Ada ölkəsi İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı keçirilən referendum gözlənilməz nəticə ilə başa çatıb.
“Bakupost” xəbər verir ki, ötən bazar günü keçirilən referendumda səsvermə iştirakçılarının 52,8 faizi ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib.
Xarici mətbuat nəticəni təkcə İslandiya hökumətinin deyil, bütövlükdə Avropa İttifaqının məğlubiyyəti kimi qiymətləndirir.
Politoloq
Tofiq Abbasov “Bakupost”a bildirib ki, referendumun nəticəsi islandiyalıların ənənəvi həyat tərzini, iqtisadi siyasətini və geosiyasi mövqeyini dəyişmək istəməməsi ilə bağlıdır:
“İslandiya özünəməxsus ölkədir. Onun coğrafi xüsusiyyətləri, insanların temperamenti, dünyaya yanaşması və düşüncə tərzi fərqlidir. Adətən ada ölkələrində yaşayan insanlar müəyyən mənada təcrid olunmuş həyat tərzinə üstünlük verirlər. Buna Yaponiya və Yeni Zelandiyanı da misal göstərmək olar. Ada ölkələri coğrafi mövqelərinə görə bir sıra ixtilaflardan, qarşıdurmalardan və xarici təsirlərdən nisbətən uzaq qalırlar. Bu ölkələr özlərini dünyadan tam təcrid etməsələr də, daxili işlərinə müdaxiləyə qarşı daha həssas və ehtiyatlı siyasət yürüdürlər. İslandiya iqlim baxımından da fərqli ölkədir və bu xüsusiyyət insanların xarakterinə də təsir göstərib”.
Ekspertin sözlərinə görə, İslandiya tarixən müstəqil siyasi xətt yürütməyə çalışıb:
“İslandiyalılar Aİ daxilində gedən proseslərə həmişə maraq göstəriblər. Eyni zamanda, birlik daxilindəki ziddiyyətlərdən də xəbərdardırlar. Qurumda iki-üç dövlət özünü daha üstün mövqedə görür. Rəsmi Brüsselin üzv ölkələrin daxili həyatına dair yanaşmaları da birmənalı qarşılanmır. Qurum daxilində ayrıseçkilik elementləri var, zəif ölkələrə münasibət eyni deyil”.
T.Abbasov hesab edir ki, Böyük Britaniyanın Aİ-dən çıxması da islandiyalıların mövqeyinə müəyyən təsir göstərib:
“Bir sıra məsələlərdə rəsmi Brüssellə üzv ölkələrin paytaxtlarının yanaşmaları üst-üstə düşmür. İslandiyanın böyük balıqçılıq donanması var. Eyni zamanda, ölkə kit ovu ilə bağlı uzun illərdir özünəməxsus siyasət yürüdür. İslandiya Aİ-yə üzv olarsa, bu sahələrdə mövcud qaydalar və inkişaf modeli ilə Brüsselin tələbləri arasında ciddi fikir ayrılıqları yarana bilər”.
Rüfət Sultan
BakuPost