Dünən gecə saat 2-3 aralığında Bakının bir sıra marketlərinə insan axını olub. İnsanlar yeni nəsil “İphone18 Promax” telefonlarına sahib olmaq üçün kütləvi şəkildə satış mərkəzlərinə gediblər.
Bu barədə sosial şəbəkələrdə görüntülər də yayılıb.
Bəs bu hal nədən xəbər verir? İnsanları gecə saatlarında telefon almaq üçün mağazalara axın etməyə vadar edən amil, səbəb nədir?
Psixoloq
İlahə Məmmədova “Bakupost”a bildirib ki, əvvəllər belə tendensiya Avropada geniş yayılmışdı. İndi həmin vəziyyət Azərbaycanda müşahidə edilirsə, bu onların həyat tərzini təqlid etdiyimiz anlamına gəlir:
“Gənclər, orta nəslin nümayəndələri həyatdan zövq ala bilmir, ona görə də yeniliyə sahib olmaq adı ilə bu cür hərəkətlərlə, xoşbəxtliyin həllini axtarırlar. Gənclərimiz gözünü açandan sosial şəbəkələrdə xarici saytları, xaricdəki həyat tərzini müşahidə edirlər. Buna görə də belə təsirlərə tez məruz qalırlar. Bütün bunlar gündəm xatirinədir və bu onların daxili xoşbəxtliyi deyil. Sadəcə, yalançı xoşbəxtlik qazanaraq, özlərini həyata bağlamağa çalışırlar. Bütün bunlar dərin daxili boşluqlarının olduğunu göstərir”.
O qeyd edir ki, ümumiyyətlə insanların yeni bir markanı ilk alanlar arasında olmaq istəməsinin arxasında həm psixoloji, həm də sosioloji səbəblər dayanır:
“Marketinq tərəfindən bu insanlara “innovatorlar” - yenilikçilər və ya “early adopters” - erkən mənimsəyənlər deyilir.
Psixoloji baxımdan hər yerdə ilk olaraq iştirak etmək və birincilik statusunu əldə saxlamaq istəyinə malik yalnız 3-cü şəxsiyyət tipinə məxsus insanlar olur.
Hər insan ilk olmaq istəyir, ancaq bu passiv istəkdir. 3-cü şəxsiyyət tipinin İnsanları buna bir həyat məqsədi kimi yanaşır, onların xüsusi ilə də brend maraqları çox yüksək olur”.
Müsahibimiz hesab edir ki, Azərbaycan xalqı mental olaraq təqdimata, göstərişə meylli olduğu üçün dünyada yeni təqdim olunan brendin təqdimatını dəyərləndirir və öz ölkəsində təqdimata qoşularaq, bunu daha diqqətçəkən formaya çevirməyə meyllənir. Nəticədə həvəskar insanlarda həyəcana bağlı həzz hissi yaranır ki, bu da həmin anı unudulmaz edir.
Belə vəziyyətin yaranmasına səbəb isə psixoloqun fikrincə, insanlarda xoşbəxtlik hormonunun azalması, insanın gündəlik monoton həyatdan zövq ala bilməməsidir:
“Yeni bir markanı hamıdan əvvəl sahiblənmək insana ətrafındakı mühitdə bir növ “trend təyin edən” (trendsetter) statusu qazandırır. Habelə, “bu məhsul hələ heç kimdə yoxdur, amma məndə var” düşüncəsi fərdin özünü xüsusi və üstün hiss etməsinə səbəb olur.
İnsan beyni yeni olan hər şeyə qarşı həssasdır. Yeni bir markanı kəşf etmək, sınamaq və onun qablaşdırmasını ilk açan olmaq beyində dopamin (həzz hormonu) ifrazını artırır”.
Həmsöhbətimiz düşünür ki, burada sosial status və fərqlənmək arzusu da rol oynayır:
“Yeni bir markanı hamıdan əvvəl sahiblənmək insana ətrafındakı mühitdə bir növ “trend təyin edən” statusu qazandırır. Yeniliyə qaçan insanlar hamısı həzz üçün qaçmır, bəzən bir qorxu hissi də onları yeniliyə istəmədən məcbur edir. Məsələn, itirmək qorxusu (FOMO), trenddən geri qalmamaq: İnsanlar sosial mediada və ya ətraflarında yeni bir markanın reklamını, səs-küyünü (hype) gördükdə, “hər kəs bunu danışır, mən geri qalmamalıyam” qorxusu ilə məhsulu dərhal almağa meyl edirlər”.
Rüfət Sultan,
BakuPost