Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:00 / 03 Aprel 2024

"Dövlətin sosial yükü artacaq" - Taksilərlə bağlı yeni tələblərə sərt reaksiya

3071
“Nazirlər Kabineti 27 mart 2024-cü il tarixli 183 nömrəli qərarı ilə “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Həmin tələblər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Səbəb də ondan ibarətdir ki, geniş əhali kütlələrinin maraqlarına toxunan belə qərarların qəbulundan öncə insanlar, maraqlı tərəflər xəbərdar edilməlidir. Belə sənədlərin müzakirəsində ictimaiyyətin iştirakı təmin olunmalır, ekspertlərin fikirləri alınmalıdır. Amma nədənsə, geniş əhalinin maraqlarına aid olan qərarlar qəfil və gizli şəkildə qəbul olunur”.





Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib.

O bildirib ki, bu layihə hazırlananda insanlar məlumatlı olsaydı, hazırkı norma ilə müddəti keçmiş sayılan avtomobillərin idxalını dayandırardılar. Lakin hazırda bir neçə problem ortaya çıxıb:

"Problemlər nədən ibarətdir? Taxksi xidməti göstərənlər iyunun 1-dən 15 ildən artıq istismar müddəti olan avtomobillərdən istifadə edə bilməyəcəklər. İkinci məsələ 8 il məsələsidir. İyunun 1-dən sonra 8 ildən artıq istismar müddəti olan avtomobillərin taksi xidməti göstərməsinə icazə verilməyəcək. Onlara müvafiq sənəd təqdim olunmayacaq. Rənglə bağlı məsələ var. Digər bir məsələ salonun tərtibatı və “Avro 5” standartı ilə bağlıdır. Bizdə yanacaq “Avro 5” satandartına keçmədiyi halda taksi xidməti üçün sözügedən standart tələb kimi qoyulub. Həmçinin tələblərdə qeyd olunub ki, avtomobilin salonunda kamera olmalıdır. Ən azı onun 30 gün yaddaşı olmaqla. Burada fərdi məlumatların məxfiliyi məsələsi ortaya çıxır. Tutaq ki, bir şəxs aqreqator şirkəti ilə müqavilə bağlayıb fəaliyyət göstərir və il ərzində bütün o müştərilərin səsini, telefon danışıqların yazır və sonra Tik Tok-a qoyur. Bununla bağlı məsuliyyət var, amma o məsuliyyət vurduğu ziyana adekvat olmayacaq axı".

Ekspert bildirib ki, qərarın layihəsini hazırlayanlar ümumi sözlərlə danışırlar:

"Bakıda 70 minə yaxın taksi var. Regionlarda da mövcuddur. Bunların taleyi necə olacaq? Yalnız Bakıda 40 mindən artıq taksi xidməti göstərən şəxs sıradan çıxa bilər. Deyilənlərə görə, istismarda olan taksilərin 80 faizdən çoxunun müddəti 15 ili keçib. Regionlarda da həmçinin. Bunlar taksi xidməti göstərə bilməyəcəklər. Yeni avtomobil almağa da imkanları yoxdur. Bu halda onların işsiz qalması və dövlətin sosial yükünün artması baş verə bilər. Taksi xidməti ilə bağlı islahat zəruridir. Dünyanın bir çox ölkələri var ki, burada taksi xaosu bizdən dəfələrlə pisdir. Yaxud Cənub Şərqi Asiya ölkələrində küçələrdə "tuk-tuk" deyilən nəqliyyat vasitələri həddən artıq çoxdur. Əlbəttə, onlar da istəyir ki, şəhərləri, nəqliyyat sistemləri daha da səliqəli olsun. Amma onları yığışdıra bilmirlər. Çünki bilirlər ki, bu, sosial gərginliyə, işsizliyə gətirib çıxaracaq. Əhalinin rifahına təsir edəcək. Ona görə də biz islahatları həyata keçirərkən bir idarənin nöqteyi-nəzərindən yox, ümumi sosial-iqtisadi şəraitdən çıxış etməliyik. Yəni Azərbaycan bu gün taksi bazarını tərk edəcək insanların məşğulluğunu təmin etməyə hazırdırmı? Əhali ucuz nəqliyyat növü kimi taksidən istifadə edir. Burada 3 qrupun maraqları var. İstifadəçilər, xidmət göstərənlər və taksi xidməti göstərən şirkətlər. Bu 3 qrupun maraqlarını uzlaşdırmaq lazım idi. Amma uzlaşdırılmadı və nəticədə belə bir diskussiyalar ortaya çıxıb. Burada yüz minlərlə insanın taleyindən söhbət gedir. Taksi sürücüləri, onların ailə üzvləri, taksi istifadəçiləri və sahibkarlar. Bunlarla bağlı vəziyyət necə tənzimlənəcək, aydın deyil. Dövlətin bununla bağlı siyasətinə aydınlıq gətirilməlidir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar