Ru
15:36 / 22 Aprel 2024

Azərbaycanlı milyonçunun irsi məhv edilir - Tarixi bina restorana çevrilib... - VİDEO

6753
Rusiyanın Stavropol şəhərində azərbaycanlı mesenat, xeyriyyəçi, "un kralı" kimi tanınan Ağabala Quliyevə məxsus tarixi əhəmiyyətli dəyirman tamamilə dağılmaq üzrə olduğu barədə xəbər vermişdik. İndi isə məlum olub ki, vaxtilə milyonçuya məxsus olan və Bakının mərkəzində - Xaqani küçəsi 95b ünvanında yerləşən tarixi əhəmiyyətli dəyirman binası da dağılmaq üzrədir.




Bu barədə Bakupost.az -a diaspor fəalı, Rusiyanın Stavropol şəhərində yaşayan həmyerlimiz Məhərrəm Mirzəyev bildirib.


"Ağabala Quliyev Rusiyaya gəlməmişdən əvvəl onun Keşlə qəsəbəsində, bugünkü Xaqani küçəsi, 95b ünvanında şəxsi dəyirmanları olub. Keçən il Xaqani küçəsində olarkən gördüm ki, dəyirmandan əsər-əlamət qalmayıb. Binanın sağ və sol tərəflərində restoran açılıb. Çox təəssüflər olsun ki, binada Ağabala Quliyev barəsində bir ədəd lövhə belə olsun, yoxdur. Mən çox istərdim ki, Ağabala Quliyev kimi dahi şəxsiyyəti hamı tanısın. Onu unutmaq olmaz", - deyə Məhərrəm Mirzəyev bildirib.

Onun sözlərinə görə, vaxtilə Bakıda dəyirmanları olan Ağabala Quliyev işləri yaxşı getdiyinə görə 1900-cu illərdə biznesini genişləndirmək üçün Rusiyaya gedir:


"O, bir çox şəhərləri gəzdikdən sonra nəhayət Stavropol şəhərinə gəlib çıxır. 1902-ci ildə Stavropolda Maykov taciri İvan Baranovun dəyirmanını alır. Həmin dəyirmanın yanında daha bir dəyirman tikdirir. Dəmir yolu çəkdirir, dərin quyu qazdırır və fəaliyyətə başlayır".

Məhərrəm Mirzəyevin sözlərinə görə, Ağabala Quliyevin bu layihəsi də ugurlu alınır və o, bu dəyirman vasitəsilə, Rusiya, Gürcüstan, İran və bəzi ərəb ölkələrini unla təmin edir.


Diaspor fəalının sözlərinə görə, Stavropoldakı tarixi dəyirman hazırda dövlət qoruğu elan olunub. Ancaq bina tam yararsız vəziyyətə düşüb. Onun təmirinə ciddi ehtiyac var. Onun fikrincə, bu tarixi binanı təmir edib Azərbaycanın milli, mədəni mərkəzinə çevmək olar.


M.Mirzəyev onu da qeyd edib ki, ötən əsrin əvvəllərində Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra Ağabala Quliyev əvvəlcə İrana, oradan isə İstanbula gedib. O, Türkiyədə A.Quliyevin yaxınlarının olduğunu, onları axtardığını və tarixi dəyirmanı göstərmək üçün Stavropla gətirmək istədiyini də bildirib...






Vasif
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər