Ru
17:08 / 07 Dekabr 2022

Bakıda şagirdlər soyuqdan donur: 4 məktəbdə dərslər dayana bilər

8607
Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 4 məktəbin şagirdləri soyuqdan donur.

Sakinlərin Bakupost.az -a verdiyi məlumata görə, Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbin şagirdləri qış düşəndən bəri istilik üzünə həsrət qalıblar.

Valideynlər bildirirlər ki, noyabrın 15-dən bəri məktəblərdə istilik sistemlər işlədilmir. Bu səbəbdən valideynlərin çoxu uşaqlarını məktəbə göndərmir. Hər sinifdən 2-3 şagirdə dərsə gəlir. Onlar da 2 dərsdən sonra müəllimlər tərəfindən evə göndərilir. Çünki müəllimlər özləri də soyuq sinif otaqlarında otura bilmirlər.
Qeyd olunur ki, problemdən Təhsil Nazirliyinin də məlumatı var, lakin məktəbə istilik verilməsi ilə bağlı heç bir addım atılmır.

Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, şəhərcikdə yalnız bir qazanxana mövcuddur. Bu qazanxana həm şəhərcikdəki binaların, həm də məktəblərin istilik təminatını həyata keçirir. Lakin iki dövlət qurumu - “Azəristiliktəchizat” “Qaçqınkom” arasında həll edilməyən problemə görə qazanxana işlədilmir. Belə ki, "Azəristiliktəchizat" “Qaçqınkom”un borcuna görə qazanxananı işlətmir. Bununsa cəzasını əksəriyyətini azyaşlı uşaqların təşkil etdiyi şagirdlər çəkir.

Problemin həllinə isə heç kim yaxın durmur; nə Təhsil Nazirliyi, nə “Qaçqınkom”, nə də “Azəristiliktəchizat”.

Nəzərə alsaq ki, qarşıdan daha kəskin soyuqlar gəlir, o zaman bu gedişlə 4 məktəbdə təhsilin tamamilə dayana biləcəyini deyə bilərik. Çox təəssüf ki, bütün bunlar işğaldan yeni azad olunmuş və hələ istilik təchizatları tam hazır olmayan rayonlarımızda yox, həmin rayonların Bakının mərkəzində yerləşən məktəblərində baş verir.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər