“Məlum olduğu kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək bu ölkə ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib. Təkliflər sırasında "Total" da daxil olmaqla bütün Fransa şirkətlərinin ölkədən çıxarılması, Azərbaycanın sifarişi ilə həyata keçirilən hər hansı layihədə onların iştirakına yol verilməməsi məsələsi də var. Qeyd edim ki, Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi çox da böyük deyil. Fransanın Azərbaycanda 200-ə yaxın müxtəlif şirkətləri fəaliyyət göstərir. Amma əsas rolu iki şirkət “Airbus” və “Total” oynayır. Digər şirkətlər isə ölkədə müəyyən satış həyata keçirirlər. Lakin Azərbaycan bazarında birbaşa aktiv iştirak etmirlər”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Azərbaycan “Airbus” şirkətindən sərnişin təyyarələri alır. “Total” şirkəti isə keçən ilin 90-cı illərindən Azərbaycanda fəaliyyət göstərir:
“Abşeron” qaz yatağının operatorluğu həmin şirkətə məxsusdur. Amma bütün hallarda Azərbaycanın neft ixracatında Fransanın payı cüzidir. Bu mənada Fransa ilə ticarət əlaqələrində axsamaların olmasının ölkəyə ciddi təsiri olmayacaq. Amma Fransa üçün bu çox böyük itki olacaq. Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsindən istənilən halda uduzan tərəf Fransa şirkətləri olacaq. “Airbus” şirkətilə 1,4 milyard dollarlıq müqavilə bağlanıb. “Total” şirkətinin də geniş yatırımları var. Qaz sahəsində əsas operator “Total” şirkətidir. Yəni Parisin bu anormal siyasətindən istənilən halda Fransa şirkətləri çox ciddi zərər görəcək”.
Sevinc
BakuPost