Ru
16:23 / 21 İyun 2024

Gələcəyimizi təhdid edən təhlükə: İqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə

4798

İyunun 19-dan 21-dək Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantı keçirilib. Toplantının keçirilməsində əsas məqsəd COP29-a hazırlıq? onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə etmək və müvafiq tərəflərin əməkdaşlığı üçün platformanın təmin olunmasıdır.


Tədbirdə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri”, “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti” və s. mövzularda yüksək səviyyəli qonaqların iştirakı ilə panel müzakirələri təşkil olunub. İştirakçılar iqlim dəyişikliyi ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Toplantıda həmçinin qlobal problemlərdən bir olan iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini vurğulanıb.




Prezident İlham Əliyevin Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində bildirilib ki, Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq:

“Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir .İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcək”.




Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, COP 29-un keçirilməsi ilə bağlı hazırlıq işləri intensiv şəkildə davam etdirilir:

“Azərbaycanın COP 29-la bağlı komandası çox peşəkar olaraq fəaliyyətini davam etdirir. COP təcrübəsi onu da göstərir ki, beynəlxalq məşvərətçi qruplarla da, akademiklərlə də yaxından işləmək çox vacibdir. Onların fikirləri və tövsiyələri çox ciddi şəkildə nəzərə alınır. Qlobal miqyasda iqlim dəyişikliyi prosesində yaxından iştirak edən mütəxəssislərdən ibarət beynəlxalq məşvərətçi qrup yaradılıb”.



Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq və iqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik:

“Bir tərəfdən, bu, qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq və iqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirmək deməkdir. Digər tərəfdən bu, həmin planları həyata keçirmək üçün maliyyə vəsaiti ayırmağı nəzərdə tutur. Birincisi, biz ölkələrə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri inkişaf etdirməyə kömək göstərəcəyik. Bunlar ölkənin emissiyalarını azaltmaq planlarını əks etdirən milli planlardır. İkincisi isə Milli Uyğunlaşma Planlarıdır. Bunlar bir ölkənin iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığını necə təmin edəcəyini göstərən planlardır”.




Millət vəkili Hikmət Babaoğlu deyir ki, COP29 BMT-nin qlobal iqlim dəyişikliyi ilə bağlı təşkil etdiyi ən mühüm tədbirlərdən biridir. Bu, eyni zamanda dünyanın ekoloji təhlükəsizliyi üçün çox vacib platformadır:

"Bu günə qədər COP29-a gedən yolu, hazırlıq mərhələsini təhlil etməyə çalışsaq, görəcəyik ki, hələ tədbirin keçirilməsinə bir neçə ay qalmasına baxmayaraq, Azərbaycan ona ev sahibliyi etməyə çox ciddi şəkildə hazırlaşır. İstər Azərbaycanın COP29-la bağlı yaratdığı təşkilat komitəsi üzvlərinin müxtəlif ölkələrə səfərləri, istər müxtəlif ölkə nümayəndələrinin və BMT-nin müvafiq komissiya üzvlərinin Azərbaycana səfər etməsi, aktiv iş aparması ondan xəbər verir ki, 29-cu sessiya əvvəlki 28 sessiyadan fərqlənəcəkdir. Bu, nəticə etibarilə həm də dünyanın ekoloji baxımdan daha təhlükəsiz olması üçün yeni bir mərhələ yaradacaqdır. Məlumdur ki, ekologiya və səhiyyə, sağlamlıq bir-birilə sıx əlaqədardır. Çünki insan təbiətin bir parçasıdır. Təbiətdə baş verən hər hansı neqativ proses, şübhəsiz ki, birbaşa onun sağlamlığına da təsir göstərir. Ona görə bu məsələlərin kompleks şəkildə ələ alınması bir daha onu göstərir ki, COP29 bu məqsədlər üçün təşkil olunmuş ən uğurlu tədbirlərdən biri kimi yadda qalacaqdır".




Millət vəkili Azər Kərimli bildirib ki, bu gün iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. İqlim dəyişikliklərinin yaratdığı böhran və onun fəsadları, bütün ölkələrin inkişafına ciddi əngəllər törətməklə yanaşı, hər kəsin həyatı, gündəlik yaşam təzi, sağlamlığı üçün ciddi problemlər yaradır, bəşəriyyətin gələcəyini təhlükə altına alır:

“ Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəmizin qlobal iqlim dəyişmələri və onların fəsadlarına qarşı mübarizəyə, həm də ardıcıl, sistemli yanaşmasını nümayiş etdirir. Azərbaycanın məqsədi prosesin sürətlə irəliyə doğru aparılmasıdır və COP29 öncəsi ölləmizdə qlobal iqlim dəyişmələri ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi, ən müxtəlif formatlarda dialoq platformalarının yaradılması da bunu sübuta yetirir. Əminəm ki, ölkəmizin COP29-un təşkili prosesində nümayiş etdirdiyi yüksək təşkilatçılıq məharəti və prosesin ardıcıllığının təmin edilməsi istiqamətində nümayiş etdirdiyi yüksək peşəkarlıq bu istiqamətdə yeni və daha yüksək standartların yaranmasına yol açacaq”.




Millət vəkili Aydın Hüseynovun dediyinə görə, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir. Bu, Azərbaycanın daha da artan nüfuzunu nümayiş etdirir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır, “yaşıl iqtisadiyyat” quruculuğöu yolunda təşəbbüsləri bir araya gətirir. Bu baxımdan COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcəkdir:


“Alternativ enerji ilə bağlı layihələr və “yaşıl enerji”nin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir. Bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Bu mötəbər tədbirin “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. Yəni, bu baxımdan düşünürəm ki, konfrans çox əhəmiyyətli tədbirdir. "Yaşıl dünya naminə həmrəylik ili”ndə isə Azərbaycanın bütün dövlət, özəl qurumları bu və ya digər formada birbaşa və ya dolası ilə adıçəkilən proseslərdə fəal iştirak etməklə dövlətin bununla bağlı mövcud siyasətinə dəstək vermiş olacaqlar”.





Millət vəkili Məzahir Əfəndiyev vurğulayıb ki, dünyada cərəyan edən transformasiya prosesləri, eləcə də nəzərəçarpan hadisələr birbaşa olaraq ekoloji mühitin pozulması və iqlim dəyişikliyi fonunda baş verir. Bu proses özü-özlüyündə məsul dünya dövlətləri tərəfindən ciddi addımlar atılmasını, ortaya daha aydın mövqe qoyulmasını diktə edir. BMT-nin hər il təşkil olunan COP tədbirlərində bu istiqamətdə görülən işləri müşahidə edirik. Bu il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara hər zaman həssaslıq nümayiş etdirdiyinin əyani sübutudur:

“COP29-un əsas məqsədi planetin inkişafına töhfə verə biləcək yanaşmaların mexanizmə çevrilməsidir. Məhz həmin mexanizm az inkişaf etmiş, bu sahədə geridə olan dövlətlərin ətraf mühitin qorunması, eləcə də iqlim dəyişikliyi ilə mübarizə prosesində iştirakçılıqlarını təmin etmək, qəbul olunmuş qərarların icrasına nail olmaq yollarını ortaya qoyacaq. Azərbaycan 120 ölkənin birləşdiyi, BMT-dən sonra dünyada ən böyük təsisat olan Qoşulmama Hərəkatına dörd ilə yaxın sədrliyi dövründə nümayiş etdirdiyi əzmkarlığını COP29-un keçirilməsində də göstərəcək və qarşıda duran vəzifələrə nail olmaq üçün səylərini əsirgəməyəcək”.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər