Ru
11:13 / 14 May 2022

Azərbaycan torpaqlarında erməni vandalizmi - terror faktları - Araşdırma

526946
Son bir əsrdə ermənilər tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə, yerli əhaliyə qarşı saysız hesabsız terror, soyqırımı, insanlıq əleyhinə cinayətlər törədilib. Azərbaycan xalqı hər zaman ermənilər tərəfindən kütləvi qətlə, yaşayış yerlərinin dağıdılmasına məruz qalıblar.

1905-ci ildə ermənilər Cənubi Qafqazın müxtəlif bölgələrində, o cümlədən də Bakı şəhərində kütləvi qırğınlar törədiblər. Çoxlu sayda günahsız Azərbaycanlını qətlə yetiriblər. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində silahlı erməni quldur dəstələri Bakı şəhərində, habelə quberniyaya daxil olan Şamaxı, Quba və digər şəhər, qəzalarda on minlərlə dinc sakini amansızlıqla qətlə yetiriblər. Yaşayış məntəqələrini talan edib dağıtmış, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan ediblər. Cinayətkar ermənilər Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu hadisələrin qurbanları yalnız günahsız azərbaycanlılar deyil, bölgədə yaşayan digər xalqların nümayəndələri də olub. Yaşlı, qadın, azyaşlı uşaq xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirilib.

Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım siyasəti bununla bitməyib. Postsovet dövründə İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar bir neçə dəfə deportasiyaya məruz qalıblar. Yüz minlərlə azərbaycanlı Ermənistanda kütləvi şəkildə qətl və qəsbə edilib. Bu insanların evləri, ocaqları ata-baba yurdları dağıdılıb və yerlə-yeksan edilib.




1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı Azərbaycan tarixinə ən dəhşətli, qanlı və faciəli səhifələrdən biri kimi daxil olub. Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz və soyqırımlar içərisində Xocalı soyqırımı bu hadisələr arasında xüsusi qəddarlığı ilə seçilir. Xocalı hadisəsi ötən əsrin ən ağır soyqırımı hadisələrindən biridir.






Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətlər sırasında olan bu faciə zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. O dövrdə ermənilər yalnız Xocalıda deyil, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəylidə də soyqırım, kütləvi qırğınlar həyata keçirdilər.

1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində ermənilər dinc, günahsız və əliyalın insanları vəhşicəsinə qətlə yetiriblər. Kəlbəcər işğal olunan zaman doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Ancaq bu insanlar cəmi 17 gün mənfur ermənilərdən gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Erməni quldurları 27 nəfər silahsız əliyalın insanı güllələnib. Bir nəfəri diri-diri yandırıb, bir nəfəri isə işgəncə ilə qətlə yetiriblər. Qoca, qadın və uşaqdan ibarət 19 nəfər dinc kənd sakini isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə qaldıqdan sonra xilas olublar.




Erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı hadisə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində törədilib. Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən soyqırım nəticəsində 779 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib. Ermənilər yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım törədiblər. Bu faciə zamanı 70 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.




Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı rayonunun Meşəli kəndində 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar. Cəmilli, Quşçular və Malıbəylidə ermənilər soyqırım həyata keçiriblər.




Vətən müharibəsi dövründə də terrorçu Ermənistan öz soyqırım siyasətini, vəhşilik, qəddarlıq və qırğınlarını davam etdirdi. Gəncənin, Tərtərin və digər şəhərlərimizin gecə vaxtı davamlı raket atəşinə tutması nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan müxtəlif bədən xəsarətləri alıblar.





İkinci Qarabağ müharibəsi dövründə 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.





Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.




İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Azərbaycan dövləti Ermənistanın törətdiyi soyqırımın, cinayətlərin, vandalizmin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində daim sistemli tədbirlər həyata keçirir. Erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı müxtəlif platformalarda, beynəlxalq qurumlarda və təşkilatlarda, güclü dövlətlərlə ikitərəfli münasibətlərdə, o cümlədən rəsmi Bakının əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarda, ölkəmizin sədrlik etdiyi beynəlxalq qurumlarda vacib iş aparıb, mühüm nəticələr əldə edilib.


Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, habelə Ermənistan tərəfindən 30 il ərzində törədilən sülh və insanlıq əleyhinə cinayətlərin, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük addımlar atıb.




Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun dəstəyi ilə www.armeniancrimes.com resurs bazası hazırlanıb. Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənir. Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir. “Erməni vandalizmi” bölməsində vandalizmə məruz qalmış tarixi mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğala məruz qaldıqdan sonra 30 ilə yaxın müddətdə həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilib.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın sözlərinə əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 30 il ərzində minlərlə insan, o cümlədən, qadın, uşaq və qocalar həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub:




“Ermənilər girov götürdükləri Azərbaycan vətəndaşlarına müxtəlif dəhşətli işgəncələr veriblər. Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın 4000-ə yaxın vətəndaşı itkin sayılır. Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi. Amma Azərbaycanın Baş Prokurorluğu, Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə genişmiqyaslı iş aparıb. İtkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji test və DNT nümunələri götürülüb ki, gələcəkdə aşkar olunacaq cəsədlərin eskumasiyası zamanı onların şəxsiyyətləri müəyyənləşdirilsin. Bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrində naməlum məzarlıqlar aşkar edilib. Onların eskumasiyası həyata keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra axtarışlar daha da aktiv fazaya keçdi. Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zaman bir neçə kütləvi məzarlıqlar aşkar edildi. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətin soyqırım kimi, beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır. Bu baxımdan Azərbaycanın Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Milli Məclis rəhbərliyinin adından müvafiq beynəlxalq təşkilatlara, eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət ünvanlanıb. Lakin biz yenə də ikili standartları görürük. Mən neçə illərdir ki, uşaq və qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm, qoşulduğumuz Konvensiyalara uyğun olaraq həm uşaq hüquqları, həm də qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi ilə bağlı ölkə üzrə dövrü hesabatlar vermişik. Hər dəfə də Ermənistanın apardığı işğalçılıq siyasətini qabartmışıq, lakin həmişə olduğu kimi beynəlxalq təşkilatlar susur, sanki eşitmirlər. İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərirlər. Biz belə hallarla dəfələrlə rastlaşmışıq, lakin yenə də haqq sözümüzü demişik və bu sənədlərdə, protokollarda öz əksini tapıb. Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Ermənilərin törətdiyi bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik”.


Mİllət vəkili Fatma Yıldırım deyir ki, Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsinə sahib olan xalqlardan biridir. Ancaq mənfur ermənilər 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərindəki bir sıra mədəni tarixi abidələrimizi saxtalaşdıraraq özlərininki kimi təqdim etməyə cəhd ediblər. Özününküləşdirə bilmədikləri tarixi abidələrimizi dağıdıblar:





“30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr yerlə-yeksan edilib. Mənfur ermənilər tərəfindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda mədəni-tarixi abidələr məhv edilib. Ermənilərin törətdiyi bu cinayət, vandallıq Azərbaycan xalqının qədim mədəni-tarixi irsinə qarşı törədilmiş bir soyqırımdır. 44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra ermənilərin vətənimizdə hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq”.


Millət vəkilinin dediyinə görə, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi bu vandallığı, qəddarlığı, mədəni-tarixi irsimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində müvafiq işlər görülür. İşğaldan azad olunan torpaqlarımıza diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur.


"Burada başlıca məqsəd erməni vandalizminin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləri ölkəmizə səfəri zamanı ermənilərin işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliyinin canlı şahidi olublar. Qrup üzvləri maddi, mədəni, tarixi və dini abidələrimizin ermənilər tərəfindən məhv edilməsini vəhşilik və vandallıq adlandırıblar. Ağdama səfər zamanı müsəlman ölkələrinin nümayəndələri müsəlmanların dini abidələrinin necə məhv edildiyinin canlı şahidi olublar. Onlar gördükləri hadisələrdən çox təsirləndiklərini bildiriblər. Qeyd edim ki, ötən dövr ərzində İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsini pisləyən qətnamələr qəbul edib. Həmçinin Təşkilatın Parlament İttifaqı Xocalı soyqırımını tanıyıb. Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmi dünya ictimaiyyətinə çatdırmaq üçün İslam Əməkdaşlıq Təşkilatı mühüm beynəlxalq platformadır”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.




Sevinc
BakuPost

Şərhlər
  • Nəyinə lazım

    Allah onların bəlasına versin...

  • ????????

    Necə bunu edirlər eee.. Yazıq analara günahsız uşaqlara yazıqları gəlməyənlərə lənət olsun ????????????????

  • jennie ace

    kederlendim..

  • Eko

    Allah ermenilerin cezasını versin

  • Əli İsmayıllı

    Əla

  • Nail Abdullazadə

    Namussuz erməni vandalimidirdə bunun haqda kim bilmir ki.

  • Sənan

    Bu şəkillərə baxıb necə yazı yazmağ olar axı?

  • Aybike

    Çox kederlendim

  • Nuray

    Teqdimat hazirlamaq istedim o sekilleri gorende ermenilere qarsi nifretim dahada coxaldi

  • Mauro Icardi!

    qeseyiydi kederlendirici idi demeye soz yoxdur ne deyim... bax ermeniler........<budu

  • .

    Yalnı onu demək istəyirəm qanınız yerdə qalmadı!

  • Bilinmir

    Çox dəhşətlidir, Allah əsgərlərimizi qorusun!!

  • Xudayar

    Çox gözəl

  • Yağmur

    Çox ətraflıdır

  • mektebli

    onlara insan demek gunahdir..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər