Ru
21:30 / 03 Aprel 2024

“İndiki faizlərlə ipotekanı ödəmək çox çətindir” - Ekspert

2275
“İpotekaya xitam verilən halların artması şərtlərin sərt olması ilə əlaqədardır. Əgər biz dünya təcrübəsinə baxsaq, görərik ki, ipoteka şərtləri hər bir halda istehlakçılar, kredit götürənlər üçün mürəkkəb olur. Amma ipoteka siyasətinin effektiv olması üçün ilk növbədə faiz dərəcələri əlçatan və yumşaq olmalıdır. Əks halda hansısa müsbət effektdən söhbət gedə bilməz. Xüsisilə də nəzərə almalıyıq ki, əhalinin real maddi imkanlarında son dövrlər elə də böyük artım olmayıb. Bu halda onlar ipoteka kreditlərini necə ödəyə bilərlər”.



Bu fikirləri Bakupost.az -a açıqlamsında iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib.

O bildirib ki, əhalinin digər istiqamətlər üzrə də kredit yükü az deyil. Eyni zamanda real daxilolmaların pul baxımından artmaması şəraitində şübhəsiz ki, faiz dərəcələri ilə ipotekanı sona çatdırmaq çox çətin məsələdir:

“Onu da qeyd etməliyəm ki, ümumiyyətlə, faiz göstəriciləri, kredit yükləmələri əhalinin real gəlirlərindən çox olduqda, bu, iqtisadiyyatda ciddi qeyri-tarazlıqlara səbəb olur. Ona görə də bu məsələlər hökumətin və Milli Bankın daim diqqət mərkəzində olmalıdır”.

Elşad Məmmədov hesab edir ki, Azərbaycanda ipoteka faiz dərəcələrinin yumşaldılması üçün ilk növbədə Mərkəzi Bank tərəfindən pul-kredit siyasətinin məqsədli istiqamətlər üzrə yumuşaldılmasına ehtiyac var:

“Uçot dərəcəsinin azalması ilə bu problem öz həllini tapa bilməz. Məsələyə daha geniş yanaşılmalıdır. Çünki uçot dərəcəsinin ipoteka kimi uzun müddətli kredit xətlərinə demək olar ki, təsiri çox cüzidir. Yəni o heç bir halda problemin həllinə səbəb ola bilməz. Məqsədli, o cümlədən ipoteka üçün kredit-pul xətləri açılmalıdır ki, o vasitə ilə vəsaitin də təyinatı üzrə getməsinin təmin edilməsilə əhali üçün lazımlı, prioritet istiqamətlərə əlçatan kreditlər açılsın. Mərkəzi Bank bunu öz siyasətinin prioritetlərindən birinə çevirməlidir. Çünki bank sektorunun başlıca məqsədi, hədəfi, missiyası məhz iqtisadiyyata lazım olan həcmdə pulların ötürülməsindən ibarət olmalıdır. Biz görürük ki, bu istiqamətlərdə problemlər var. Elə ipotekadakı problemlər də xeyli dərəcədə məhz pul-kredit siyasətinin effektiv olmaması və kredit xətlərinin investisiya artımına lazımi şəkildə xidmət etməməsi ilə bağlıdır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər