ABŞ və İran arasında hərbi qarşıdurma dayansa da, tərəflər arasında gərginlik davam edir. Qarşılıqlı təhdidlər fonunda yüksək vəzifəli şəxslərə qarşı mümkün sui-qəsd planları barədə məlumatların yayılması vəziyyəti daha da mürəkkəbləşdirir.
"Bakupost" xəbər verir ki, CNN telekanalı ABŞ kəşfiyyatının İranın Vaşinqtonda Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə qarşı hücum hazırlaması barədə məlumat əldə etdiyini bildirib.
Telekanalın yeddi amerikalı rəsmiyə istinadən yaydığı xəbərdə İranın mümkün hücum zamanı radioaktiv materiallardan ibarət “çirkli bomba”dan və ya kimyəvi silahdan istifadə edə biləcəyi iddia olunur.
Mənbələrin sözlərinə görə, kəşfiyyat məlumatlarında mümkün hədəflər və hücumların həyata keçirilə biləcəyi məkanlar da göstərilib. Bununla belə, ABŞ rəsmiləri İranın belə bir hücumu həyata keçirmək imkanları və niyyətləri barədə yekdil mövqedə deyillər.
Lakin Ağ Evin sözçüsü Loren Bis “The Jerusalem Post” qəzetinə açıqlamasında hazırda ABŞ ərazisinə qarşı etibarlı hücum təhlükəsi barədə məlumat olmadığını bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi də ittihamları rədd edərək, bunları “cəfəngiyat” və “İraq müharibəsi üslubunda təbliğat” adlandırıb.
Beləliklə, ABŞ kəşfiyyatına istinadla yayılan iddialar hələlik rəsmi şəkildə təsdiqini tapmayıb. Məlumatın məhz indiki mərhələdə gündəmə gətirilməsi isə bir sıra suallar doğurur.
Bu cür məlumatların yayılmasında kim maraqlı ola bilər? Məqsəd ABŞ cəmiyyətində qorxu yaratmaqdır, yoxsa Vaşinqtonu İrana qarşı yeni hərbi əməliyyatlara sövq etmək?
Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost-a bildirib ki, hazırda ABŞ və İran arasında hərbi qarşıdurma ilə yanaşı, ciddi informasiya müharibəsi də gedir:
“ABŞ İrana yeni hərbi zərbələr endirə biləcəyi barədə bəyanatlar verir. İran isə belə addımların cavabsız qalmayacağını bildirir. Qarşılıqlı təhdidlərlə paralel olaraq müxtəlif təhlükəli iddialar ortaya atılır. Bu məlumatların bir çoxu dezinformasiya xarakteri daşıya bilər”.
Ekspertin fikrincə, belə məlumatların yayılmasında əsas məqsədlərdən biri qarşı tərəfin cəmiyyətində qorxu və təşviş yaratmaqdır:
“Bu cür informasiyalar informasiya müharibəsinin tərkib hissəsidir. Tərəflər bununla bir-birinin ictimaiyyətinə psixoloji təsir göstərməyə, cəmiyyətdə xof yaratmağa çalışırlar”.
Elçin Xalidbəyli sözügedən məlumatların yayılmasında üçüncü tərəfin maraqlarının ola biləcəyini də istisna etmir.
Onun sözlərinə görə, müəyyən qüvvələr ABŞ cəmiyyətində təhlükə hissini gücləndirməklə Ağ Evi İrana qarşı yenidən hərbi əməliyyatlara başlamağa sövq etməyə çalışa bilər:
“Üçüncü tərəf ABŞ-də xof yaradaraq, ola bilsin, Ağ Evi İrana qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qoymaq istəyir. Yaxın Şərq ətrafında yeni situasiya yaranıb. Bunun yeni savaşa yol açıb-açmayacağı hələlik suallar doğurur”.
Politoloq hesab edir ki, regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi yaxın müddətdə daha aydın görünəcək:
“Yaxın həftələrdə, ən azından yanvarın 3-dək Yaxın Şərq savaşının inkişaf istiqamətləri böyük ölçüdə aydınlaşacaq”.
Rüfət Sultan,
BakuPost