İrəvan Avropadan xoşagəlməz mesaj alıb. Özü də bu mesaj Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfəri ərəfəsində verilib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası Ermənistanla vizasız rejimi 2029-cu ildən tez tətbiq etməyəcək.
Bu mənada Brüsseldən gələn mesaj Moskva səfəri ərəfəsində Paşinyana vurulan ciddi siyasi zərbə kimi dəyərləndirilə bilər.
Siyasi şərhçi Rəşad Bayramov
“Bakupost”a bildirib ki, Brüssel həqiqətən də Paşinyanın 2029-cu il hədəfini təsdiqləməyib, amma onu rədd də etməyib:
“Avropa Komissiyası Ermənistana vizasız rejimin 2029-cu ildən tez olmayacağını deməyib. Komissiyanın sözçüsü sadəcə 2029-cu ilin real tarix olub-olmadığını proqnozlaşdırmağın hələ tez olduğunu bildirib”.
Ekspertin sözlərinə görə, məsələni yalnız siyasi jest kimi qiymətləndirmək düzgün deyil:
“Brüsselin əsas arqumenti ondan ibarətdir ki, vizasız rejim konkret siyasi tarixə deyil, Ermənistanın müəyyən edilmiş islahatları tam və praktiki şəkildə həyata keçirməsinə bağlıdır.
Ermənistanla vizasız rejim üzrə dialoq 2024-cü ilin sentyabrında başlayıb, 2025-ci ilin noyabrında isə Avropa Komissiyası İrəvana 74 meyardan ibarət Fəaliyyət Planı təqdim edib. Bu meyarlar sərhəd idarəçiliyi, miqrasiya və sığınacaq, sərhədlərin təhlükəsizliyi, hüquq-mühafizə, ictimai asayiş, fundamental hüquqlar və digər sahələri əhatə edir. Bu da o deməkdir ki, 2029-cu il hüquqi baxımdan zəmanət verilmiş tarix deyil, bu Paşinyan hökumətinin siyasi hədəfidir”.
Ekspertin fikrincə, burada digər səbəb Avropa İttifaqının miqrasiya və təhlükəsizlik məsələlərinə son illərdə daha həssas yanaşmasıdır:
“Ermənistan lazımi qanunvericiliyi qəbul etsə belə, Brüssel həmin qaydaların real həyatda necə tətbiq edildiyini görmək istəyəcək. Buna görə də Komissiyanın dəqiq tarix söyləməməsi əslində standart prosedur yanaşmadır”.
Bununla belə, həmsöhbətimizə görə, siyasi faktorun əhəmiyyətini də tamamilə istisna etmək olmaz:
“Ermənistan son dövrdə Avropa İttifaqına inteqrasiyanı sürətləndirir və hətta Aİ-yə üzvlük prosesinin başlanması barədə qanun qəbul edib. Moskva isə bu istiqaməti Rusiya-Ermənistan münasibətləri və Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı mövqeyi baxımından problemli hesab edir”.
R. Bayramov hesab edir ki, mövcud vəziyyətdə İrəvanın Moskva ilə müəyyən kompromislər tapması mümkündür:
“Lakin bu, heç bir halda Ermənistanın Avropadan üz döndərməsi kimi qəbul oluna bilməz. Paşinyanın Moskvaya gözlənilən səfərində də Rusiyanın bütün istəklərinə müsbət cavab verəcəyini gözləmirəm. Çünki bu Paşinyanın neçə illərdir müdafiə və təbliğ etdiyi siyasi kursdan imtina olar. Böyük ehtimalla Paşinyan həm Avropadan siyasi, iqtisadi və təhlükəsizlik dividendləri əldə etməyə, həm də Rusiya ilə ticarət, enerji, nəqliyyat və təhlükəsizlik əlaqələrini qorumağa çalışacaq. Əslində Paşinyanın başqa yolu da yoxdur. Rusiyadan müxtəlif istiqamətlərdə çox ciddi asılılıq var və Ermənistan hələ ki, bu istiqamətlərdə alternativlər formalaşdıra bilməyib. Moskva Ermənistan üçün hələ də böyük iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Paşinyan da bunları nəzərə alaraq Moskva ilə dialoqu davam etdirir”.
Bütün hallarda müsahibimiz Avropa Komissiyasının 2029-cu il məsələsində ehtiyatlı mövqe sərgiləməsinin İrəvanı dərhal Moskvanın orbitinə qaytaracağını düşünmür:
“Ümumiyyətlə isə qarşıdakı dövrdə əsas məsələ Ermənistanın “Avropa, yoxsa Rusiya” seçimi deyil, iki istiqamət arasında manevr imkanını nə qədər uzun müddət qoruyub saxlaya biləcəyidir”.
Rüfət Sultan,
BakuPost