Ru
18:02 / 22 Aprel 2024

"İki lider xarici təhlükəyə qarşı birgə cavab axtarır" - "Kommersant" Əliyevin Moskva səfəri haqda

3429
"Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Moskvada Vladimir Putinlə danışıqlar aparacaq. Bu, iki prezidentin 2024-cü ildə yenidən seçildikdən sonra ilk üz-üzə təması olacaq".

Bakupost.az xəbər verir ki, bu fikirlər Rusiyanın "Kommerst" nəşrinin "Moskvanın Bakı vaxtı" adlı məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Rusiya sülhməramlılarının vaxtından tez Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyasının gedişində dörd kəndin Azərbaycana qaytarılması Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında İrəvanın Qərblə yaxınlaşması kontekstində işini dayandırmış üçtərəfli danışıqlar formatını canlandırmaq şansı verir.



Qeyd olunur ki, İlham Əliyevdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada İrəvanın xarici siyasət strategiyası ilə bağlı ciddi söhbəti gözlənilir:

"Bu il iki liderin öz ölkələrində keçirilən prezident seçkilərində inamla qalib gəldikdən sonra ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyidir.



İlham Əliyevin aprelin 22-nə planlaşdırılan Moskvaya bir günlük işgüzar səfəri ötən həftənin sonunda Kremlin mətbuat xidməti tərəfindən açıqlanıb. “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, o cümlədən aktual regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə iki ölkə və onların liderləri arasında qarşılıqlı əlaqənin nüanslarına dair bütün məlumatları əks etdirməyən qısa mesajda bildirilirdi.

Rusiya prezidentinin iştirakı ilə Amur vilayətində əsas bayram tədbirləri iyulun 8-nə planlaşdırılsa da, Vladimir Putin və İlham Əliyev bu hadisəni nəzərəçarpacaq dərəcədə vaxtından əvvəl qeyd etməyi zəruri hesab ediblər. Azərbaycanın indiki prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi vaxtilə avtomobil yolunun tikintisi ilə bağlı məsələlərə şəxsən nəzarət edib".

Daha sonra məqalədə qeyd olunur ki, Rusiya və Azərbaycanda yeni siyasi mərhələ başlayandan sonra iki lider arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurətini Cənubi Qafqazda dəyişən vəziyyət diktə edir:

"Bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenariləri ortaya qoyur.



Prezident Əliyevin səfərindən az öncə Moskva və Bakıda mandatı hələ 2025-ci ilin noyabrında başa çatacaq Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlamaq barədə qərarın elan edilməsi yeni xəbər idi. Bu hadisə bir çox şərhlərə səbəb oldu: Rusiyada, Azərbaycanda və Ermənistanda bunun nə demək olduğu barədə fərziyyələr, müxtəlif, daha çox da konspirativ nəzəriyyələr irəli sürüldü".

“Kremldə danışıqlar ərəfəsində elan edilən Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsi gələcəkdə regional təhlükəsizliyin təmin edilməsində mühüm mərhələdir. Azərbaycanın ayrılmaz hissəsi kimi Qarabağdakı vəziyyətə görə tam məsuliyyət hazırda birbaşa Azərbaycan dövlətinin üzərinə düşür. Moskva Bakının bu problemi həll etmək üçün bütün lazımi resurs və imkanlara malik olduğunu başa düşdüyünü nümayiş etdirir" - deyə azərbaycanlı ekspert, Qafqaz Tarixi Mərkəzinin Rizvan Hüseynov “Kommersant”a açıqlamasında bildirib.

O qeyd edib ki, qəbul edilən qərar prezidentlər Putin və Əliyev arasında şəxsi etimad münasibətlərinin yüksək səviyyədə olmasının sübutudur:

"İndi əsas təhlükəsizlik məsələləri birtərəfli qaydada deyil, onlar tərəfindən həll edilir”.

R.Hüseynovun fikrincə, sülhməramlıların Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli bəyanatda əvvəlcədən razılaşdırılmış vaxtdan il yarım əvvəl ölkəni tərk etməsini şərtləndirən digər amil bölgədə yeni təhlükəsizlik təhdidləri olub. Söhbət Ermənistanın Avroatlantik strukturlara inteqrasiya planlarından, Qərbin İrəvan üzərində ABŞ və NATO-nun “təhlükəsizlik çətiri”ni açmaq cəhdlərindən gedir:

"Ermənistan son vaxtlara qədər öz ərazisində Qərbin mövcudluğunun güclənməsinə haqq qazandırmaq üçün Qarabağda Rusiya sülhməramlılarının olduğuna və onun mövcudluğunun balanslaşdırılmasına istinad edirdi. Bu da öz növbəsində Qərbə Ermənistandakı mövcudluğunu artırmağa bəhanə verirdi. Söhbət Moskva və Bakıda Aİ-nin gizli hərbi-polis missiyası sayılan, “humanitar missiya” adı altında avropalı müşahidəçilərin Azərbaycanla sərhəddə yerləşdirilməsindən və Ermənistan vasitəsilə regiona nüfuzun digər formalarından gedir. Lakin indi Ermənistan Qərbin oyununu davam etdirmək üçün bəhanə kimi Rusiya sülhməramlıları faktoruna istinad edə bilməyəcək. Bu qərarın Kremldə ən yüksək səviyyədə Rusiya-Azərbaycan danışıqlarına səbəb olduğunu xüsusi qeyd etmək lazımdır”, - Rizvan Hüseynov bildirb.



"Kommersant" yazır ki, prezidentlər Putin və Əliyev arasında Moskvada keçirilən danışıqlar ərəfəsində böyük beynəlxalq rezonans doğuran, BMT, ABŞ, Aİ, Türkiyə rəhbərliyinin reaksiyasına səbəb olan ikinci hadisə ötən cümə günü əldə olunmuş razılaşmadır:

"Belə ki, Ermənistanın şimal-şərqində Bakının nəzarətinə keçəcək dörd kəndin bir hissəsində sərhədin demarkasiyası ilə bağlı razılıq əldə olunub.

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə sərhəddə baş tutan görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyib. Onlar yeni sərhədlər yaratmadıqlarını, əksinə SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri de-yure bərpa etmək istədiklərini bildiriblər.

Danışıqların yekunu üzrə verilən birgə bəyanatda iki ölkənin komissiyaları sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacağına dair razılığa gəliblər. Bundan əlavə, komissiyalar Ermənistan-Azərbaycan sərhədinin qalan hissələrinin delimitasiyası prosedurunu razılaşdıracaqları və anklavlar/eksklavlar probleminə də toxunacaqları barədə razılığa gəliblər".

Daha sonra "Kommersant" Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə razılaşmaya dair şərhindən sitat gətirib. Paşinyan bildirib ki, bu, mühüm nailiyyətdir:

"Mən bu hadisəni suverenliyimizin və müstəqilliyimizin inkişafında növbəti mərhələ üçün təməl daşı hesab edirəm. Bu qərar həm də bu hissədə və sərhəd xəttinin bütün uzunluğunda təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldacaq”.


"Kommersant" qeyd edir ki, sərhədin demarkasiyası ilə bağlı Nikol Paşinyan Rusiya hərbçilərinin Azərbaycanla həmsərhəd ərazilərdən çıxarılmasını istisna etməyib.

Xatırladırıq ki, 2020-ci ilin payızında, ikinci Qarabağ müharibəsindən sonra 102-ci Rusiya hərbi bazasının dayaq məntəqələri Ermənistanın cənubundakı Sünik rayonunda Azərbaycanla həmsərhəd bölgədə yerləşdirilib.

“Rusiya postları orada konkret vəziyyət nəticəsində orada yaranıb. İndi baş verənlər, təbii ki, vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsindən xəbər verir. Və təbii ki, situasiyanın əhəmiyyətli dərəcədə dəyişməsi bütün istiqamətlərdə öz təsirini göstərəcək”, - deyə "Kommersant" Paşinyanın ötən şənbə günü səsləndirdiyi fikirlərdən sitat gətirib.

“Sərhəd sülhün əlamətidir. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı fəaliyyət göstərərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”, - deyə Paşinayn əlavə edib.

Rusiya nəşri bundan əvvəl Rusiya sərhədçilərinin avqustun 1-də İrəvanın Zvartnots hava limanından çıxarılacağı barədə məlumat yayıldığını xatırladır və yazır:

"Beləliklə, son günlər baş verən hadisələr Moskva-Bakı-İrəvan üçbucağında yeni kolliziya yaradır və görünür, bu, prezidentlər Putin və Əliyev arasında Kremldə keçiriləcək danışıqların əsas predmetinə çevriləcək.



Xarici işlər naziri Sergey Lavrov ötən həftənin sonunda Rusiya mətbuatına verdiyi müsahibədə Ermənistanla münasibətlərdən danışarkən, İrəvanın israr etdiyi bir məsələyə toxunub. O deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasının müəyyənləşdirilməsindən danışmazdan əvvəl Ermənistanın “sərhədlərini müəyyən etməsi, delimitasiyanı başa çatdırması zərurdir”.

Sergey Lavrov Qarabağ ermənilərinin guya Rusiya sülhməramlılarının hərəkətsizliyi ucbatından regionu tərk etməsi barədə bəyanatları da “yanlış” adlandırıb. Lavrov deyib ki, o, vəziyyətin vicdanlı müzakirəsi üçün Rusiya və Ermənistan arasında ən yüksək səviyyədə təmasların davam etdiriləcəyinə ümid edir:

“Nikol Vovaeviç Paşinyan dedi ki, onlar Rusiya ilə münasibətləri dəyərləndirirlər. Rusiyanın təhlükəsizlik, iqtisadiyyat, suverenlik üçün etdiklərini qiymətləndirmək lazımdır. Ümid edirəm ki, prezidentlə təmaslar olacaq və orada bizim qərbli bədxahların irəli sürdüyü arqumentlərsi bu məsələləri açıq şəkildə müzakirə etmək mümkün olacaq”, - Rusiya XİN rəhbəri bildirib.

"Kommersant" qeyd edir ki, öz növbəsində Vladimir Putinlə mümkün görüşü ilə bağlı suala Nikol Paşinyan belə cavab verib: “Görüş olacaq, çünki görüşməmək planımız yoxdur. Amma nə vaxt, necə, indi deyə bilmərəm”.




Zahid
BakuPost
Şərhlər
  • Reallığı unutmayın

    Uzun illərdir Azərbaycana zərər vuran,Qarabağ müharibəsini təşkil edən.10 mindən artıq insanıarımızın şəhid olmasına səbəb olan ,illərdir əhalini normal yaşamdan məjrum edən ölkədən hansı təhlükəsizlik təminatı gözləmək ağılabatandır.200 ildən artıqdır ki.,Azərbaycan xalqı Rusiyadan əziyyət çəkir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər