Ru
09:28 / 04 May 2022

Anar “Çölçü obası”na getdi - FOTOLAR

5296
May ayının 1-də, Qubada keçirilən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi ilə bağlı tədbirlərdə iştirak edən bir qrup ziyalı, şair və yazıçılarımız, Qubanın görməli, gəzməli yerləri sırasında, bir məkana da baş çəkdilər – 2015 – ci ildən fəaliyyət göstərən “Çölçü” ictimai birliyinin “Çölçü obası”na.




Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, şair publisist Əkbər Qoşalı, yazıçı Varis, şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın və digər sevimli şair və yazıçılarımızın qatıldığı görüş, yaz havalı Quba meşəsində, təbiətin qoynunda, “Çölçü obası”nın ocaq başında, samovar çayı süfrəsində baş tutdu.





Süfrə arxasında “Çölçü” birliyinin yarandığı gündən bu günə qədər, milli mədəni irsin qorunması, xalq oyunlarının, ento idman növlərinin, milli sənət növlərinin, araşdırılması və tanıdılması istiqamətində gördüyü işlərdən danışıldı.


Bundan sonra, elə Çölçü obasında, yazıçı və şairlərimiz etno idman növlərimizdən biri olan ənənəvi türk oxçuluğu ilə bağlı ilk təlim də aldılar – yay çəkdilər, ox atdılar, tariximizin, hərb tariximizin, zəfər tariximizin bir hissəsi olan ənənəvi türk oxunun gücünü hiss etdilər, hədəfi seçməyin, hədəfə yetişməyin dədə-baba yolundan da keçdilər.





Yazıçı Anar ilk dəfə “Dədə Qorqud” filminin çəkilişləri zamanı ox atdığını xatırlayıb bir də indi, “Çölçü obası”nda ox atdığını dilə gətirdi.


“Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sədri Eltən Qədimbəyli (Törəçi) gənclərin də ənənəvi türk oxçuluğuna böyük maraq göstərdiklərindən, “Çölçü axınları” zamanı gənclərin ən çox sevdikləri təlimlərdən birinin də ənənəvi oxatma təlimi olduğundan danışaraq, Azərbaycanda Ənənəvi Oxçuluq Federasiyası yaratmaq istəyindən, uşaqlar və yeniyetmələr üçün “Çölçü” bilriyi nəznində təşkil edilən oxçuluq kurslarından, həm ənənəvi türk oxçuluğunun həm də digər etno idman növlərimizin yadadılmasının, tanıdılmasının vacibliyindən danışdı, bu istiqamətdə görülən işlər barədə ziyalılarımızla fikirlərini bölüşdü.





Bundan sonra ziyalılarımız yaşadılması vacib daha bir etno idman növü olan kötük güləşi ilə də tanış oldular – hər çağ sözdə, qələmdə güc sınayan yazıçı və şairlərimizə bu dəfə igid babalarımızın nümunəsi, qol gücünü də sınamaq imkanı yaradıldı.



Sonda “Çölçü” birliyinin yaradıcı insanları, iş və elm adamlarını bir araya toplayaraq keçmişimizə söykənib, sabahımız üçün xeyirli işlər görmək, bu insanların bir arada ola biləcəyi “Çölçü kəndi” yaratmaq və inkişaf etdirmək planları müzakirə olundu, “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sədri Eltən Qədimbəyli (Törəçi) “Çölçü kəndi”nin yaradıcı, iş və elm adamlarının bir arada, qarşılıqlı dəstək və əlaqələndirilmiş iş şəraitində işləyə, yaşaya biləcəkləri bir iş və yaşam alanı kimi, perespektivlərindən, sənətin, mədəniyyətin, elmin və iqtisadiyyatın inkişafına – insanlara, dövlətə və millətə verə biləcəyi xeyirdən danışdı. Bu tip layihələrin işğaldan azad edilmiş ərazilərdə də həyata keçirilməsinin perespektivli ola biləcəyi vurğulandı.


Çünki, son nəticədə, heç nə dəyişməyib, hər şey elə min illər əvvəl olduğu kimidir: Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər