“İndiki etiraz aksiyalarını təşkil edənlər Paşinyan hakimiyyətinə qarşı olan Rusiya yönümlü qüvvələr - Köçəryan, Sərkisyan və onların tərəfdarlarıdır. Amma hesab edirəm ki, Paşinyan hökumətinin bu cür kütləvi etiraz mitinqlərinə kifayət qədər yüksək immuniteti var, bəzi tədbirlər görülür”.
Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli Ermənistandakı etiraz aksiyaları haqda danışarkən deyib.
O, Paşinyan hökumətinin bu aksiyaların qarşısını alacağını bildirib:
“Məncə, bu etiraz aksiyaları heç bir effekt verməyəcək və yatırdılacaq. Çünki Ermənistanda gedən proseslər elə mərhələdədir ki, onu yarıda dayandırmaq mümkün deyil. Əhalinin böyük əksəriyyəti Paşinyanı dəstəkləyir, onun cəmiyyətə verdiyi mesajlar qəbul olunur. Paşinyan artıq Ermənistan dövlətinin sərhədlərinin genişləndirilməsi yox, onun varlığı haqqında düşünür. Amma qarşıda çox böyük ciddi maneələr - Rusiyanın hərbi bazası, Rusiyayönlü siyasi qüvvələr, parlamentdə Rusiya tərəfdarları, köhnə rejimi istəyənlər var. Amma bütün bunlarla yanaşı, hesab edirəm ki, Avropadan Paşinyan hökumətinə ciddi dəstək var. ABŞ Ermənistan hakimiyyətini müdafiə edir, hərtərəfli yardım göstərir. Ona görə də cəmiyyət içində müəyyən bir ümid var ki, indi gedən proseslər Ermənistanı sözün həqiqi mənasında bəlli bir inkişaf mərhələsinə çıxara bilər. Bu baxımdan indiki aksiyaların sonu əvvəlkilər kimi olacaq. Ermənistan hakimiyyəti bu mitinqləri yatırda biləcək”.
Vasif Əlihüseyn
BakuPost