Venesuela prezidenti Nikolas Maduro (Nicolas Maduro) ölkədən qaçacağı halda Türkiyəyə sığınmağı seçə bilər. Bu iddia “The Washington Post” (WP) qəzetinə danışan mənbələrə istinadən irəli sürülüb.
Bakupost.az “The Washington Post”a istinadən xəbər verir ki, qəzetə danışan mənbələr ABŞ prezidenti Donald Trampın (Donald Trump) Maduronu ölkədən uzaqlaşdıracağı halda, 63 yaşlı siyasətçinin Türkiyəyə getməsinin mümkün variant kimi müzakirə edildiyini bildiriblər.
Ağ Evə yaxın bir mənbə ABŞ-ın Karib hövzəsindəki əməliyyatlarından danışarkən deyib ki, “Türkiyə Maduro üçün mükəmməl məkandır. O, Ərdoğana güvənir, Ərdoğanın da Tramp ilə yaxşı münasibətləri var”.
Mənbəyə görə, Vaşinqton ilə Karakas arasında mümkün sürgün razılaşmasında ABŞ-ın Maduronun ekstradisiyasından imtina edəcəyinə dair təminatların yer ala biləcəyi də ehtimal edilir. Xatırladaq ki, Maduronun başına ABŞ tərəfindən 50 milyon dollar mükafat qoyulub.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli Maduronun Türkiyəyə sürgün edilməsi məsələsinin müzakirə olunub-olunmadığı barədə sualları cavabsız qoyub. “WP”nin məlumatına görə, Vaşinqtondakı Türkiyə səfirliyi də mövzuyla bağlı şərh verməyib.
Digər tərəfdən, Venesuela rəhbərliyi Maduronun sürgün variantını nəzərdən keçirdiyinə dair xəbərləri dəfələrlə təkzib edib.
Venesuela hökumətinin Kuba, Rusiya və İranla yaxın əlaqələri var. Lakin qəzetə danışan rəsmilərdən biri deportasiya təhlükəsi və sürgün razılaşmasına əməl olunması baxımından Türkiyənin Maduro üçün “daha təhlükəsiz seçim ola biləcəyini” iddia edir.
Türkiyə ötən il Venesuelanın cənubunda qızıl hasilatı üçün Maduro hökuməti ilə anlaşma imzalayıb. Eyni zamanda neft və qaz sahəsində əməkdaşlıq mövcuddur.
2018-ci il seçkilərindən sonra Venesuelada yaşanan siyasi böhran dövründə iki ölkə arasında qızıl ticarətində də kəskin artım olmuşdu. Karakas idarəsi emal üçün tonlarla qızılı Türkiyəyə göndərmişdi.
“Johns Hopkins Universiteti”nin tədqiqatçısı Laysel Hins hesab edir ki, Türkiyə Tramp administrasiyasının xarici siyasətində əhəmiyyətli rol oynamaq imkanını qaçırmaq istəməyəcək. Onun fikrincə, Ankara Maduronu qəbul etməklə “F-35” məsələsində öz mövqeyini gücləndirməyə çalışa bilər.
Cavid, BakuPost