Dekabrın 15-də Avropa Birliyinin Şurası Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
Bakupost.az xəbər verir ki, qadağalar kiberhücumlar, dezinformasiya fəaliyyəti və sanksiyalardan yayınma ilə əlaqəli olan 17 fiziki və 6 hüquqi şəxsə şamil olunub.
Avropa Birliyinin sanksiya siyahısına ilk dəfə olaraq ABŞ vətəndaşı Florida ştatında polis rəisinin keçmiş müavini Con Mark Duqan daxil edilib. Avropa Birliyinin sənədində qeyd olunur ki, o, 2016-cı ildə Rusiyaya köçüb.
2020-ci ildən etibarən Duqanın adı Rusiya dezinformasiyasının yayılması ilə bağlı beynəlxalq araşdırmalarda hallanır. O, istintaq materiallarına görə GRU ilə əlaqəli olduğu bildirilən “CopyCop” adlı saxta xəbər saytları şəbəkəsinin idarə olunmasında şübhəli bilinir.
Avropa Birliyi həmçinin Valday Diskussiya Klubunun ekspertlərinə qarşı da məhdudiyyətlər tətbiq edib. Andrey Suşentsov, Dmitri Suslov, Fyodor Lukyanov, İvan Timofeyev və Andrey Bıstritski sanksiya siyahısına daxil edilib.
Cavid, BakuPost