Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub. Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.
Xatırladaq ki, iyunun 20-də Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi məscidinin axundu Turab Tahirov məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb. Qızın ailəsi polisə məlumat verib. Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Başqa bir detal isə axundun məscidə yığılan pulları ələ keçirməsi ilə bağlıdır. İddia olunur ki, axund məscidin 20 min manatını ələ keçirib. Bu iddialar, eləcə də yetkinlik yaşına çatmayan qızı qaçırması axund Turab Tahirovun həbs olunacağı ehtimalını artırır.
Bəs, yetkinlik yaşına çatmamış qızın aqibəti necə olacaq?
Məsələ ilə bağlı
Bakupost.az -ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı
Şəbnəm Cəfərova bildirib ki,16 yaşlı qızın axund kimi fəaliyyət göstərmiş şəxslə birgə qaçması barədə Daxili İşlər Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb:
“Hazırda hadisə ilə bağlı hüquq- mühafizə orqanında araşdırma həyata keçirilir. Qızla aparılmış danışıq zamanı o, könüllü razılıq əsasında getdiyini bildirib. Bundan əlavə, hazırda Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə səfər edilərək, qıza psixoloji dəstək göstərilməsi ilə bağlı iş həyata keçirilib".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlamışıq.
Lalə, BakuPost