Ru
16:25 / 17 Noyabr 2022

İranın şiələr üçün etmədiyini Ərdoğan edir - Rza Rzayevin yazısı

5518


Rejissor, aktyor

Rza Rzayev












İllər öncə məzhəblər haqda bir məqalə yazmışdım. Sadə insanlardan tutmuş sayılan din alimlərimizə, millət vəkilimizə kimi zəng edəni, mesaj yazanı oldu, hamısı da təhlilin və yanaşmanın doğru olduğunu və bəyəndiklərini söylədilər.

Bu yazımda məzhəb məsələsinə toxunsam da, dərdim başqadır.

Dünyada yeni proseslər gedir, amma bu proseslər ən azı 30 il öncə müəyyən edilib və yönləndirilir.

"Siyasət coğrafiyası" deyilən anlayış var və banisi Ratzeldir. Amma ilk dəfə geopolitika terminini Rudolf Kjellen işlədib və coğrafiyanın dövlətlərin var olmasında mühüm yer tutduğunu söyləyib.

Müxtəlif adlarda klassik siyasət nəzəriyyələri və müasir siyasət nəzəriyyələri var, yəni dünyada gedən proseslər təsadüfi deyil, məqsəd üzrə yönləndirilir.

Liberalizm ilə sosializmin davası SSRİ-nin dağılması ilə bitdi, dünya yeni fikrə, yeni baxışlara ehtiyac duydu, yəni, yeni savaşlara...

Soyuq müharibə bitdikdən sonra - 90-cı illərin əvvəllərində yeni siyasi tezislər ortaya atıldı. Bunlardan ikisi - Fukuyamanın "Tarixin sonu" və Samuel Hantinqtonun "Mədəniyyətlərin savaşı" tezisləridir.

Hantinqtonun tezisi daha çox müzakirəyə səbəb oldu və zaman-zaman dünyada gedən proseslərdə özünü göstərdi.

Sözsüz ki, bu tezislər də məqsədli yazılıb, əsl gerçəklərin, məqsədlərin üstü torpaqlanıb və izi azdırmaq üçün içinə bir neçə gerçəklik qatılıb, yəni gələcəkdə baş verəcəklərdən bir neçəsini dəqiq yazıblar ki, yazılanlar gerçəklik kimi qəbul edilsin.

Hantinqtonun tezisinin əsasını təşkil edən ana xətt budur ki, ideoloji və iqtisadi müharibələr bitdi, bundan sonra mədəniyyətlərin (dinlərin, çünki mədəniyyətlərin əsasını dinlər təşkil edir) müharibəsi başlayır, dünyada bundan sonra 7-8 mədəniyyət qalacaq, onların içində Qərb üçün daha təhlükəlisi İslam ilə yanaşı Rus və Çin mədəniyyətləridir.

Gəlin görək, Hantinqton nə qədər düz danışır? Bu gün baş verənlər başqadır, Qərbin və Amerikanın əsrlərdir müəyyənləşmiş məqsədlərində üz dəyişikliyi olsa da, mahiyyət və məzmun dəyişməyib. Qərbin məqsədləri eyni qalıb. Bu gün böyük və güclü xristian dövlətlərinin (eyni mədəniyyəti bölüşənlərin) çoxu xristian dövləti olan Rusiyanı hədəf alıblar, onu məhv etmək istəyirlər.

Bu dövlətlərin Rusiya ilə məzhəb ayrılıqları var, amma düşmənçiliyə səbəb məzhəb ayrılığı da deyil. Dünya gücləri bu gün Rusiya üzərinə hücumu həm də eyni məzhəb daşıyıcısı olan Ukrayna dövləti üzərindən təşkil ediblər. Ruslar ilə ukraynalıların eyni məzhəb daşıyıcısı olmaları belə onların arasında bu gün gedən mübarizəni, düşmənçiliyi ortadan qaldıra, önləyə bilmir, səbəb - milli və dövlət maraqlarıdır, yeri gələndə, din və məzhəb yada düşmür. Hantinqtonun tezisi işləmir.

İranın bir çox dövlətlər və Azərbaycan ilə arasında məzhəb bağlılığı var. Məzhəb eyniliyi olan başqa dövlətlər (məsələn, Tacikistan, Suriya, İraq) Azərbaycan qədər İran ilə iç-içə deyil, çünki bu gün İran adlanan dövlətdə əsl mənşəyi türk olan 30 milyondan artıq azərbaycanlı yaşayır.

Və buna diqqət edək, dünya gücləri Rusiyanın qarşısını kəsmək üçün istifadə etdikləri taktikadan Azərbaycana qarşı da istifadə edirlər, eyni məzhəbdən olan dövləti üzərimizə salırlar.

İran uzun illərdir, yəni 90-cı illərin əvvəllərindən ermənilərə və PKK-ya dəstək verir, müsəlman Türkiyəsinə və məzhəb eyniliyi olan Azərbaycana qarşı durur, onları qonşuluğunda zəif salmaq istəyir.

