“Unutmaq lazım deyil ki, Türkmənistan bitərəf ölkələr qrupuna aiddir və xarici siyasətini qurarkən buna əsaslanır. Bu siyasət BMT-nin prinsipləri əsasında həyata keçirilən birtərəfli fəaliyyətlə tənzimlənir”.
Bu fikirləri
Bakupost.az -a siyasi şərhçi Əziz Əlibəyli Türkmənistan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri barədə danışarkən deyib.
Türkmənistanın digər Mərkəzi Asiya ölkələri ilə müqayisədə Azərbaycan və türk dünyası ilə əlaqələrinin nisbətən zəif olmasına toxunan Ə.Əlibəylinin sözlərinə görə, burada diqqətçəkən vacib bir məqam var:
“Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində həmişə strateji rəqabət olub. Və bu, çox təəssüf ki, həm Rusiyanın, həm də İranın Türkmənistan vasitəsilə Azərbaycana təzyiq göstərmək siyasətinin tərkib hissəsinə çevrilib. Amma diqqət yetirirsinizsə, bölgəmizdə reallıqlar dəyişib. Xüsusilə də 2020-ci il müharibəsi fonunda. Yanlış xatırlamıramsa, Azərbaycanla Türkmənistan arasında 90-cı illərdən bəri mübahisə mövzusu olan, bizim "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı yataqla bağlı 2021-ci ilin 21 yanvarında anlaşma memorandumu imzalandı və bu problem həll olundu. Qərara alındı ki, mübahisəli ərazisi kimi bu yataq bizi qarşı-qarşıya gətirə bilməz”.
Əlibəyli bildirib ki, bu razılaşmanın arxasında Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin yaratdığı geosiyasi reallıqlar dayanır:
“Əslində, hər şey Azərbaycanın Qarabağdakı qalibiyyəti ilə bağlı idi. Biz Qarabağda qalib gələn kimi bölgədə Zəngəzur dəhlizi reallığı formalaşdı. Bu reallıq yaranan kimi, Azərbaycanın həyata keçirdiyi qlobal enerji təşəbbüslərindən faydalana biləcək ölkələr üçün unikal imkanlar ortaya çıxdı. Nəticədə Türkmənistan dərhal Azərbaycanla anlaşdı. Çünki Türkmənistanın da bu dəhlizə böyük ehtiyacı yarandı. Bundan sonra Türk Dövlətləri Təşkilatı idarəetməsini təkmilləşdirdi və üst qurum kimi formalaşdı. İnteqrasiyanın önəmli mərhələyə çatmasından sonra bu il Antalyada keçirilən diplomatik tədbirdə Qazaxıstan Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədova bir sual verildi: “Siz Türk Dövlətləri Təşkilatına qoşulacaqsınızmı?” O, bu suala “hə” cavabı vermədi, amma qapını da bağlamadı. Yəni bir türk dövləti kimi perspektivdə qoşula biləcəyini də bildirdi.
Türk Dövlətləri layihəsi Azərbaycanın layihəsidir. Bu layihə həm türk dünyası, həm Türkiyə, həm də Qərblə Şərqi birləşdirmə layihəsi kimi qiymətləndirilir. Türkmənistan da bu prosesləri nəzərə aldı.Türkmənistan liderinin Azərbaycana bu səfərinin məqsədi də zəifləyən Rusiyanın və bombalanan İranın mövcud xarici siyasi reallıqları ilə bağlıdır. Son zamanlar Türkmənistan da hər iki dövlətin güclü siyasi təsirindən çıxmağa başlayıb. Əgər müstəqilləşir və sərbəstləşirsə, onun gələcəyi nöqtə bəllidir. Berdiməhəmmədovun Azərbaycana səfərinin də arxasında bu dayanır”.
Əziz Əlibəylinin fikrincə, səfərin əsas məqsədlərindən biri də Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ixracı ehtimalıdır:
“Unutmaq lazım deyil ki, Azərbaycan Suriyaya da qaz ixracına başlayacaq. Eyni zamanda, Avropaya qaz ixracını TAP layihəsi vasitəsilə artırmalıdır. Rusiya ilə müharibə şəraitində əsas qaz bazarı Azərbaycanın olur. Azərbaycan da digər ölkələrin qaz resurslarını tranzit etmək ehtiyacı ilə üz-üzədir. Bu isə təbii bir ehtiyacdır. Əgər Türkmənistanın qaz ehtiyatları varsa və bu ehtiyatlar dünya bazarına yüksək qiymətlərlə çıxarıla bilərsə, o zaman niyə bundan istifadə etməsin? Bax, məsələyə bu qədər geniş bir perspektivdən baxa bilərik".
Lalə,
BakuPost