Ru
16:51 / 12 Fevral 2024

"Apatiya"da nə çatışmır? - Cəlil Cavanşırın yazısı

8283
Gözlədiyim kimi, Hikmətin "Apatiya"sı ciddi tamaşaçının diqqətini çəkdi və çəkməkdə davam edəcək. Bu məni xüsusi olaraq sevindirir. Hikmətin film üçün necə can yandırmasına, gecə-gündüz çalışmasına, narahatlığına şahidəm. Çox şadam ki, "Apatiya" öz tamaşaçısını tapdı, Hikmətin yuxusuz gecələri öz bəhrəsini verdi.

"Apatiya" cəmiyyətimizə güzgü tutan, cəsarətli, uğurlu filmdir. Çünki filmin müəllifi də cəsarətlidir, lazımi məqamda sözünü deməyi bacarıb, cəmiyyətə ayıq başla baxıb və baxmaqda davam edir, gördüyü problemlərə laqeyd deyil.

"Apatiya" mənə görə güzgü tutduğu cəmiyyəti ifşa edən, həqiqəti cəmiyyətin gözünə soxan filmdir. Bəli, bu film bir qədər də qəddardır.

"Apatiya"nın sosial-iqtisadi problemlərin fonunda ensefaopatik sindromdan əziyyət çəkdiyi hər halından bəlli olan qəhrəmanı Azərbaycan cəmiyyətinin ümumiləşdirilmiş obrazıdır.
Azərbaycan cəmiyyəti patriarxaldır. Bunu nə qədər yumşaltmağa çalışsaq da belədir. Hikmətin filmində də bu ağır reallıq gözümüzə girir. Amma bu filmdə evin kişisi, - ümumiyyətlə ailə, cəmiyyət - apatiya halındadır.

"Apatiya" qadın hüquqsuzluğu, ailədə qadının yeri, qohumluq, məişətimizin darıxdırıcılığı və s. mövzulara ustalıqla toxunub. Bəzi məsələlər fəlsəfi, sosio-psixoloji müstəvidə tam həllini tapmasa da, problemlərin qoyuluşu çox təqdirəlayiqdir.
"Apatiya" erkən nigah və məcburi miqrasiya mövzusuna, təhsil və təhsilimizdəki problemlərə də açıq mətnlə toxunub. Hikmətin yaradıcı insan kimi, vətəndaş kimi narahatlığını bu filmdə hiss etmək mümkündür.

"Apatiya" Azərbaycan ailəsində hələ də cinsi uyumsuzluq, seksual problemlər olduğunu amansızlıqla göstərir.

"Apatiya" Azərbaycan televiziyalarının da apatiya halında olduğunu, dəli yığıncağını xatırlatdığını bütün film boyu vurğulayır. Film cəmiyyətin də aşağı-yuxarı bu televiziyalara layiq olduğuna vurğu edir.

"Apatiya"da nə çatışmır?

-Texniki imkanların məhdud səviyyədə olması, səsin, musiqinin, rənglənmənin keyfiyyətindəki qüsurlar xüsusi vurğulanmalıdır. Mən bütün bu problemlərin səbəbini bilirəm və ona görə də bunu sadəcə xatırlatmaq üçün yazıram. Xüsusilə bu filmə çox ağır və filmin aurasına uyğun musiqi lazım idi.
-Müəllif problemləri yüksək səviyyədə təqdim edir, amma həll yolunu təklif etmir. Sənətin belə bir borcu yoxdur, amma bizim kimi cəmiyyətlərdə sənətin cəmiyyət qarşısında borcu çoxdur. -Madam, problemləri veririk, təqdim edirik, gərək uzaqda bir lampanın işığı da közərsin. Akif (uşaq) bu işıq üçün ideal variant ola bilərdi.

Film hədsiz dərəcədə ağır əhvaldadır. Xüsusilə bir ailənin faciəsi fonunda zərrə qədər işıq görünmür. Bu ağır, qaranlıq əhval sona qədər tamaşaçını öz təsirində saxlayır.

Aktyor heyəti düzgün seçilmişdi. Tural Baxış, Şəhla Əliqızı, Azər Aydəmir, Məhəmməd Şahməmmədli, İlqarə Tosova hər biri film üçün əla tapıntıdır. Fuad Cəbiyev isə mənim sevimli, balaca dostum olduğu üçün onu xüsusi təbrik edirəm. İnanıram ki, onun böyük və işıqlı gələcəyi var.

Son olaraq, "Apatiya"nın bütün yaradıcı kollektivini, Xüsusən Hikməti ürəkdən təbrik edirəm. Onun potensialına, ruhundakı işığa və yaradıcı enerjisinə güvənirəm. Onun böyük işlər görəcəyinə şübhəm yoxdur. Qalibdir, hər zaman da belə olacağına inanıram.

P.S. Qala gecəsinin təşkilatçısı Miri Rəsulzadənin zəhmətini xüsusi vurğulamaq lazımdır. Bu qədər yaradıcı adamı bir araya gətirmək, hamının razı və məmnun qalmasını təmin etmək xüsusi alqışa layiqdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər