Ru
17:44 / 23 Noyabr 2026

Adanın ölümünə Çin avtomobili səbəb olub? - DETALLAR

Adanın ölümünə Çin avtomobili səbəb olub?  - DETALLAR
Eye

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. O, doğum gününü yaxınları ilə birlikdə qeyd etdikdən sonra evə qayıdarkən Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəzaya düşüb. FHN-in məlumatına görə, "VOYAH" markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Ada Süleyman və avtomobilin sürücüsü Anar Kərimov həyatını itirib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bununla belə, qəza sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bəziləri hadisənin faciə ilə nəticələnməsini avtomobilin Çin istehsalı olması ilə əlaqələndirir. Digərləri isə sürücünün içkili olması və başqa ehtimallar üzərində dayanırlar. Ağırtonnajlı yük avtomobillərinin arxa hissəsində quraşdırılan və toqquşma zamanı minik avtomobilinin yük maşınının altına girməsinin qarşısını almaq üçün nəzərdə tutulan qoruyucu baryerin olmaması da müzakirə məsələlərindəndir.

Hadisə ilə bağlı "Bakupost"a nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, bu ağır yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, avtomobilin təhlükəsizliyi yalnız onun istehsal olunduğu ölkə, markası, qiyməti və müasir texnologiyalarla təchiz edilməsi ilə ölçülmür:


"Belə qəzalar yol hərəkətində ən təhlükəli toqquşma növlərindən hesab olunur. Çünki minik avtomobili yük avtomobilinin arxa hissəsinə daxil olduqda zərbə adi avtomobillərarası toqquşmadan fərqli xarakter daşıyır. Burada əsas təhlükə minik avtomobilinin ön hissəsinin yük avtomobilinin altına keçməsi və zərbənin birbaşa sərnişin salonunun yuxarı hissəsinə, ön şüşəyə, dam dayaqlarına və avtomobildə əyləşən insanların baş və döş qəfəsi nahiyəsinə təsir etməsidir. Belə vəziyyətlərdə avtomobilin ön hissəsində yerləşən və zərbə enerjisini udmaq üçün nəzərdə tutulan deformasiya zonaları tam effektiv işləməyə bilər. Nəticədə sərnişin salonunun bütövlüyü ciddi şəkildə pozula və insanların sağ qalması üçün nəzərdə tutulan təhlükəsizlik sahəsi darala bilər. Bu tip hadisələrdə hətta təhlükəsizlik kəməri və hava yastıqları da insanların həyatını qorumaq üçün kifayət etməyə bilər. Lakin bu, həmin sistemlərin əhəmiyyətsiz olması demək deyil. Əksinə, təhlükəsizlik kəməri və hava yastıqları çoxsaylı qəzalarda ölüm və ağır xəsarət riskini azaldır. Sadəcə olaraq, yük avtomobilinin altına daxilolma ilə müşayiət olunan toqquşmaların mexanizmi fərqlidir".

Avtomobilin Çin istehsalı olması və məhz bu səbəbdən qəzanın ölümcül nəticələnməsi barədə səsləndirilən fikirlərə gəldikdə isə ekspert hesab edir ki, belə yanaşma obyektiv deyil:

"Bu gün Çin avtomobil sənayesində yüksək təhlükəsizlik göstəricilərinə malik modellər də mövcuddur. Eyni zamanda dünyanın digər ölkələrində istehsal olunan avtomobillər arasında da təhlükəsizlik səviyyəsi fərqli olan modellər var. Avtomobilin hansı ölkədə istehsal olunmasından asılı olmayaraq, yüksək sürətlə ağırtonnajlı nəqliyyat vasitəsinin altına daxil olması son dərəcə ağır nəticələrə səbəb ola bilər. Burada əsas məsələ avtomobilin konkret modelinin konstruktiv xüsusiyyətləri, toqquşmanın sürəti, zərbənin istiqaməti və yük avtomobilinin arxa qoruyucu qurğusunun vəziyyətidir. Xüsusilə diqqət yetirilməli məqamlardan biri ağırtonnajlı yük avtomobillərinin arxa hissəsində quraşdırılan qoruyucu baryerlərdir. Beynəlxalq təcrübədə bu qurğular minik avtomobillərinin yük avtomobillərinin altına daxilolma riskini azaltmaq məqsədilə tətbiq edilir. Lakin həmin qoruyucu qurğunun sadəcə mövcud olması kifayət deyil. Onun hündürlüyü, konstruktiv möhkəmliyi, düzgün bərkidilməsi və müvafiq texniki standartlara uyğunluğu mühüm əhəmiyyət daşıyır. Əgər qoruyucu baryer normativ tələblərə uyğun deyilsə, zərbə zamanı qopursa və ya avtomobilin altına daxilolmasının qarşısını ala bilmirsə, qəzanın nəticələri daha da ağırlaşa bilər. Bununla belə, konkret hadisədə həmin qurğunun olub-olmadığı və hansı vəziyyətdə olduğu yalnız texniki ekspertiza nəticəsində müəyyən edilə bilər. Digər mühüm məsələ qəzanın başvermə səbəbidir. Burada sürücünün hərəkət sürəti, qarşıdakı nəqliyyat vasitəsi ilə saxladığı ara məsafəsi, diqqətinin yolda olub-olmaması, yolun işıqlandırılması, görünmə şəraiti, yük avtomobilinin arxa işıq cihazlarının və işıqqaytarıcı elementlərinin işlək vəziyyətdə olması, eləcə də yük avtomobilinin hərəkətdə və ya dayanmış vəziyyətdə olması araşdırılmalıdır. Əgər yük avtomobili yolun hərəkət hissəsində dayanmışdısa, bunun səbəbi, dayanmanın qanuniliyi və digər sürücülərin vaxtında xəbərdar edilməsi üçün hansı tədbirlərin görüldüyü də müəyyənləşdirilməlidir. Çünki gecə saatlarında kifayət qədər işıqlandırılmayan yolda arxa işıqları və işıqqaytarıcı elementləri görünməyən ağırtonnajlı nəqliyyat vasitəsi ciddi təhlükə mənbəyinə çevrilə bilər. Digər tərəfdən, sürücünün qarşıdakı maneəni vaxtında görməməsi, təhlükəsiz ara məsafəsi saxlamaması və ya yol şəraitinə uyğun sürət seçməməsi də belə hadisələrin yaranmasına səbəb ola bilən amillərdəndir".

A.Nəbiyevin sözlərinə görə, ekspertiza aparılmadan bu ehtimallardan hər hansı birini konkret hadisənin səbəbi kimi təqdim etmək düzgün deyil:

"Mən sürücülərin diqqətinə xüsusilə çatdırmaq istəyirəm ki, avtomobil saatda 90 kilometr sürətlə hərəkət etdikdə bir saniyədə 25 metr yol qət edir. Saatda 110 kilometr sürətlə hərəkət etdikdə isə bu məsafə 30 metrdən artıq olur. Sürücü cəmi iki saniyə diqqətini yoldan ayırarsa, 90 kilometr sürətlə hərəkət edən avtomobil həmin müddətdə təxminən 50 metr məsafə qət etmiş olur. Bu isə təhlükəni görmək, düzgün qərar vermək və avtomobili vaxtında dayandırmaq imkanını ciddi şəkildə azalda bilər. Unutmamalıyıq ki, sürücünün təhlükəni gördükdən sonra reaksiya verməsinə müəyyən vaxt tələb olunur və yalnız bundan sonra avtomobilin faktiki əyləclənməsi başlayır. Ona görə də ağırtonnajlı nəqliyyat vasitələrinin arxasında hərəkət edərkən təhlükəsiz ara məsafəsinin qorunması xüsusilə vacibdir. Bu hadisə avtomobillərin təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı başqa bir vacib məsələni də gündəmə gətirir. Avtomobilin qəza sınaqlarında yüksək nəticə göstərməsi onun bütün mümkün qəza şəraitlərində eyni səviyyədə təhlükəsiz olacağı anlamına gəlmir. Standart qəza sınaqları müəyyən sürət, zərbə bucağı və maneə növləri əsasında həyata keçirilir. Halbuki real yol şəraitində toqquşmaların xarakteri daha mürəkkəb ola bilər. Xüsusilə yük avtomobilinin altına daxilolma ilə nəticələnən hadisələr standart frontal toqquşmalardan ciddi şəkildə fərqlənir. Mən hesab edirəm ki, bu cür faciələrdən sonra yalnız minik avtomobilinin markasını və istehsal ölkəsini müzakirə etməklə kifayətlənməməliyik. Ağırtonnajlı nəqliyyat vasitələrinin texniki vəziyyəti, arxa qoruyucu qurğularının standartlara uyğunluğu, işıqlandırma sistemləri, sürücülərin hazırlıq səviyyəsi və yol infrastrukturunun təhlükəsizliyi kompleks şəkildə qiymətləndirilməlidir. Eyni zamanda ölkəyə idxal olunan avtomobillərin təhlükəsizlik göstəricilərinə, onların hansı bazar üçün istehsal edilməsinə və müvafiq texniki tələblərə uyğunluğuna daha ciddi diqqət yetirilməlidir".

Ekspert qeyd edib ki, avtomobilin təhlükəsizliyi onun alınması zamanı düzgün seçim edilməsindən və istismar müddətində texniki vəziyyətinin daim nəzarətdə saxlanılmasından asılıdır:

"Sürücü avtomobilinin təhlükəsizlik sistemlərinə arxayın olub riskli hərəkətlər etməməlidir. Heç bir elektron köməkçi, heç bir hava yastığı və heç bir möhkəm kuzov fizika qanunlarını dəyişdirə bilməz. Yol hərəkətində təhlükəsizlik ilk növbədə düzgün qərardan, diqqətdən, təhlükəsiz sürətdən və məsuliyyətli davranışdan başlayır. Bu faciənin dəqiq səbəblərini müəyyən etmək üçün hərtərəfli və obyektiv araşdırma aparılmalı, avtomobilin texniki vəziyyəti, yük avtomobilinin qoruyucu konstruksiyası, hadisənin mexanizmi və digər mühüm amillər ekspertiza əsasında qiymətləndirilməlidir. Nəticələr ictimaiyyətə aydın şəkildə təqdim olunmalıdır ki, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün konkret tədbirlər görülə bilsin. Çünki yol-nəqliyyat hadisəsində əsas məsələ avtomobilin hansı ölkədə istehsal olunması deyil, qəzanın nə üçün baş verməsi və insanların həyatını qorumaq üçün hansı təhlükəsizlik tədbirlərinin çatışmamasıdır. Biz qəzaların yalnız səbəblərini deyil, onların ölümcül nəticələrə çevrilməsinin qarşısını almağın yollarını da araşdırmalıyıq. Hər bir ağır qəza bizə yeni bir dərs verməlidir. Əks halda, eyni səhvlər təkrarlanacaq və təəssüf ki, yenə insan həyatları itiriləcək".

Lalə, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar