ABŞ maliyyə naziri Scott Bessent İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaların tətbiq oluna biləcəyini bildirib.
Nazirin sözlərinə görə, sanksiya siyahısında olan İran aviaşirkətləri ilə iş aparmaq ABŞ sanksiyalarına məruz qalmaq riski yaradır. O vurğulayıb ki, xarici hökumətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu cür hava gəmilərinə xidmət göstərməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidirlər.
Maraqlıdır, bu fonda Bakı üçün sanksiya riski yarana bilərmi?
Bakupost.az xəbər verir ki, Sfera.az-a bu barədə politoloq Rəşad Bayramov münasibət bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun sanksiya siyasətinin necə işlədiyinə nəzər saldıqda görürük ki, ABŞ adətən bir ölkənin aviaşirkətlərini sanksiyaya salanda, təkcə həmin şirkətləri yox, onlarla əlaqədə olan üçüncü tərəfləri də risk zonasına daxil edir:
“Bu, xüsusilə texniki xidmət, ehtiyat hissələri, yanacaq təminatı və maliyyə əməliyyatları kimi sahələrə aiddir. Yəni risk birbaşa əməkdaşlıqdan çox dolayı təmas üzərindən formalaşır. Scott Bessentin açıqlamasında da məhz bu məntiq görünür. ABŞ sanksiya siyahısında olan İran Hava Yolları kimi qurumlarla əməkdaşlıq edən şirkətlərin də hədəfə düşə biləcəyinə dair mesaj verilir. Burada məqsəd İranın beynəlxalq aviasiya və logistika zəncirinə çıxışını daraltmaqdır. Bunun Azərbaycan üçün birbaşa və sistemli sanksiya riski aşağıdır. Belə ki, Azərbaycan uzun illərdir ABŞ və Qərblə enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlıq edən ölkədir və eyni zamanda region ölkələri ilə balanslı münasibət saxlayır”.
Politoloq bu çoxvektorlu siyasətin Bakının sanksiya rejimlərinə avtomatik daxil edilməsinin qarşısını alan əsas faktorun olduğunu qeyd edib:
“Bununla belə, risk yalnız o halda yarana bilər ki, Azərbaycan ərazisində və ya Azərbaycan şirkətləri vasitəsilə sanksiya altında olan İran aviaşirkətlərinə birbaşa texniki xidmət, ehtiyat hissələrinin təminatı və ya maliyyə əməliyyatları həyata keçirilsin. Yəni problem İranla ümumi əlaqə yox, sanksiya siyahısında olan konkret aktora xidmət üzərindən qiymətləndirilir. Burada ikinci vacib nüans tranzit və region coğrafiyasıdır. Azərbaycan İranla sərhəd ölkə olduğu üçün logistik və aviasiya marşrutları baxımından həssas zonada yerləşir. Başqa sözlə desək, İrana məxsus təyyərələrin Azərbaycan uçuş etməsi qaçılmazdır. Lakin bu, avtomatik sanksiya demək deyil. ABŞ praktikada adətən sübut edilmiş, sistemli və bilərəkdən sanksiya pozuntusu olan hallara reaksiya verir. Digər tərəfdən, Vaşinqtonun bu cür siqnalları çox vaxt önləyici mesaj xarakteri daşıyır. Yəni məqsəd real cəza tətbiq etməkdən çox, şirkətləri və dövlətləri ehtiyatlı davranmağa məcbur etməkdir. Odur ki, Bakı üçün indiki halda sistemli sanksiya riski mövcud deyil, amma hansısa şirkət sanksiya altında olan şirkətlərə sanksiyadan yayınmaq üçün hansısa formada dəstək verəcəksə o zaman risklərlə üzləşmə ehtimalı var”.