Ru
11:57 / 15 Dekabr 2022

Ana-Beyit, Xankəndi, Xocalı, sülhməramlı yolkəsənlərin qatarları hansı istiqamətədir?

28506

“- Nə cür? Nə cür? Ana-Beyit? – gözətçi bir də soruşdu.
-Hə, Ana-Beyit. Bizim qəbristanlığımızın adı belədi. Zəng vur, dostum, daha ayrı çarəmiz yoxdur. Qoy o özü icazə alsın. Bizi də, əmin ola bilərsən, qəbristanlıqdan başqa heç nə maraqlandırmır.
- Olmaz!”
Çingiz Aytmatov, “Gün var əsrə bərabər”.

General Volkovun sülhməramlı adı ilə Laçın dəhlizində yerləşdirilən əsgərlərinin davranışları gündəmə gətirir bu müqayisəni. Olaylar nisbətən fərqlənsə də, əsgər həmin əsgər, tarix uyğun tarix, talelər çox oxşardı... Görünür, bu yerdə də “qatarlar Şərqdən Qərbə, Qərbdən Şərqə gedir”. Və ya Şimala, ya da Cənuba... Şuşada, Laçın dəhlizində, Xocalıda, Xocavənddə, Xankəndində dəmiryol xətləri işləməsə də...

Volkova zəng də vurulur. Burası indi çətin deyil. Heç onu buraya yönləndirən Rusiya rəhbərliyinin məlumatlandırılması da. Zaman dəyişib, daha Qazanqapı dəfn eləmək üçün XX əsr Sovet Şərqinin möhtəşəm yazıçısı Çingiz Aytmatovu seytnota salan zaman deyil. Zəng çalmaq, xəbər eləmək bir anın işidi. Üstəlik görüntülü. Bəhanələrə yer qoymayıb müasir innovasiyalar. İndi zəng çalmaq yox, eşidilmək problemi var. Özü də dünya boyu. Həm də HAQQIN eşidilməsi...

44 günlük savaşın zəfərli qürurunu yaşamış Azərbaycanın ekoloqları, vətəndaş cəmiyyəti və media təmsilçiləri hələlik keçilməz olan “Ana-Beyitin” – Xankəndinin, Xocalının sərhədlərinin onlar üçün nə demək olduğunu anlatmaq istəyirlər “qatarları haqqın yolunu itirmiş sülhməramlı yol bağlayanlar”a. Bu insanlar üçün təkcə torpaq deyil getmək istədikləri yerlər. Orada yaşayan erməni talançılıqlarına göz yuman sülhməramlılardan fərqli olaraq müqəddəs bir məkandı Xocalı, Xankəndi bizlər üçün. Çapıb-talayıb, daşına, torpağına, təbii sərvətlərinə dəfinə kimi baxanlardan, tarixini, toponimik izlərini itirməyə baş sındıranlardan fərqli olaraq. Həm də yaxın və uzaq tariximizdə şəhidlərimizin qanına qarışaraq daha da müqəddəsləşən məkan - VƏTƏN...

Dünya boyu yalnız torpaqları basmarlamaq, haqqı çatdı-çatmadı mənimsəmək istəyənlər bunu anlamaq qüdrətində deyilmişlər. Olsaydılar, yersiz dirənişləri bu qədər uzun çəkməzdi. Dirəniş göstərməksə bizim haqqımızdı. Torpaqları qeyri-qanuni əsarət altında qalanların. Necə ki göstəririk. Haqqımızı geriyə alana qədər də göstərəcəyik!



Nəzirməmməd Zöhrablı
Bakupost üçün

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər