İsrailin İrana hücumunun ilk günündə SEPAH-ın komanda heyətini - yüksək rütbəli generalları, nüvə alimlərini, strateji hərbi obyektlər birbaşa zərbələrlə məhv etməsi şok effekti yaratdı. Rəsmi Tehran hələ də bu uğursuzluğun təsirindən xilas ola bilmir. Bu səbəbdən İsrail hələ də İran ərazisində rahatlıqla hərbi əməliyyatlar həyata keçirə bilir. Söhbət təkcə modern qırıcılar və raketlərlə hücumlardan deyil, həm də kəşfiyyat-diversiya fəaliyyətindən, İranın daxilində yerləşdirilən mobil qruplar vasitəsilə ölümcül zərbələr endirilməsindəm gedir.
İranın İsrailin hücumlara qarşısında gözlənildiyindən də aciz qalması ciddi suallar doğurur. Tehran niyə İsrailə aviasiya və hərbi kəşfiyyat imkanları ilə eyni səviyyədə cavab verə bilmir?
Hərbi ekspert Ədalət Verdiyev
Bakupost.az-a açıqlamasında bildirib ki, İranın İsrailə cavab reaksiyaları getdikcə zəifləyir:
"Görünən odur ki, İsrail artıq İran səmasında cəzasızlıq mühitində fəaliyyət göstərir. İranın isə itkiləri getdikcə artır, xüsusilə nüvə sahəsi ilə məşğul olan alimləri və SEPAH-ın rəhbər heyəti zərərsizləşdirilir.
Digər tərəfdən, İranın dəqiq olmayan hipersəs və ballistik raketlərinin zərbələrini izləyirik. Bu zərbələr daha çox İsrailin hərbi infrastrukturuna deyil, mülki əhalinin yaşadığı ərazilərə endirilir. İsrail isə daha dəqiq zərbələrlə İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxardı, sonra aerodromları, enerji infrastrukturu və neft-qaz hasilatı müəssisələrini məhv etdi. İranın əlində müasir aviasiya vasitələri mövcud deyil, onların bir çoxu Məhəmməd Rza Pəhləvi dövründə ABŞ-dən alınmış təyyarələrdir ki, bu günün hava döyüşləri üçün çox zəifdirlər.
Ümumiyyətlə, İran ehtiyat hissələri əldə edə bilmədiyi üçün qırıcıların bir çoxu nasazdır. Əldə olanlar isə İsrailin F-35 və digər qırıcıları qarşısında zəif olduğu üçün havaya belə qaldırılmır.
İran Hərbi Hava Qüvvələri dünyanın ən müasir qırıcılarına malik İsrail Hərbi Hava Qüvvələri ilə mübarizə aparmaq iqtidarında deyil. Bir həftə ərzində İranın müqavimət potensialı tükənə bilər. Nəzərə alsaq ki, bu proseslərə ABŞ-ın da regiona göndərilən iki aviadaşıyıcı qruplaşması qoşula bilər, o zaman İran rejimi daha tez süquta uğrayacaq".
Aysel,
BakuPost