Ru
13:47 / 06 Dekabr 2021

15 nəfəri mühasirədən çıxaran qazimiz: “Çənə sümüyümü yerdə görəndə şok keçirdim” - MÜSAHİBƏ - FOTO

73197
Biz 30 illik həsrətimizə son qoyaq və o torpaqlarımıza ayaq basaq deyə bəzi oğullarımız ayağından, qolundan, əlindən, gözündən oldu, can qoydu, qan tökdülər. Zəfər tarixini yazan belə igid oğullarımızdan biri də kapitan qazi Emil Begiyevdir.

Emil Begiyev Bakupost.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Arayış: Emil Begiyev Etibar oğlu 10 dekabr 1988-ci ildə Lənkəran şəhər Mamusta kəndində anadan olub. Orta məktəbə Moskva şəhərində başlayıb. Daha sonra orta təhsilini Lənkəran şəhər Vel kənd tam orta məktəbinin rus bölməsində, 8-ci sinifdən sonra isə Mamusta kənd orta məktəbində davam etdirib. 2004-2007-ci illərdə Cəmşid Naxçıvaniski adına hərbi liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin motoatıcı tağım komandiri ixtisasını bitirib. 2011-2012-ci illərdə (zabit ixtisaslaşma kursu) Təlim Tədris Mərkəzini bitirib. 2012-ci ildə Müdafiə Nazirliyinin müvafiq təyinatına uyğun olaraq N saylı hərbi hissəyə mexanikləşdirilmiş tağım komandiri vəzifəsinə təyin olunub. 2016-cı il 29-30 mart tarixində düşmən tərəfindən hücum əməliyyatının qarşısını almaq üçün müzəffər ordumuzun əks hücum əməliyyatı nəticəsində Aprel döyüşlərinin iştirakçısı olub. 2016-cı ildə motoatıcı bölük komandiri kursunu keçəndən sonra N saylı hərbi hissəyə Qərargah Təchizat Bölük komandiri vəzifəsində xidmət edib. Ratasiya ilə əlaqədar olaraq N saylı hərbi hissələrdə də çalışıb. Həmçinin 2020-ci ildə N saylı hərbi hissədə İdarə heyətinin zabiti, döyüş hazırlığı üzrə köməkçi vəzifəsinə təyin olunub.



- Emil bəy, döyüşün başlanma anını necə xatırlayırsız?

-27 sentyabr səhər 06:00 radələrində düşmən təxribatının qarşısını almaq məqsədilə müzəffər ordumuz əks hücum əməliyyatına başladı. Məqsəd cəbhə boyu düşmənin əsas strateji mövqelərini ələ keçirmək və düşmənin müdafiə xəttini yarmaq idi. Hərbi hissə komandirinin əmri ilə biz URAL tipli texnika vasitəsilə “A” nöqtəsindən “B” nöqtəsinə gəldik və istiqamət Cəbrayıla doğru idi. Xudafərin körpüsü isə bizim getdiyimiz yolun sol tərəfində qalırdı. Həmin vaxt Döyüş Hazırlığı Bölmə rəisinin köməkçisi vəzifəsində olduğum üçün şəxsi heyətim və bölməm yox idi. Lakin kəşfiyyat qrupları ilə döyüşə girmişdim. Daha sonra Lələtəpədən döyüşə girdik və istiqamət Füzuli-Xocavənd oldu.

- Füzuli istiqamətində gedən döyüşlərə nə vaxt başladınız?

- Füzuli istiqamətində gedən döyüşlər səhər saat 07:00 radələrində başladı. Döyüş texnikalarımız, tanklarımız, piyada döyüş maşınları və şəxsi heyət irəli komandası ilə hərəkətə keçdi. Bununla da əsas strateji mövqelər alındı və biz yerimizi tutub növbəti hərəkətə başlamaq üçün planlaşdırma apardıq. Füzuli döyüşləri başlayanda ilk olaraq 2016-cı il Aprel döyüşləri gözümün qabağına gəldi və müharibənin başladığını bir daha dərk etdim. O an stress, qorxu demək olar ki, uzaqlaşmışdı. Minomyot atəşlərinin səsinə də alışmışdım. Eyni zamanda döyüş təcrübəm olduğu üçün minomyot qəlpələri şəxsi heyətə dəyməsin deyə onları necə və harda gizlətmək lazım olduğunu bilirdim. Bir məqamı da qeyd edim ki, Füzulidə döyüşə girəndə əsgərlərimizin gözünə baxdım və onların necə sevinc içində döyüşə girirdiklərini gördüm. Bilirdilər ki, ya şəhid, ya da qazi olacaqlar, hətta qarşıda minalanmış ərazilər var idi. Bütün bunları nəzərə alaraq əsgərlər böyük qürur hissi ilə dayanmadan irəli gedirdilər. Bu mənzərə heç vaxt yadımdan çıxmayacaq.



-Döyüşə girərkən ağlınıza nələr gəlirdi, qələbə qazanacağımıza inanırdınız?

-Döyüşə girərkən peşəkar zabit kimi soyuqqanlı, düşmənə nifrət, Xocalı faciəsi, Aprel döyüşündə şəhid olan zabit yoldaşlarımın qisasını almaq və əlbəttə ki, 30 il həsrətində qaldığımız torpaqları geri qaytarmaq eşqi ilə döyüşlərə qatıldım. Yəni, ən uca zirvə şəhidlik olsa da, açıq deyirəm, mənim fikrimdə ölmək, yox öldürmək var idi. Bütün şəxsi heyət müzəffər ordumuzun qələbəsinə əsla şübhə etmirdi. Ən azı biz Aprel döyüşlərini yada salmalıyıq ki, qısa müddət ərzində cənab Ali Baş Komandanın rəhbərliyi altında 4 günə bir neçə yüksəklik və 2000 hektara yaxın ərazini düşməndən azad etmişdik. Ona görə də ordumuzun gücünü bilirdik və Qələbəyə ürəkdən inanırdıq. “Təlimdə tər, döyüşdə zəfər” deyimi 44 günlük Vətən Müharibəsində öz əksini tapdı.

Fəxr hissi ilə deyə bilərəm ki, Müzəffər Azərbaycan Ordusunun zabiti, Cənab Ali Baş Komandanın sadiq əsgəriyəm. Çünki 30 ildən sonra Cənab Ali Baş Komandanın rəhbərliyi altında biz oğullar yeni bir tarix yazdıq. O tarix ki, gələcək nəsillərimiz, uşaqlarımız, nəvələrimiz Zəfəri kimlərin xalqımıza bəxş etdiyini biləcəklər və bunu yaşadacaqlar.

- Döyüş yoldaşlarınız neçə nəfər idi və neçəsi şəhid oldu?

- Kəşfiyyat rəisinin rəğbətini qazandığım üçün ondan xahiş etdim ki, məni də kəşfiyyatçılarla döyüşə salsın. Beləliklə kəşfiyyatçılarla döyüşə girdik və üç qrupa ayrıldıq. Həmin qrupların hər birində 20 nəfər şəxsi heyət olmaqla döyüşə başladıq. Sentyabrın 29-u gecədən başlayaraq 30-u səhər düşmənin minomyot atışları daha da şiddətlənməyə başladı. 30-u səhər bildim ki, düşmən bizi mühasirəyə alıb. Həmin şiddətli gedən döyüşlərdə tank əleyhinə idarə olunan raketlə kəşfiyyat rəisimiz vuruldu, daha sonra polkovnik leytenant Qəmbərov Mehman şəhid oldu. Mən ratsiya ilə komandirə bildirdim ki, bizim döyüşmək üçün qüvvəmiz azalıb, o bildirdi ki, artıq qüvvə göndərib və bir azdan çatacaqlar. Daha sonra komandir şəxsi heyəti mühasirədən çıxarmğımı əmr etdi. Əlbəttə, güllə yağışı altından keçmək çox böyük cəsarət tələb edirdi. Həmin an bilirsən ki, ya şəhid olacaqsan, ya da şəxsi heyəti buradan çıxarmalısan. Orada bir pəncərə vardı və mən oradan çıxarkən düşmənləri görüb intensiv onların atıb qaçdıqları silah ilə atəş açmağa başladım. Bu anda düşmənin bir neçə heyət üzvünü məhv elədim. Elə həmin an başladım 15 nəfər şəxsi heyəti oradan çıxarmağa. Səngərlərlə hərəkət etməyə başlayanda ayaqlarım bir anda tutuldu. Düşünürəm ki, düşmən snayperi məni izləyirmiş və bir neçə dəqiqə sonra başımı qaldıran kimi snayper gülləsinə tuş gəldim. Mənim kəşfiyyat qrupumda şəxsi heyətin heç biri şəhid olmayıb. Eyni zamanda digər döyüşlərdə də heç bir döyüş yoldaşlarım şəhid olmayıb, lakin yaralananlar olub. Bu gün fəxr edirəm ki, həmin şəxsi heyəti mühasirədən sağ-salamat çıxarda bilmişəm. Heç istəmirdim mənim tabeçiliyimdə olan şəxsi heyətdən kimsə şəhid olsun. Çünki biz şəhid analarının göz yaşını görəndə içimizdə çox ağır hisslər yaşayırıq. Bəli, müharibə şəhidsiz mümkün deyil. Lakin oğlu döyüşdən sağ-salamat çıxan bir ana üçün çox böyük bir sevincdir. Peşəkar zabit kimi bilirəm ki, hamımız bu dünyadan köçəcəyik. Lakin vicdanım çox rahatdır. Ona görə ki, rəhbəri olduğum 15 nəfərlik şəxsi heyətin burnu belə qanamadan mühasirədən çıxara bildim.



- Hansı istiqamətdə gedən döyüşlər çox çətin oldu?

- Ən ağır döyüşlər Füzuli və Cəbrayıl uğrunda olub. Düzdür, mən döyüşlərdə ayın 27-dən 30 kimi iştirak edə bildim. Çünki daha sonra düşmənin snayper atəşinə tuş gəldim və ağır yaralandım. Lakin bildirmək istəyirəm ki, Füzuli istiqamətində, yəni Cəbrayılın girişində olan döyüşlər çox ağır oldu. Həmin vaxt mühasirəyə düşmüşdük və bir anda beyinə siqnal gedir ki, vəssalam, bu həyatla vidalaşmalı olacaqsan. İstər-istəməz hər şey gözünün qabağına gəlir. Amma bilirsən ki, doğma torpağının azadlığı üçün sən şəhid olacaqsan və bu hissləri izah etmək bir qədər çətindir. Nə qədər şiddətli döyüşlər getsə də, bizim müzəffər ordumuz hər zaman bir addım öndə idi. Bu da əsgər- zabitlərimizin içində olan Vətən sevgisindən, döyüş hazırlığımızın və ən əsası döyüş texnikalarımızın yüksək səviyyədə olmasından irəli gəlirdi. 44 günlük Vətən Müharibəsində biz düşmənə sübut etdik ki, Azərbaycan ordusu nəyə qadirdir və düşmənə öz yerini göstərdik.

- Bəs hansı şəraitdə yaralandınız?

- 15 nəfər şəxsi heyəti mühasirədən çıxardandan sonra düşmənin öz silahı ilə dağdan sürünərək enən düşmən əsgələrini vurdum. Əgər boş ərazidə getsəydim şəhid ola bilərdim. Lakin alternativ yol seçdim və onların səngərləri ilə hərəkət etməyə başladım. Səngərləri demək olar ki, çox dayaz idi və sürünmək isə çox çətin idi. Başladım hərəkət etməyə birdən ayaqlarım tutuldu, bir anlıq başımı qaldırdım elə həmin an snayper gülləsinə tuş gələrək çənə nahiyəsindən ağır yaralandım. Bu zərbəni sizə yalnız belə izah edə bilərəm ki, təsəvvür edin boks meydanında “nakaut” etmək üçün zərbə vururlar və insan həmin an ölə də bilir. Bu güllənin zərbəsi də elə oldu ki, sanki kimsə “kuvaltla” sənin çənənə zərbə endirir. O güllə çənəmə dəyəndə gözlərim qaçdı və nə baş verdiyini anlamadım. Elə bilirdim ki, güllə mənim baş nahiyəmdən dəyib. Həmin an ailəm, uşaqlarım gözlərimin qabağına gəldi. Ondan sonra bir neçə dəqiqə huşumu itirmişəm. Ayılanda gördüm ki, boğuluram . Sonra gözlərimi açanda ağzımda olan dişlərimin yerdə, üz-gözümün, ağzımın qan içində olduğunu gördüm. Demək olar ki, üzümün bir tərəfi yox vəziyyətində idi. Hətta çənə sümüyümün yerdə olduğunu görəndə şok keçirdim. Çünki güllə çənəmi , dişlərimi sındırıb, dilimi iki para etmişdi. Bircə qabaq dişlərimin azca olduğunu və sanki “drel” ilə kimsə deşirmiş kimi beynimdə səslər vardı. Bugünkü gündə də o səslər mənimlə bərabərdir. Hətta ağzımın içində olan gülləni bilmədən necə oldusa odmuşam. Kömək üçün qışqırmaq istədim, amma gördüm ki, qışqıra bilmirəm. Həmin vaxt əlimi qaldıranda bizim kəşfiyyatçılar görüb və məni atəş zonasından çıxartdılar. İki kəşfiyyatçımız məni daşıyırdı. O dağ-təpən aşmaq həqiqətən çox əziyyətlidir. Hətta məni daşıyarkən bilmədən minalanmış əraziyə girdik. Orada bizdən 15-20 metr məsafədə bir piyadanın döyüş maşını və içində də insan yanırdı. Qapılar açıq olduğu üçün açıq-aydın görmək olurdu. Onu çıxartmaq isə qeyri-mümkün idi. Çünki insan ölmüşdü və bədəni yanmışdı. Daha sonra kəşfiyyatçılarla birlikdə Füzulinin dörd yol deyilən yerinə çatdıq. Orada yaralıları daşıyan maşınlar hər dəqiqə hərəkət edirdilər. Bir anlıq göyə baxıb dedim ki, heyf, Emil sən ölməyə yox öldürməyə gəlmişdirn. Çox təəssüf qısa oldu. Belə ölməməliydin, sən səngərdə şəhid olmalıydın dedim. Çünki mən döyüşmək istəyirdim. Yaralananda ikinci dəfə çox dəhşətli dərəcədə döyüşmək hissi gəlir insana. Bir anlıq ya Allah demişdim ki, zirehli texnika gəldi və onun içində bir şəhid də var idi. Daha sonra məni apardılar Əhmədbəyli hospitalına orada gördülər ki, vəziyyətim heç də yaxşı deyil. Hətta tibb bacıları məni görəndə özlərini itirdilər. Çünki üzümün bir tərəfi yox idi. Oradan Ağcabədi hospitalına, daha sonra gecə ilə Bakıya Hərbi Hospitala gətirdilər. Gecə 3-4 radələrində əməliyyata saldılar. Ondan sonra üç dəfə ağır əməliyyat keçirtdim. Amma orada yatanda lal olmağın nə olduğunu anladım və o insanları dərindən anlaya bildim. Lakin vərəqdə həkimə yazdım ki, çənəm, dişim olmasa da olar, amma bircə danışa bilim. Həkim baxıb gülümsədi və dedi ki, narahat olma inşallah danışarsan.



- İndi döyüş yoldaşlarınızdan kimləri xatırlayırsız, hansı hadisələri düşünürsüz?

-Füzuli döyüşlərinin ilk günündə hərəkətə keçən texnikaların bölmə komandirlərindən biri Qusardan olan kapitan Bağıyev Bağını gördüm. O, bilirdi ki, şəhid olmağa doğru gedir və bu onun gözlərində əks olunmuşdu. Bəlkə, inanmazsız, amma onun gözlərində çox qəribə bir parıltı var idi. Yəni demək istəyirdi ki, Emil, mən gedirəm və bir daha sağ dönməyəcəm. Onun gözlərdə oxuduğum sözləri heç vaxt unuda bilmərəm. O insanla rastlaşmağım mənə çox təsir etdi. Daha sonra minomyot bir əsgərin qolunu kəsmişdi və əsgər həmin vəziyyətdə mənim üstümə gəlirdi. Düzdür, mən özümü o anda itirmədim, dərhal ağrıkəsicini vurdum və ətrafımda olan əsgərlər onun qolunu sarıdılar. Sonra əsgər mənə baxıb dedi ki, komandir, mənim qolum düzələck? Ona cavab verə bilmədiyim üçün çox ağır oldu. Bununla da bitmədi sonra eşitdim ki, zabit yoldaşım - polkovnik leytenant Qəmbərov Nemanı vurublar. Hansı ki, mənim komandirim olmuşdu. Ratsiya deyəndə ki, Qəmbərov Neman şəhid oldu, o anlar mənə elə pis təsir etdi ki, sözlə ifadə edə bilmirəm. Bir tərəfdən fikirləşirsən ki, belə olmamalıydı, bu insan yaşamalı idi, lakin daha sonra anlayırsan ki, o şəhidlik zirvəsinə ucalıb. Belə olanda düşmənə olan nifrət, qisas hissi qat-qat artırdı. İnsanın ürəyindən çox şey asılıdır. Biz döyüşdə bir addım belə geri çəkilməmək prinsipi ilə yaşayırdıq.

-Hazırda səhhətiniz və sosial vəziyyətiniz necədir?

-Bu gün səhhətimlə bağlı problemlərin həll olunması zaman tələb edən bir vəziyyətdir. İnşallah, tezliklə mən də cəmiyyətə öyrəşəcəm. Aldığım kəllə-beyin travmasına görə fikrimi cəmləşdirməkdə çətinlik çəkirəm. Boyun ağrısı, qullağın zingilltisi, ayağımı yerə qoyanda sanki iynə batırmış kimi hisslər var. Çənəmlə bağlı yenidən əməliyyat olunmalıyam. İstəyirəm bu müalicəmi tam bitirəndən sonra Yaşat Fonduna bununla bağlı müraciət edim. Çox sağ olsun Yaşat Fondu 10 min manat kreditim var idi, tam olaraq kreditimi bağladılar. Bugünkü gündə də deyirlər ki, nə probleminiz varsa müraciət edin və bildirin. Lakin bu müalicəmi bitirəndən sonra nəticə nə göstərərsə, ondan sonra 4-cü əməliyyata girəcəm. Çünki bugünkü gündə mənim çənəm dəmirdəndir. O dəmir ki, iki şrupun üzərində bağlanıb. Biri çənəmin yuxarı, digəri isə çənəmin aşağı nahiyəsindədir. Yuxarıdakı şurup yerindədir, lakin aşağıdakı şurup çıxıb. Mənə təcilli olaraq əməliyyat tövsiyə edirlər. Amma mən bugünkü gündə narkoz qəbul etməmək üçün hələ ki müalicəmi bitirib ondan sonra əməliyyat üçün müraciət edəcəm. Çünki narkoz mənə çox pis təsir edir. Müharibədən sonra əsəb sistemim və psixologiyamda da problemlər yaranıb. Amma bunlar zamanla öz yerini tutacaq. Mən cənab Ali Baş Komandana, Mehriban xanım Əliyevaya və Yaşat Fonduna öz dərin təşəkkürümü bildirirəm. Bugünkü gündə bizim qayğımıza qalırlar və nə lazımdırsa bircə müraciətlə operativ şəkildə həll edirlər.

-Döyüşdən sonra hansı medallarla təltif olunmusuz?

-Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla “Cəsur Döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.



-Gənc hərbçilərimizə və gənc nəslə tövsiyəniz…

-Gənclərə tövsiyəm odur ki, biz tarix yazdıq, onlar da bu tarixi yaşatsınlar və heç vaxt şəhidlərimizi, milli qəhrəmanlarımızı unutmasınlar. Azərbaycanın bütün bölgələrindən şəhidlərimiz oldu. Azərbaycanda yaşayan bütün xalqlar - talış, ləzgi, avar, tat, udin və digər bütün xalqlar bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşmişdi. Hər bir kənd, qəsəbə, rayon bu gün, sabah və gələcəkdə də öz şəhidlərini tanımalıdır. Vətən müharibəsində biz müqəddəs borcumuzu yerinə yetirdik və düşmənə sübut etdik ki, Azərbaycan hansı gücə qadirdir. Tarix yazdıq, gənclərimiz də o tarixi əbədi qorusunlar və öyrənsinlər. Əlbəttə, bir il öncə kursda olan zabit yoldaşlarımızla danışırdıq, amma indi onlar yuxdular. Ali Hərbi Məktəbin 2011-ci il buraxılışında olan 16 zabit yoldaşlarım bu gün artıq əbədiyyətə qovuşublar. Onlar Azərbaycan Ali Hərbi Məktəbinin 2011-cil buraxılış şəhidləri Kapitan Şirəliyev Niyət, Kapitan Meydanov Elməddin, Kapitan Nəcəfov İlkin, Kapitan Tağıyev Elçin, Kapitan Cəfərli Həmid, Kapitan Müsibov Veysəl,Kapitan Qurbaov İmran, Kapitan Qəhrəmanov Ruslan, Kapitan Səmədov İsmayıl, Kapitan Pənahov Əkbər, Baş Leytenant Haşımlı Tural, Baş Leytenant Həsənov Ziya, Baş Leytenant Rəşidzadə Səid, Leytenant Əzizov Səbuhi, Leytenant Zeynalov Bəhruz, Leytenant Əsgərov Turan olub.

Bəziləri Aprel döyüşlərində, digər bir hissəsi isə Vətən Müharibəsində şəhidlik zirvəsinə ucaldılar. Amma bu gün şəhidlərimizin ruhu şaddır ki, onların davamçıları, nəsilləri o torpaqlarda rahat gəzəcəklər. İndi hamımız şəhidlərimizn ailələrini və onların ana-atalarını daim yad etməli və heç vaxt şəhid qardaşlarımızı unutdurmamalıyıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazi qardaşlarımıza isə öz sağlamlıqlarına qovuşmalarını arzulayıram!



Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər