Ru
16:15 / 03 Aprel 2024

“Evimdən üç tabut çıxdı, Allaha dedim ki...” - Zakir Fəxri

3668
“Allah Musa Yaquba rəhmət eləsin, həmişə onunla dərdləşirdik. Dedim ki, dünya çox maraqlıdır, insan 1 manat itirəndə bütün günü onu axtarır. Baxırsan ki, insan ömründən yarpaq-yarpaq günlərini itirir, amma bundan yan keçir. İtirə-itirə gedirsən, amma qazandıqların da olur”.

Bunu Bakupost.az -a açıqlamasında bu gün doğum günü olan tanınmış şair Zakir Fəxri deyib.

76 yaşını qeyd edən şair doğum günü təəssüratını belə ifadə edib:

"Mən iki yaşım olanda hovuzda boğulmuşam. Bir neçə dəqiqə suyun altında qalmışam. Qışqıra-qışqıra məni axtarıblar. Amma hansısa qüvvə məni oradan çıxardı. Mən o sulardan da doğuldum. Uşaq vaxtından bu günə qədər dünya mənə qəribə gəlir. Ona görə də dünyada, hətta evimin içində də qəribəm. Nə qədər istəyirəm, amma bu qəriblik canımdan çıxmır.

Bəzən mənə Allah haqqında sual verirlər. Mən Allaha çox bağlıyam və bir şeirimdə deyirəm ki:

Allahım, sən Allah, səs ver səsimə,
İlıq nəfəsimi qat nəfəsinə.
Ruhumu nuruna bürüyə bilim,
Bu yolu sonacan yürüyə bilim...

Yəni daim içiçdə bir Allah, bir də göylərdə uca Allah var. Həyatı bu cür də yaşayıram”.

Şair doğulduğu Ağdam rayonuyla bağlı xatirələrini də bölüşüb:

“Ağdamda yadımda qalan o uşaqların gülüş səsləridir. Bir də ağdamlı sözü var idi və onu deyəndə elə bilirdim ki, nazirəm. İnsanın içində bir qürur yaranırdı. Bir dəfə Xalq şairi Bəxtiyar Vahabzadə və Xudu Məmmədovla oturmuşduq. Xudu müəllim dedi ki, ən böyük ağdamlı Zakirdi, çünki o, süddən yarımçıqdı. Uşaq olanda atam məni Ağdamdan götürüb aparıb. Bir Ağdamın, Qarabağın qayıtmağıyla Türk dünyasının bütövlüyünü görürəm”.

Z.Fəxri övlad və qardaş itkisindən də danışıb:

“Allah gərək insanın içində olsun. Mənim evimdən üç tabut çıxıb və bunu təbii qarşıladım. Oğlumun dəfn mərasimində dedim ki, Allah, oğlumu sən aparmısansa, mənə de. Qəbir üstündə yağış yağırdı, o sözdən sonra yağış dayandı və qəribə bir işıq düşdü. Allah verəndə sevinirik, alanda ağlayırıq, bu düzgün deyil. Qardaşım Qarabağda tankda yanmışdı, Aqil Abbas məni yaxına buraxmadı, məscidə yumağa gətirəndə yanmış bədənində yumağa yer qalmamışdı. Aqil Abbasın əlləri əsirdi, qorxdum ki, ölər”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər