Xalq şairi, “Şərəf” ordenli Vahid Əziz ailələrin dağılmasının səbəblərindən danışıb.
"Bakupost" xəbər verir ki, şair bu barədə ASAN TV-yə müsahibəsində fikirlərini bölüşüb.
Vahid Əziz hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalıdırlar. Onun sözlərinə görə, qayınana və qayınataların ailənin daxili işlərinə müdaxiləsi münasibətlərə mənfi təsir göstərir:
“Mənə elə gəlir ki, evlənənlər ailədən uzaq olsunlar. Həm qız, həm oğlan ata-ana evindən nə qədər uzaq yaşasalar, ailələri bir o qədər möhkəm olar. Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalar, valideynlər olur. Hər işə qarışırlar. Cavan ailədir də... Uşaq yıxılır, baba-nənənin ürəyi yanır, ata-ananın vecinə deyil. Bir-iki dəfə, axırda deyir ki, bəsdir. Ailələrin möhkəm olması üçün ayrı qalsınlar.
Valideynlər ailənin daxili işinə az qarışsa, daha möhkəm olar. Atanı, ananı çox istəyirsənsə, evləndiyin qızın ata-anasını söymə. Öz doğmalarını çox istəyirsənsə, qızın da ailəsini təhqir etmə. Qız da öz valideynlərini çox istəyirsə, evləndiyi oğlanın qohumlarını lağa qoymasın”.