Ru
16:44 / 16 Noyabr 2026

Abxaziya və Cənubi Osetiya "qırmızı xətt" olaraq qalır: Moskva Tiflisə hansı şərtlərlə güzəştə gedər?

Abxaziya və Cənubi Osetiya "qırmızı xətt" olaraq qalır: Moskva Tiflisə hansı şərtlərlə güzəştə gedər?
Eye

Avropa İttifaqı ilə normal münasibətlərin qurulmasından əlini üzən Tiflis Moskva ilə əlaqələri bərpa etməyə çalışır. Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib ki, yaxın gələcəkdə Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə Rusiya nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş baş tuta bilər.

Gürcü nazir qeyd edib ki, tərəflər arasında müzakirələr formatın əhatə dairəsində olan bütün məsələlər ətrafında olacaq:
O, dəqiq tarix deməsə də, ilk görüşün "çox tezliklə, bəlkə də Tiflisdə və ya Moskvada deyil, başqa yerdə" baş tuta biləcəyini də vurğulayıb.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Bakupost”a bildirib ki, Tiflislə Moskva arasında gözlənilən təmaslar fonunda tam normallaşma baş verməsə də, hər halda bu istiqamətdə müəyyən addımlar atılır:

“Gürcüstan hökuməti çalışır ki, Rusiya ilə münasibətləri normallaşdırsın və itirilmiş torpaqlarını geri qaytarsın. Cənubi Qafqazda qalmaq üçün artıq Rusiyanın da Tiflislə yaxınlaşmaqdan başqa digər yolu yoxdur. Belədə, istər-istəməz Moskva Tiflislə münasibətləri normallaşdırmalıdır. Bu hər iki tərəfin maraqlarına uyğundur”.

Ekspertin sözlərinə görə, Moskva da münasibətlərin normallaşmasına meylli görünür:

“Rusiya Cənubi Qafqazda qalmağa çalışır. Onun Ermənistanla münasibətləri gərginləşir. Azərbaycan müstəqil siyasət yürüdür. Ona görə də Gürcüstandan bir vasitə kimi istifadə etmək istəyir. Gürcüstan həm də Rusiya malları üçün bir bazardır. Bütün bunlar onu göstərir ki, Rusiya da münasibətlərin normallaşmasına meyllidir”.

Müsahibimiz ilk görüşlə münasibətlərin birdən-birə normallaşacağını da düşünmür:

“Sadəcə olaraq, ilk görüşdə tərəflər münasibətlərin aydınlaşdırılmasına çalışacaq və əlaqələrin normallaşması üçün gələcəkdə hansı məsələlərin həll edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparacaqlar. Son nəticə olaraq Tiflislə Moskva arasında münasibətlərin normallaşmasına ümid edirəm”.

Həmsöhbətimiz hesab edir ki, Abxaziya və Cənubi Osetiya məsələsində Gürcüstana güzəştə getmək indiki məqamda Rusiya üçün çətindir:

“Rusiya çalışır ki, keçmiş sovet respublikalarını öz təsir dairəsində saxlasın. Bu mənada Abxaziya və Cənubi Osetiya məsələsi Gürcüstan kimi, Rusiya üçün də “qırmızı xətdir”.

Bununla belə, siyasi şərhçi hər halda Moskvanın bu məsələdə müəyyən güzəştlərə gedə biləcəyini də istisna etmədi:
“Bu güzəştlər isə həmin torpaqların Gürcüstanla federativ münasibətlərinin bərpası, yaxud da həmin ərazilərdə Rusiyanın özü üçün xüsusi status-kvo qazanması istiqamətində ola bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar