Ru
17:32 / 17 Sentyabr 2026

ABŞ-dən gözlənilməz addım: FES illər sonra ilk dəfə FAİZİ ARTIRDI – Qızıl və neft çökdü, “Bitcoin” ucuzlaşdı

ABŞ-dən gözlənilməz addım: FES illər sonra ilk dəfə FAİZİ ARTIRDI – Qızıl və neft çökdü, “Bitcoin” ucuzlaşdı
Eye

Qlobal maliyyə bazarlarının həyəcanla gözlədiyi ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsi ilə bağlı yekun qərarını açıqlayıb.

"Bakupost" xəbər verir ki, bank 2023-cü ildən bu yana ilk dəfə faiz artımına gedərək faizini 25 bal bəndi artıraraq, 3,75– 4,00 faiz aralığına yüksəldib.

Bildirilir ki, əmək bazarındakı güclü göstəricilər, yüksələn inflyasiya gözləntiləri və FES sədri Kevin Vorşun inflyasiya ilə mübarizədə qətiyyətli mövqeyi bu faiz artımını şərtləndirən əsas amillərdən olub.

Qərar elan edildikdən sonra qlobal birjalarda və rəqəmsal aktivlər bazarında ciddi dinamika müşahidə edilib. ABŞ Senatında rəqəmsal aktivlərlə bağlı "CLARITY Act" qanun layihəsinin səsvermədən keçməməsi fonunda Bitcoin 75 min 780 dollara geriləyib, "Coinbase" birjasının səhmləri isə 10 faiz dəyər itirib. ABŞ-nin 10 illik istiqraz gəlirləri isə 5 faiz səviyyəsində dəqiqləşib.

"Brent" markalı neftin barreli 108,1 dollara, qızılın onsu isə 4 min 321 dollara enib.

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Bakupost”a bildirib ki, əslində FES-in verdiyi qərar gözlənilən idi:

“Bu məsələ iki aya yaxındır müzakirə olunduğundan, bazar və birjalar prosesə o qədər də kəskin reaksiya verməyib. Atılan addım müvəqqəti olaraq dollar indeksinin bir qədər yüksəlməsinə səbəb olacaq”.

Ekspertin sözlərinə görə, FES bu qərarı əsasən inflyasiya ilə mübarizəni gücləndirmək məqsədilə verib:

“Müharibə və münaqişələr kontekstində enerji daşıyıcılarının qiyməti kəskin artıb. ABŞ-də əsasən də dizel yanacağı kəskin yüksəlib. İndi dizelin bir qalonu 6 dollara satılır. Bu da çox yüksək qiymətdir. Daşımalarda dizel yanacağı önəmli olduğundan bu da inflyasiyaya, ərzaq və qeyri-ərzaq məhsullarının yüksəlməsinə səbəb olur. Ona görə də FES inflyasiya ilə mübarizə çərçivəsində bu addıma gedib”.

Müsahibimiz FES-in qərarının uzun sürən təsirlərinin olacağını düşünmür:

“Çünki FES-in ardıcıl olaraq faiz artımına getməsi də şübhə altındadır. Bu da ondan irəli gəlir ki, Tramp adminstrasiyası faiz artımına qarşı çıxır. Trampın buna kəskin reaksiyası da oldu. Belədə, gələn ilin əvvəlində ABŞ-də hətta fazilərin aşağı düşməsi trendini də görə bilərik. Neft qiymətləri düşsə, inflyasiya zəifləsə, FES güman ki, yenidən faizlərin uçot dərəcəsini yenidən aşağı çəkə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar