Ru
09:10 / 07 Sentyabr 2022

Düz 20 il… Rüşvət vermədim

47557

Nigar Köçərli

Düz 20 il əvvəl, biznesə başlayanda, özümə söz verdim ki, heç vaxt rüşvət ödəməyəcəm. Xırda, məişət, yol polisindən tutmuş gömrük-vergiyədək.



Bu qərar əslində mənim üçün çox təbii idi - uşaqlıqdan rüşvətə qarşı böyük nifrətlə böyümüşdüm. Universiteti də bir gəpik rüşvət ödəmədən bitirdim.



Bu qərarın əsas ideyası belə idi - əgər daha yaxşı, ədalətli, təmiz cəmiyyətdə yaşamaq istəyiriksə, özümüzdən başlamalıyıq. Mən rüşvəti Azərbaycana yaraşdırmıram, mən rüşvət ödəməyəcəm.



O vaxtlar (və hələ də) mənim və işçilərimizin başına gəlməyən iş qalmayıb. Hər gün təzyiqlərlə üzləşmişik. Mağazalar bağlanırdı, polisə çağırılırdıq, cinayət işləri açılırdı, astronomik cərimələr yazılırdı, hətta fiziki zorakılığa məruz qalmışdıq...



Təəsüflər olsun ki, ətrafımda olan dostlar, sahıbkarlar mənim "Rüşvət verməyin!" çağırışıma qoşulmadılar. "Sən qadınsan, ona görə səni çox əzmirlər" tipdə bəhanələr (əslində, daha da çox əzirdilər), "atam bələdiyyədə/dövlət orqanında işləyir, ona problem yaranacaq", "rüşvət ödə, rahat işlə" (mən isə, əksinə, rüşvət ödəsəm, rahat işləyə bilməyəcəm) deyirdilər.



Zamanla anladım ki, şəffaf, rüşvətsiz işləmək daha çətin olsa da, eyni zamanda daha sərfəlidir. Qanunları bil, onlara riayət et, vergini, rüsümü vaxtında ödə vəssalam. Vergi və gömrük məcəllələri daim masamdadır. Savadlı mühasib və vəkiliniz, sizə inanan kollektiviniz olsa, işiniz daha da yüngülləşəcək.



20 ilə vəziyyət nisbətən dəyişilib. Bəzi dövlət orqanları çoxdan rüşvət istəmirlər. Bəziləri isə hələ də qapımızı döyürlər.



Tez-tez belə fikirlə üzləşirəm "Bizim insanlar rüşvət verməyə meyillidilər". Birincisi, xalqı qınamaq kimi asan iş yoxdur. İllər boyu xalqı korrupsiya içində boğ-batır, başqa cür işləmək imkan yaratma, sonra da "günah özümüzdədir" demək asandır.



İkincisi, nədənsə bu iyrənc korrupsiya işlərini quranları, görənləri qınamırıq, linç etmirik. Əksinə, hörmətlə yanaşırıq. Bu belə olmamalıdır. Korrupsiya - çox ağır bir cinayətdir. Xərçəng kimi ölkəni, cəmiyyəti içindən öldürür.


Üçüncüsü, əgər xalqımız həqiqətən rüşvətlə yaşamaq istəyirsə, nədən ASAN, DOST kimi qurumlarda belə böyük növbələr var? İnanın, hər bir insanın təbii istəyi təmiz işləmək və yaşamaqdır.



Belə bir fikir də var - bura şərqdir, Qafqazdır, burda həmişə belə olub. Yox, olmayıb. Korrupsiya əvvələr rus, sonradan isə sovet imperiyasının zibilidir...


Rüşvət bizə yaraşmır, bu xalqımızın qan yaddaşına ziddir. Bu fikrimi əsaslandırmaq üçün belə misal tapmışam - atanızı, babanızı hansı sözlərlə təsvir edərsiniz? Dürüst, cəsarətli, müdrik, zəhmətkəş, elə mi? Yaxşı rüşvət alan, çaq-çuku olan, ordan-burdan pul qopardan yox. Hamımız şüuraltı, şüurlu rüşvətin nə dərəcədə iyrənc və bizə yaraşmayan olduğunu çox yaxşı bilirik.


Lütfən, gəlin bərabər ölkəmizi daha yaxşı edək. Rüşvətə "hörmət" və digər evfemik, bəraət qazandıran adlar qoymayaq. Rüşvəti heç bir halda verməyək. Rüşvəti götürəni qınayaq.
Şərhlər
  • Veteran

    Eşq olsun SİZƏ ! Alqışlayıram. Bilinki Siz tək deyilsiniz.İnşallah hər şeyin bir sonu var.Az qalıb.

  • Neriman Seyfeli.

    Nagillar ele heyatdaki hadiselerden geturulub, cox yaxshi meqaledir!

  • İş adamı

    Hekayə yox,nağıl əlverişsiz alınıb.Çünki Qəhrəmanın nə adı,nə şirkəti,nə əməliyyatları,nə adresi (hansı ölkədə) olduğu aydınlaşdırılmır.Bu yazıçının arzu və fərziyyəsindən ibarət olduğu və Azərbaycan cəmiyyətindən uzaq olduğunun sübuta ehtiyacı qalmır.Ona görə yazının indiki halda və şəraitə nə də Azərbaycanda bu sahədəki ab-havaya dəxli olmadığından nağıl qrupuna aiddir.Belə yazılar hakimiyyətdə qıcıq yarada bilər

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər