Ru
22:22 / 06 Yanvar 2023

Dünyanın bu üzündə...

26038
Bahəddin Həzi
(esse)

Dəli-dolu qış küləyi Bakı küçələrinin bütün hisli-tozlu - acı gerçəklərini üzümüzə vurur. Öz israrlı qətiyyəti, çılğınca "səmimiyyəti" ilə.
...Artıq dağılmış keçmiş superdövlətin çoxdan ölmüş rəhbəri "əziz Leonid İliç" demişdi: "Bu şəhərdə yaşamaq və işləmək xoşdur".

Başqa hər sözü kimi bu da yalan idi. Ən başlıcası ona görə ki, özü nə bu şəhərdə yaşamışdı, nə işləmişdi. Hardan biləcəkdi ki, xoşdu, ya naxoşdu?! Bircə o düz idi ki: "Bakı - gözəl şəhərdir".

Həmin o "dahi rəhbər" öləndən bir neçə ay sonra - ötən əsrin 83-cü yayında əyalətdən paytaxta gəldim, gördüm: Bakı, doğrudan da, böyük və gözəl şəhərdir. Çünki əslində şəhərlərin hamısı gözəldir.

Afrikadan bəhs edən sənədli filmlərə baxıram. Təkcə Yohannesburqda deyil, Akkpada da, Kinşasada da, Luandada da, Antananarivuda da... gözəl binalar var. Yaşıllıqlar da bol! Mən hələ gəlişmiş Nayrobini-filan demirəm.

Cənubi Amerika cəngəlliklərinə də boylansaq, Avrasiya genişliklərinə də göz gəzdirsək, İndoneziya adalarına da... gedib çıxsaq, görəcəyik: hər yerdə şəhərlərin hər biri özünə görə gözəldir. Şimali Amerikanı, Qərbi Avropanı heç demirəm. Hamı Paris, London, Roma, Barselona, Venetsiya-filan xəyalı qurmaqda...

Məsələ şəhərlərin zahiri gözəlliyində deyil, hətta heç şəhər ruhunda da deyil (yeri gəlmişkən, mən, məsələn, Gəncədə, ya Zaqatalada daha səmimi şəhər ruhunu hiss edirəm).

Necə gözəl bir şəhərdə yaşadığımız deyil, o şəhərdə necə gözəl yaşadığımız önəmli! Nə qədər xoşbəxt olduğumuz...

Braziliyanın günəşli günlərində Rio-de-Janeyro küçələrinə səpələnib yarıçılpaq rəqs etməkmi xoşbəxtlikdir, yoxsa soyuq, qarlı-buzlu fin paytaxtında yüksək təhsil alıb, bütün insan azadlıqlarından doya-doya dadmaqmı?! Həmin o Finlandiya, eləcə də, dünya okeanının ortasındakı adaların üstündə körpə nənnisi kimi yellənən Yeni Zelandiya ən xoşbəxt cəmiyyətlərin reytinqində həmişə öndə olurlar.

Şəhərin gözəlliyi - gözəldir. Ancaq o şəhərdəki həyat gözəldirsə... Əgər insanlar dan yeri söküləndən qaranlıq qatılaşana qədər bir parça çörək üçün hər zülmə qatlaşacaqsa, o şəhərdə hər addımbaşı göydələn qondar, hər yanı gül-çiçəkli bağ-bağça, seyrangah elə, nə yazar?!

Həyatdan paralellər gətirək; o qədər gözəl qızlar var ki, xoşbəxt deyil, o qədər xoşbəxt qızlar var ki, gözəl deyil!

Bu, şəhərlərə, ölkələrə, bütöv xalqlara da şamildir.

Özbək qardaşımız öz ölkəsində xoşbəxt ola bilirdisə, öz ruhunu doğma məmləkətinin küçələrində azad gəzdirə bilirdisə, onda Türküstan incisi Səmərqəndi, elə o füsunkar Daşkəndi Ural dağlarının sərt üzünə, Sibir meşələrinin keçilməzliyinə, Yakutiya çöllərinin şaxtalı qəsəbələrinə niyə dəyişirdi ki?! Ya da yüz cür "dəlil-sübut" quraşdırıb Avropanın qərbinə, Qərbin... şimalındakı sosial dövlətlərə - Niderlanda, İsveçə, Norveçə-filan sığınmaq istəməzdi ki! Göz dolusu gözəllik onun öz evində xoşbəxt olmağına yetmədi demək. Bəlkə getdiyi yerdə də xoşbəxt olmadığı momentləri var, o da ayrı. Reallıq reallıqdır; ideallaşdırmaqdan uzağam.

Amma!

Dünyanın bu üzündəki yarıac, gözüqıpıq "yarımadamın" qarın dolusu yemək, könül dolusu rahatlıq - həyatdolusu azadlıq axtarmağının öz tutarlı məntiqi var, atam! Yoxsa heç kim öz evindən qaçıb yad həyatın "aşağı kasta"sına bu cür israrla "dırmanmaz". Avropa, Amerika, Kanada meqapolislərindəki ağ adamların qara işlərini görməyə ağ gündən getməyib heç kəs.

Gedə-gedə, yolboyu ürəklərindən bəlkə dəfələrlə keçiriblər: "Kaş mənim ölkəm gözəl deyil, azad olaydı. Varlı deyil, xoşbəxt olaydı. Kaş mənim şəhərimin yolları dar, ancaq "ürəyi" geniş olaydı. Kaş binalarımız hündür deyil, gəlirlərimiz yüksək olaydı. Xəstəxanalarımız çox deyil, canımız sağlam olaydı. Məşhur Stiv Cobssun dediyi kimi, kaş qidanı dərman kimi yeyəydik, dərmanı qida kimi deyil. Hər tərəfdə asan ödəmə nöqtələrimiz var. Qazanmaq bu qədər çətinləşdiyi yerdə, ödəmək bu qədər asan olmayaydı keşkə..."

Ölkə varlı, vətəndaş kasıb olanda millət xoşbəxt deyil. Faydalı qazıntılar hamıya faydalı olanda o qazıntılar faydalıdır. İnsan azadlıq havasını ciyərdolusu alanda insandır. Yoxsa küləkmiş, tozmuş - bunlar təkcə şəhərin olayı deyil ki, qardaş! Paytaxtın günahı deyil. Ona qalsa, kənddə külək daha sərt əsir. Toz da ki dizdən...
Şərhlər
  • Əliəddin

    Hər kəsin arzuladığı xəyallardır. Kaş ki, bütün millətlərə, insanlara qismət olaydı. Çifayda.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər