Ceyhun Musaoğlu
Bu gün dövlətimizin, xalqımızın gözəl günüdür. O mərəzdən nitqini belə, itirən qardaşımın düçar olduğu ağır xəstəliyin ona zülm etdiyi son 20 gündə dilində "rəsmi" sözü bitmişdi. Eləcə deyirdi: "rəsmi, rəsmi..." Özü də rəsmi vəzifədə çalışırdı, yüksək səviyyədə işi-gücü vardı. Düşünürdük, yəqin o "rəsmi" sözü işinə uyğun yaddaşında qalan az sözlərdən biridir.
Bir il öncə 28 may tarixində dünyasını dəyişəndə anladıq ki, elə bizi tərk edib getdiyi günü deyirmiş. O dəhşətli günü insan öncədən bilə bilirmiş, bu barədə kitablardan oxuduğumuz xeyli qənaətlər var. 28 may tarixində o dünyaya qovuşdu, 01 iyun tarixində - Uşaqların Müdafiə Günündə 3 mərasimi keçirdik. Hər iki gün rəsmi gün hesab olunur.
O rəsmi gündən bu gün 1 il keçdi, qardaşım Elnurun il mərasimi oldu.
28 may şəxsi faciəmizin günü olsa da, bayram əhvallı ovqatımız bizi əbədi tərk etsə də bu günə Müstəqillik Günü kimi xələl gəlməsinə, bu gündən inciməyimizə, bu günün həyatımıza qara hərflə yazılmasına ailəmiz olaraq imkan verə bilmərik.
28 may Musayevlər ailəsinin ömrünə yazılan qara gün olsa da, Musayevlər ailəsinin həyatına yazılan qara gün deyil. Ömür bizim, həyat vətənindir. Vətən ucalardan ucadır. 28 may günündən incisək, "rəsmi" sözü dilinin son sözü olan Elnur qardaşımın xətrinə dəyər. Elnur Vətəni və Dövləti özündən çox istəyirdi, özündən çox istəyir.
Ey 28 may, ailəmin qara günü, aləmin ağ günüsən. Elnur aləmin aləm övladı idi, övladıdır. O 28 mayın rəsmi gün olduğunu qeyri-ixtiyari öncədən söyləməklə 28 mayın müqəddəs gün olduğunu son dəfə xatırlatdı.
28 may, səni kədərlə qarşılamağa məcbur olduğuna görə ailəmi bağışla. Sən müqəddəs günsən, bizi anlayacağına inanıram. Sənə sığınıram, səndən təsəlli tapıram dövlətimin müstəqilliyi.