Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.
"Bakupost" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ABŞ-nin İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul etməli olub.
Bunun Azərbaycana iqtisadi müstəvidə hansı təsirləri ola bilər?
ReAL Partiyasının sədri, iqtisadçı ekspert
Natiq Cəfərli “Bakupost”a bildirib ki, bu normal haldır, çünki Azərbaycan Amerikanın sanksiyalarına tuş gəlmək istəmir:
“Gürcüstan da anoloji addım atıb. Ermənistanda da bununla bağlı qərar verildi. Təkcə Rusiya bu qərara uymamaq qərarına gəlib. Çünki Rusiyanın özünə də 40 minə yaxın sanksiya tətbiq edilib”.
Ekspert hesab edir ki, mövcud vəziyyətdə İrandan ölkəmizə gələn turistlərin sayı kəskin azalacaq:
“Azərbaycana gələn turistlərin siyahısına baxanda görərik ki, İrandan ölkəmizə gələn turistlər say baxımından həmişə ilk beşlikdə yer alıb. Bu da Azərbaycanda turizm sektoruna müsbət mənada təsir göstərən amillərdən biri idi. Aviareyslərin dayanması, üstəlik quru sərhədlərin də bağlı olmasını nəzərə alsaq, İrandan gələn turist sayında güman ki, kəskin azalma müşahidə ediləcək. Bu da öz növbəsində Bakı və regionlarda olan otellərə, infrastruktura, ictimai iaşə obyektlərinin gəlirlərinə mənfi təsir göstərəcək”.
Rüfət Sultan,
BakuPost