Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə olunub.
"Bakupost" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı göndərəcək. Noyabr ayı ərzində əlavə 500 min ton, daha sonra isə 1 milyon ton dizel yanacağının tədarükü nəzərdə tutulur:
"Rusiyadakı neft emalı zavodlarının vəziyyəti nəzərə alınmaqla, qısa müddət ərzində daha 3 milyon ton dizel yanacağı da tədarük ediləcək. Bu razılaşma, eləcə də Hörmüz boğazı üzərində tam nəzarətin ABŞ-yə keçməsinə və dünya bazarında dizel yanacağının qiymətlərinin rekord sürətlə aşağı düşməsinə səbəb olacaq".
Qeyd edək ki, Tramp, Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtonun Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə bağlı çoxsaylı tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə bu sövdələşməyə gedib.
Mövcud vəziyyətdə məhz Kiyev uduzan tərəf kimi görünür. Çünki Tramp-Putin sövdələşməsi fonunda Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirməsi ABŞ Prezidentinin Kiyevə təpkilərilə müşayiət oluna bilər. Bu mənada sövdələşməni Rusiya üçün göydəndüşmə də adlandırmaq olar.
Sövdələşmə dizel yanacağının qiymətlərinə necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
“Bakupost”a bildirib ki, Trampla Putin arasında əldə edilən razılaşmaya əsasən 2027-ci ilin aprelinədək Rusiya dizelinin ixracına tətbiq edilən sanksiyalar müvəqqəti olaraq aradan qaldırıldı:
“Burada məqsəd xam neftin və kommersiya yanacağı kimi tanınan dizelin qiymətinin aşağı düşməsinə yardım etməkdir. Əldə edilən razılaşmanın hansı nəticələr verdiyini bazar ertəsi, birjalar açılanda görəcəyik. Bazar ertəsi bu mənada bazar iştirakçıları üçün emosional yanaşma olacaq. Amma bazarın bunu hərtərəfli qiymətləndirməsi üçün reallıqda azı bir həftə lazım gələcək”.
Ekspert hesab edir ki, razılaşma neftlə bağlı yaşanan defisiti müəyyən qədər qarşılayacaq:
“Körfəz ölkələrindən bazara gündəlik 15 milyon barrel xam neft çıxarılırdısa, onun da 5 milyon barreli neft məhsulu idi. Nəticədə körfəz vasitəsilə bazara gündəlik 20 milyon barrel neft və neft məhsulları çıxarılırdı. Bu baxımdan qlobal bazarda defisit yaranmışdı. Trampla Putin arasındakı razılaşma ilə isə həmin defisiti bir qədər qarşılamaq niyyətindədirlər”.
Amma bütün hallarda müsahibimiz dizelin hiss ediləcək səviyyəyə qədər ucuzlaşacağını düşünmür:
“Çünki istər Avropa, istərsə də Yaponiya, Cənubi Koreya və Avstraliyada dizelin bir litri Azərbaycan pulu ilə 4,5-5 manat arasında dəyişir. Yəni qiymət yüksəkdir. Avropada başa vurduğumuz yaya qədər dizelin orta qiyməti 3 manat civarında olub. İndi siə 5 manatdan da yuxarıdır. Bu da özünü mal və xidmətlərin qiymətinin yüksəlməsi və inflyasiyada göstərir”.
Rüfət Sultan,
BakuPost