Azərbaycanda insan həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən mallarla bağlı yeni tədbirlərin tətbiqi nəzərdə tutulur.
Bu, “Texniki tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bəs təhlükəli mal necə müəyyən ediləcək və bazardan hansı məhsullar yığışdırıla bilər?
"Bakupost" xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Musavat.com-a qeyd edib ki, söhbət təhlükəli, insan sağlamlığı və həyatı üçün risk yaradan, eləcə də texniki baxımdan tələblərə uyğun olmayan mallardan gedir.
“Qanunvericiliyə uyğun olaraq, Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti əvvəllər İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərirdi, hazırda isə müstəqil şəkildə fəaliyyət göstərir. İstehlak bazarına nəzarəti birbaşa həyata keçirən qurum məhz bu xidmət olduğuna görə, hazırkı qanun layihəsində də icra qurumu kimi həmin qurum müəyyənləşdirilib. Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi də qida məhsullarının mövcud standartlara, qaydalara və normativlərə uyğun olub-olmadığını müəyyən edir. Bu proses laboratoriya sınaqları, yaxud müqayisəli sistem vasitəsilə həyata keçirilə bilər”, - V.Oruc deyib.
Onun sözlərinə görə, əgər laboratoriya sınaqları nəticəsində məhsulda təhlükəli göstəricilər aşkar olunarsa, həmin mallar bazardan yığışdırıla, geri çağırıla və ya utilizasiya, yəni ləğvetmə prosesinə cəlb oluna bilər.
Ekspert bildirib ki, eyni zamanda, malların texniki parametrlərə və texniki reqlamentlərin müəyyən etdiyi tələblərə uyğun olmaması da əsas faktorlardan biridir: “Hər hansı xarici mal bazara təqdim edilərkən müvafiq sertifikata, yəni uyğunluq sertifikatına malik olmalıdır. Əgər həmin sertifikat yoxdursa və ya sonradan uyğunluq sertifikatı alınsa belə, həmin məhsulun istehlakı nəticəsində hər hansı təhlükə yaranıbsa, qanunvericiliyə uyğun olaraq həmin malların bazardan geri çağırılması və ləğv edilməsi ilə bağlı tədbirlər görülməsi müvafiq icra qurumunun vəzifəsidir”.
Bura qida məhsullarından başqa elektrik və elektron avadanlıqlarını da aid edən V.Oruc vurğulayıb ki, standartlara cavab verməyən belə məhsullar bazardan yığışdırıla bilər: “Eyni zamanda, yanğın və partlayış riskləri yaradan məhsullar, insan sağlamlığı üçün təhlükəli kimyəvi maddələr ehtiva edən mallar da bu kateqoriyaya daxildir. Uşaqlar üçün də bir çox hallarda təhlükəli oyuncaqlar istehsal olunur. Belə oyuncaqların yerli bazara gətirilməsi müəyyən edilərsə, həmin malların geri çağırılması və utilizasiyası həyata keçirilə bilər. Bundan başqa, riskli məişət və sənaye avadanlıqları, saxta və uyğunluğu təsdiq olunmayan digər məhsullar da bu sıraya aid edilə bilər”.
Vüqar Oruc qeyd edib ki, bütün bunlar laboratoriya sınaqları vasitəsilə həyata keçirilməlidir: “Çünki bir çox hallarda görürük ki, hətta rəqabət prinsiplərini pozmaqla bir istehsalçının məhsulunu digərini bazardan çıxarmaq məqsədilə müəyyən kriteriyalara cavab vermədiyi də iddia oluna bilər”.