Ru
15:41 / 03 Noyabr 2022

12 gün meşədə tək-tənha yaşadı - 3 yaş yarımlıq Karinanın dəhşətli hekayəsi - FOTO

7349

Aida Eyvazlı



“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı olduqca maraqlı bir əhvalatı qələmə alıb. Bəzən həyatda əsla inanılmayan hadisələr baş verir. Hər bir hadisəni yüzlərlə digər hadisə şərtləndirir. 3 yaş yarımlıq uşağın 12 gün meşədə - vəhşi heyvanların əhatəsində tək-tənha yaşaması, çəyirtkələrlə, giləmeyvələrlə qidalanıb sağ qalması və nəhayət xilasedicilər tərəfindən aşkar olunması hadisəsini sizlərə nəql edirik.




Bu ilin 26 dekabrında 12 yaşı tamam olacaq Karina balet məktəbində oxuyur, dərs əlaçısıdır. Onunla görüşəndə çalışdım, 8 il öncə yaşadığı inanılmazları yadına salmayım. Amma sən demə, qız o cəhənnəm əzablı 12 günü hələ də unutmayıbmış.


2014-cü ilin avqust ayının əvvəlinə kimi Yakutiyanın Olekminsk rayon mərkəzindən 100 kilometr məsafədə yerləşən Tayqanın ortasında bataqlıqlar və meşələrlə əhatə olunmuş Olom kəndi həqiqətən də kimsənin yadına düşmürdü. Bu kəndin yerli sakinlərinin əksəriyyəti iş və yeni həyat, yeni gün axtarışında kəndi tərk edib getmişdilər. Bir kənd qalmışdı, bir sobasından tüstü çıxmayan boşalmış taxta evlər, bir də ki, bu kəndə yaşayan 8 qoca. Onlar da Tanrının ümidinə qalıb ömürlərinin axırını gözləyirdilər.


Nə vaxtsa bu kənd çox böyük kənd olub. Dağılmış yurd yerləri, yol üstündə göyə işarə kimi ucalan tək-tək sərgələr də kəndin uzaq keçmişində burada çoxlu insanların yaşamasından xəbər verirdi. Elə ki qar əridi, yollar açıldı, yazdan payızın əvvəlinə qədər doğmaları gəlib bu qocaları yoxlayır, qış tədarükü üçün ərzaqlarını gətirirdilər.

Olomda nə tibb məntəqəsi, nə poçt, nə də rabitə qovşağı var idi. Kənddə yaşayan əli iş tutan yaşlılar da bir-iki baş mal-qaranın qayğısına qalırdılar. Çünki onların güzəranı bu heyvanlardan asılı idi. Dekabr ayının ortalarında isə torpaq və qar dondumu, şaxtalar çoxaldımı, kənd camaatı göldəki balıqları tutub, yaza qədər bu balıqla qidalanırdılar.

Ot biçini başladığından qocaları unutmayan gənc qohum-əqraba, oğul-uşaq, nəvə-nəticə gəlib ot biçinində iştirak edirdilər.

Talina da üç yaş yarımlıq qızı Karinanı hər il olduğu kimi, yenə nənə və babasının yanına yay tətilinə gətirmişdi. Qara gözləri butaya bənzəyən nəticəni nənə və baba həqiqətən çox sevirdilər. Talinanın babasının əli-ayağı iş tuturdu. Nənəsi isə elə ancaq yemək bişirib, həyət bacada gəzə bilirdi.

Həmin gün iyul ayının 29-da səhər yeməyini yeyib nəvə-bala birlikdə ot biçininə yollandılar. Talina bilirdi ki, yaxın kənddə yaşayan keçmiş əri gəlib qızını öz evinə aparacaq. Karinanın atası ilə görüşməyinə bu evdə kimsə maneçilik yaratmırdı. Günorta atası gəlib Karinayla görüşdü. Uşağı götürüb evinə aparmaq istəyəndə xəbər gəldi ki, yenə ətrafdakı meşələrdə güclü yay yanğını başlayıb. Bütün kəndlərdən kişilər səfərbər olub, meşəni söndürməyə getdilər. Alovu vaxtında söndürməsələr gəlib yaşayış evlərini də ağuşuna alacaqdı. Yüz illərdir ki, Tayqa meşələri belədir. İsti yayda yanğın başlayır, günahsız və dilsiz-ağızsız heyvanlar, boy-boy ağaclar yanıb külə dönür. Bəzən isə bu dəli yanğın alov-alov kəndlərə, mal tövlələrinə keçib, insanların illər boyu yığdığı, qurduğu təsərrüfatlarını, evlərini külə döndərir. Maraqlı orasıdır ki, təbii fəlakətlə üzləşən şaman inanclı Tayqa insanları təbiətin yanğın müharibəsinə, Tanrının Yerə göndərdiyi qəza kimi baxır, bunu qanunauyğunluq kimi qəbul edirlər. Nə Tanrıya, nə Tayqaya, nə də Günəşə asi olmurlar. Belə dəli alovların söndürülməsi bəzən 15 gün çəkir. Nikolay da kəndin adamlarına qoşulub yanğını söndürməyə getdi. Karina mətbəxə keçib nənəsindən şirniyyat almaq istədi. Nənə yenə pəncərənin altındakı taxçanın üstündə yumaq kimi büzülüb yatmışdı...




Karina “Karaçan” (balaca it balasına yakutlar “karaçan”deyirlər, küçük böyüyəndən sonra, ona ad verirlər.) -deyə çağırdığı küçüklə birlikdə darvazadan çıxıb cığırla kənddən üzü meşəliyə tərəf yol aldı... Karaçanla qaçdı-qovdu oynadı, çiçək yığdı, çəyirtkələrin çiçəkdən-çiçəyə, otların üstündə hoppanmasına baxdı... Kəndə qayıtmaq istəyəndə yolu tapmadı... Uzaqlarda tüstü görünürdü, qışqıran kişilərin səsi eşidilirdi... Meşə alov-alov yanırdı...

Səs gələn tərəfə gedirdi... Lakin yollar, çığırlar elə bil ki, ayaqlarına dolaşırdı. Bir tərəfdən də Karaçan zingildəyə-zingildəyə onun ayaqlarına dolaşırdı, sanki demək istəyirdi ki, gəl dalımca mən səni evimizə aparacam... Bir kolluğun yanında yorulub oturdu... Göydəki ulduzlar da o qədər yaxın idi ki... Uşaq bilmədi neyləsin... Həm susuzluqdan, həm də aclıqdan qarnında qurultular əmələ gəlmişdi. Ağlaya-ağlaya Karaçana sarıldı. Üşütməsi keçdi. Karaçanın bədənin istisinə isindi, gözünə yuxu getdi...

Səhər Günəşin şəfəqləri üzünə dəyəndə gözlərini açdı. İlk sözü ”Ana” oldu. Nə qədər çağırdısa, anası səsinə səs vermədi. Yenə üşüyürdü. Ətrafına baxdı, Karaçan gəlib, onun üz-gözünü yaladı... Bir qədər sonra küçük ağzında tutduğu çəyirtkəni onun qarşısına atdı. Balaca qızcığaz heç nə başa düşmədi. Küçük özü çəyirtkəni yeməyə başladı. Karina mat-mat küçüyə baxırdı...

...Olom kəndi yaxınlığındakı yanğını digər kəndlərin sakinləri və mərkəzdən gələn könüllülər birlikdə 3 gün ərzində söndürdülər. Səhər tezdən Karinanın atası Nikolay meşədən birbaşa qızının yanına gəldi. Evdəkilərdən Karinanı soruşanda, hər kəs təəccübünü gizlətmədi: “Məgər Karina səninlə getməyib ki?”- deyə soruşanda, ata: “Mən buradan birbaşa yanğını söndürməyə getdim. Karina nənəsi ilə evdə qaldı”,-deyə cavab verdi.


29 iyul 2014-cü ildə günortadan sonra kənddə balaca Karinanı görən olmamışdı. Qızın atası və qonşu kənddəki sakinlərin köməyi ilə Mərkəzə 3 yaşlı uşağın meşədə itməsi ilə bağlı xəbər göndərildi. Yönü-yöntəni, yolu-cığırı olmayan Olom kəndinə hər vaxt maşın sürmürdülər. Axtarışa könüllülər və qonşu kənd sakinləri də qoşuldular. Rayon mərkəzindən tibb personalı da daxil olmaqla, bir helikopterdə Xüsusi Təyinatlı Xilasedicilər də gəlib kəndin mərkəzində endilər. Xilasedici axtarış qrupu və axtarış itləri, könüllülər qızcığazı axtarmağa başladılar. Axtarış bir neçə gün idi ki, davam edirdi... Lakin bütün səylər boşa çıxırdı.

Bu yerlərin insanları belə hesab edirlər ki, Tanrının yaratdığı bütün canlıların ruhu var. Meşələri, ormanları isə İççi ruhu qoruyur. Bu ruhu ta qədimdən Aan Alaxçın Xatun adlandırırlar. İççi ev sahibinin ocağını, yurd yerini, meşələri, tarlaları, quşları və heyvanları qoruyan ruhdur.

Kənddə yaşayan qocalar Karinanın itdiyini bilən kimi evlərində şirin kökələr, qoğallar, peçenyelər bişiridilər, kəndin yaxınlığındakı ağacların altında ocaq qalayıb, ətrafına süd, kumıs, araq çilədilər. Ətrafdakı ruhları ət, xama, kumıs, spirtli içkilərə qonaq etdilər. Ev bişmişlərini ocağın kənarına qoyub, İççi Ruhdan uşağın sağ-salamat evə dönməsini təmin etmək üçün alqış etdilər. Sonda da hamısı birlikdə “Uruy!”, “Ayxal!”- dedilər.

Onlar hər bir ağacın canının olmasına, onları hiss etməsinə çox inanırlar. Və alqışlarının tezliklə Karina olan yerlərə çatıb, onu qoruyacağına inanırdılar. Aan Alaxçın Xatun harada olsa, balaca qızcığazı tapıb yedirəcəkdi. Hər biri Aan Alaxçın Xotunun ruhunu da köməyə çağırdılar:

“Yerin əzəlinin sahibi Aan Alaxçın Xatının ruhu,

Gəl, bizim tərəflərdə gəl, gülümsə!

Ağacların-otların ruhları,

Yaşıl otların ətəyindən axan sular,

Əl-ələ verən oğlanların,

Bəzəkli paltarlarda oynaşan qızların ruhu,

Gedin Karinanın hörüklərini dartın,

7 qız, 7 oğlan, bərli-bəzəkli balacalar,

Bizim qızın yanında olun!

Ona heyvanlardan, otlardan, Göy səmadan

Günəşdən, yağışdan, küləkdən

Xəta toxunmasın, onu öz balan kimi qoru Aan Alaxçın Xatın!”.



... Karina onsuz da say bilmədiyindən, günləri saya bilmirdi. Lakin hər gün bir qadın gəlib onu çağırır, ətrafdakı giləmeyvələri göstərirdi. O indi artıq Karaçan iti ilə birlikdə çəyirtkə yeməyi də öyrənmişdi. Lakin çəkmələri bataqlıqda batmışdı. Bataqlıq onu içərisinə çəkəndə küçük paltarını buraxmamışdı. Birtəhər canını bataqlıqdan çıxara bilmişdi. İndi sanki bataqlıqların, cığırların da dilini öyrənmişdi... Axşam Günəş batdımı, özü ağacların oyuğunda otları yığıb, özünə yatmağa yer düzəldirdi. Avqust ayında Tayqada axşamlar temperatur +10 dərəcəyə düşür. Üşüsə də, ancaq küçüyün bədəninin istisinə isinirdi. Balaca küçük də ondan uzağa getmirdi. Bu otları qırmağı da ona həmin qadın deyirdi.


Hərdən başının üstündən helokopterlər keçirdi. Əlini qaldırıb onlara əl etsə də, onu görmürdülər.




Fövqəladə Nazirliyin və Xüsusi Təyinatlıların axtarış qrupları ərazinin 30 kilometrdən çox hissəsini addım-addım axtarmışdılar. Hər kolun arxasına, yarğanlara, dərələrə baxmışdılar. Bataqlılqarı eşələmişdilər. Lakin qızın izinə-tozuna rast gəlmirdilər.

Möcüzə axtarışın 9-cu günü baş verdi. Kənddəkilər dedilər ki, Karinanın sevdiyi balaca iti kəndə qayıdıb. Bu həyətdə küçüyün varlığını ev sahibləri yalnız bu gün xatırladılar. Yəni bütün diqqət uşağın axtarışına yönəldiyindən, küçük kimsənin yadına düşmürdü. Küçüyün həyətdə olub-olmamasına kimsə əhəmiyyət belə verməmişdi. Həyətə yığışanlar yağışda-suda islanmış itin ac olduğunu, taqətdən düşdüyünü sezdilər.




İtin birdən-birə peyda olması xilasedici axtarış qrupunun ümidlərini artırdı. Xilasedicilər itin gəldiyi səmtdən axtarışı davam etdirməyə başladılar. Axtarış itlərinə küçüyün izini versələr də, axtarış itləri onun izini götürə bilmədilər. Sən demə axtarış itlərini küçüklərin izinə və iyinə öyrətmirlər ki, onlara həvalə edilən axtarışdan yayınmasınlar.

Helikopterdə olan xilasedici heyət aşağıda bir böyük qonur ayı və iki balasını da gördülər. Onlara ayılara atəş açmamaq tapşırığı verildi. Havaya atəş açmaqla ayıları ərazidən qovdular. Belə fikirləşdilər ki, ayı bu ərazidə qızcığaza rast gəlib və onu parçalayıb.

Daha iki gün keçdi. Axtarış qrupu Karinanın yaşadığı evin ətəyində axan çayın kənarındakı palçıqlıqda təxminən 15 sm uzunluqda uşaq izinə rast gəldilər. Bu yarıqurumuş palçıqdakı iz birmənalı şəkildə Karinaın ayaq izləri idi. Lakin çayın o biri üzündə izə rast gəlmək olmadı. İz yenə də itdi.




Balaca qızcığazın hələ də sağ olmasını güman edən xilasedicilərdən biri kolluqların, qamışlıqların ətrafını axtarırdı. Qamışlığın və sıx otluğun yanından ötərkən gözünə oradan uzanan bir əl sataşdı. Axtarışda könüllü kimi iştirak edən Artyom Borisov özünü itirmədi. Balaca qızcığaz qamışların içərisində sakitcə oturmuşdu. Böcəklərin-həşəratların dişdədiyi əlləri, ayaqları və sifəti yara tökmüşdü. Onun qorxduğu gözlərindən və baxışlarından məlum idi. Uşaq özü su istədi. Artyom dərhal onu qucağına götürdü... Uşaq qov kimi yüngül idi... Heç elə bil ki, çəkisi yox idi. Artyom axtarış heyətini köməyə çağırdı. Qızcığaz su və yemək istədi. Artyom uşağı qollarının arasında tutub ağlayırdı...

Axtarış xilasedici qrupun üzvləri özlərini yetirdilər, həm sevindilər, həm də Artyom kimi ağlaşdılar. Bu bir möcüzə idi. 12 gündən sonra, 9 avqust 2014-cü ildə 3 yaş yarımlıq uşaq sağ-salamat tapılmışdı. Düz 12 gün idi ki, bu uşaq təkbaşına ucsuz-bucaqsız Tayqa meşəsində tək dolanmışdı...

Karinaya əvvəlcə isti çay verdilər. Sonra təxlyə edib, Olom kəndinə gətirdilər. Karina Karaçanı görəndə dedi: “Mən meşədə Karacan ilə gəzirdim... O məni qucaqlamışdı ki, üşüməyim... O məni qoruyurdu...”.

Elə həmin günü hələ 4 yaşı tamam olmayan Karina Çikitovanı anası ilə birlikdə helikopterdə Yakutsk Mərkəzi Şəhər xəstəxanasına apardılar. Ana və uşaq bir neçə həftə reablitasiya şöbəsində saxlandılar. 12 gün ağacların, otların, yağışın altında qalan balaca qızcığaz sətəlcəm olmuşdu. Öz çəkisini üç dəfədən çox itirmişdi. Ümumi zəifliyi var idi. Bir neçə həftəlik reabilitasiyadan sonra Karina Çikitova anası ilə birlikdə yenidən Kayaçıdakı evlərinə qayıtdılar.




Az müddət keçəndən sonra isə, yakutiyalı yazıçı Viktorya Qabışeva “12 gün Tayqadakı Karina” adlı sənədli povestini qələmə aldı.

O, Karinanı danışdırmağa cəhd etsə də, Karina bu söhbətlərə qayıtmaq istəmirdi. Təkcə onu deyirdi ki, meşədə bir nənə daima onu qoruyur, giləmeyvələrin yerini göstərir, otları qırıb yataq düzəltməyi öyrədirdi. Bir də ki, su istəyəndə ona su verirdi... Və bir də ki, Karaçan ondan ayrılmırdı...”.

Sənədli povest işıq üzü görəndən sonra Yakutiya Fondunun sədri Albina Çerepanovanın nəvəsi Nikolay da bu kitabı oxuyur. Nənəsinə Karina ilə tanış olmaq istədiyini bildirir. Bir nənə üçün ən gözəl arzu nəvəsini sevindirməkdir. Ölkədə böyük hörmətə malik olan işgüzar xanım Albina Çerepanova Viktoriya Qabışevanın köməkliyi ilə Çikitovlar ailəsini tapır. Təsadüfən həmin vaxt Talina qızını təkrar müayinəyə gətiribmiş. Albina xanım ailə ilə tanış olan kimi uşağın sağlamlığının zəif olduğunu görüb, onu əvvəlcə sanatoriyaya yazdırır. Sanatoriyada sağlamlığı nisbətən bərpa edilir. Həkimlər belə məsləhət görürlər ki, uşaq tez-tez həkim nəzarəti altında olmalıdır.

Albina Çerepanova belə qərara gəlir ki, bu qızı əgər Tanrı Tayqa meşələrində qoruyub saxlayıbsa, o da uşağa sahib çıxıb, himayədarlıq etməlidir. Özünün xeyriyyəçilyi, himayədarlığı ilə obasına-elinə kömək edən xanım Albina, uşağı öz evinə gətirir. Anası Talina üçünsə Okleminsk şəhərində iş yeri tapır.

Albina Çerepanova Karinanı Yakutsk şəhərindəki Yakut Xoreoqrafiya məktəbinin balet sinfininə yazdırır. Bu ilin 26 dekabrında 12 yaşı tamam olacaq Karina balet məktəbində də, dərslərində də əlaçıdır. Bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

2016-cı ildə Yakutsk şəhərinin Platon Oyunski adına Hava limanında heykəltəraş Nikolay Çoççasov Karinanın əhvalatını yaşatmaq, Tayqanın və yakutların ruhunun necə güclü olduğunu dünyaya çatdırmaq üçün bürüncdən “Qızcığaz və it” heykəlini ucaltdı. Yakutiya Hava limanına enən və buradan yola düşən bütün qonaqlar simvolik olaraq “Qızcığaz və it” heykəlinin yanında xatirə fotosu çəkdirirlər.


Karinanı vahiməli Tayqada heyvanlardan, həşəratlardan qoruyan balaca küçüyə Karina sonradan “Nayda” adı verib. O yenə də tətil günlərində Okleminsk şəhərində yaşayan anasını və qardaşını, həm də Naydanı görməyə gedir. Kənddəki evdə onun gəlişinə ən çox sevinən isə Nayda olur. Saxa yakutları əbəs yerə deyil ki, belə bir söz işlədirlər: Mələklərin hər zaman qanadı olmur, onlar bəzən yumşaq, isti tüklü və quyruqlu da olurlar”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər