Ru
21:50 / 11 May 2024

Autizm sahəsində yenilik: İDDO Proqramı təqdim olundu

3533

Bu gün Sosial Tədqiqatlar Mərkəzi ilə birgə İDDO Psixi Sağlamlıq Proqramının təqdimat mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, tədbirdə deputatlar - Jalə Əhmədova, Hicran Hüseynova, Sevil Mikayılova, İlham Məmmədov və Elşad Mirbəşiroğlu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemlərı üzrə Dövlət Komitəsi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Psixoloji Sağlamlıq Mərkəzi, Milli Paralimpiya Komitəsi, Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri, 40-dan çox reabilitasiya mərkəzi, autizm spektrli pozuntuları olan uşaqların valideynləri iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzində baş tutan tədbirdə çıxış edən millət vəkili Jalə Əhmədova direktoru olduğu İDDO Psixi Sağlamlıq Proqramı haqqında tədbir iştirakçılarına məlumat verib. O, İDDO proqramının autizm sahəsində bir yenilik olduğunu, bütün mərkəzlərdə proqramı tətbiq etməklə vahid baza yaratmağın vacibliyini diqqətə çatdırıb.

Qeyd edib ki, İDDO proqramı vasitəsilə autizmli uşaqlara diaqnoz qoyulması, müalicə sahəsində mövcud olan problemləri, ən əsas məqamlardan biri kimi qeyri-peşəkarların və bu uşaqlardan kommersiya məqsədilə istifadə edən şəxslərin əməllərinin qarşısının alınması üçün tədbirlər görülməsi vacibdir.

Millət vəkili bildirib ki, bu sahədə vahid protokol mövcud deyil, mərkəzlərin fəaliyyəti pərakəndədir, autizimli uşaqların vahid statistikası yoxdur və uşaqlara yanlış diaqnoz qoyulur: "Uşaqlar tam şəkildə analiz olunmalı, qeyri-dəqiq diaqnozların qarşısı alınmalıdır. Proqram çərçivəsində autizimli uşaqların umumi statistikasının yaradılması və buna mərkəzləşmiş sistem vasitəsilə nail olmaq mümkündür. Eləcə də bu sahəyə nəzarətin təmin edilməsi, mərkəzlərarası əlaqələrin qurulması, elektron bazanın formalaşması, tədqiqat metodlarının formalaşmasına töhfə verilməsi, saxta psixoloqların qarşısının alınması vacibdir".

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək proqramın vacibliyini qeyd edib və ailələrlə geniş maarifləndirmə işlərinin aparılmasının zəruriliyini vurğulayıb: “Autizmin ağır, orta və yüngül formaları var. Bunu televiziyalar vasitəsilə də insanlara çatdırmaq lazımdır. Ucqar kəndlərdə insanların bu barədə geniş məlumatı yoxdur, onları geniş şəkildə maarifləndirmək vacibdir. Yüngül formada olan autizmli uşaqları inklüziv təhsil vasitəsilə sağaltmaq mümkündür. İnklüziv təhsil ilə uşaq daha tez cəmiyyətə inteqrasiya olunur. Bu baxımdan bu gün təqdim edilən proqram vacib əhəmiyyət daşıyır”.

Milli Məclisin deputatı Sevil Mikayılova, İlham Məmmədov, Elşad Mirbəşiroğlu və digər çıxışçılar İDDO proqramının getdikcə artan autizm problemlərinə töhfə verəcəyindən əminliklərini ifadə ediblər. Məsələnin aktuallığı və genofondumuzun qorunması baxımından proqramın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.














Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər