkəzi bəndlərinə bir il ərzində riayət etməyə hazırdır”.