Və İran (farslar) erməniyə (Türk düşməninə) verdiyi dəstəyə haqq qazandırmaq istəyir, bizi İsrail ilə əlaqədə suçlayır. Əslində isə Azərbaycan xalqı 1992-ci ildə Xocalı soyqırımı törədiləndə və torpaqlarımız işğal olunanda dəstəyi İrandan gözləyirdi, İsrail dövlətindən yox. O vaxt İran rəsmiləri Azərbaycan və Ermənistan rəsmilərini İranda görüşdürdülər, guya vasitəçilik edirlər və nəticədə Şuşa işğal edildi.

Və həmin zaman kəsimində İranın erməniyə satdığı Şuşa uğrunda sona qədər döyüşən, Şuşanı öz canı hesabına qorumağa çalışan və sonda şəhid olan yəhudi balası Albert oldu.

İndi biz müsəlmanı (Azərbaycanı) qoruyan İsraili (yəhudini) sevməliyik, ya Ermənistana (Türk və müsəlman düşməninə) dəstək verən İranı?!

İran niyə belə edir, qarnının sancısı nədir?

İslam dünyasına məxsus milli dövlətlər var və bu milli dövlətlərin milli maraqları və məqsədləri var. Bu milli dövlətlər milli maraqlarını həyata keçirmək üçün, varlıqlarını qorumaq üçün fərqli məzhəb seçimi ediblər. Məzhəbləri siyasiləşdiriblər, dindən dövlət maraqlarını həyata keçirmək üçün istifadə edirlər, yəni dövlətləri din üçün deyil, din dövlətləri üçündür.

Siyasiləşmiş əsas məzhəblər, təriqətlər bunlardır, şiəlik (Cəfərilik - İranda), Sələfilik (vəhabizm - Səudiyyə Ərəbistanında), nurçuluq (FETÖ - Türkiyədə) və hər üçü də Türkə və Türkiyəyə qarşı siyasiləşdirilib, Türkiyəni zəif salmağa çalışıblar, gücləri çatanda havadarlarının hesabına Türkiyəni arxadan vurublar.

Bir daha söyləyirəm, farslar milli dövlətlərini qorumaq üçün şiəlikdən istifadə edirlər, bu qaydadır (buna pis baxmaq lazım deyil). Bizim də milli dövlətimiz var, dövlət və milli maraqlarımız var, biz də maraqlarımızı qoruyuruq. Zaman, dövr gəlib, illərdir pozulan hüquqlarımızı, tapdanan haqlarımızı, itirilən ərazilərimizi bərpa etmək gücü qazanmışıq, bu gün (əslində həmişə) farslar ilə maraqlarımız üst-üstə düşmür, İran ilə üz-üzə qalmışıq.

İran da özünü Müaviyyə, Yezid kimi aparır, Həzrəti Hüseyn kimi haqqını arayan, haqq yoluna çıxan Azərbaycana xox gəlir. İran Müaviyyəni, Yezidi söyə-söyə Müaviyyə kimi, Yezid kimi yolumuzu kəsməyə çalışır, sərhədimizə qoşun yığır, təlim keçir, amma gec qaldığını anlamır.

Tofiq Fikrət demişkən,

"Zülmün topu var, gülləsi var, qəlpəsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır".

İran müsəlman ölkələrinə liderlik etmək istəyindədir, amma bunun üçün heç bir əsası yoxdur, bu iddia yersizdir.

Birincisi, İrana (farslara) qarşı müsəlman dünyasında baxış birmənalı deyil, ikincisi, farsların İslam dünyasındakı yeri və etnik sayı buna imkan vermir, üçüncüsü, farsların bunun üçün İslam tarixində öncələri yoxdur. Çünki Farslar İslamdan dövlət maraqları üçün istifadə edirlər, onları tək maraqlandıran budur, tarixdə ideoloji xətlərini dövlətlərini qorumaq üçün dəfələrlə dəyişiblər. Tarixdə şiəliyi daha çox yayan farslar deyil, şiəlikdən istifadə edənlər farslardır, şiəliyin daha çox yayılması da türklərə bağlıdır, yəni Şaha.

Müsəlman ölkələrinə başçılığı tək Türkiyə haqq edir, İslam tarixində öncələri olan tək dövlət Osmanlı olmuşdur. Müasir Türkiyənin bunun üçün güclü, təcrübədən keçmiş ənənələri var. Sadəcə illərdir liderliyə iddia edən lider yox idi, amma bu gün O lider var və O, meydandadır.

Bir daha söyləyirəm, İranın şiəliyi təbliğ etməsi, farsların özlərini müsəlman edən ikinci Xəlifəyə nifrət yağdırması əslində Böyük Həzrət Əliyə, Həzrəti Hüseynə olan sevgidən doğmur, farsların milli və dövləti maraqlarından irəli gəlir. İran ənənəvi şiəliyi siyasiləşdirir, şiəlikdən istifadə edir, dövlət maraqlarını həyata keçirir, amma bu dəfə pis yerdə ilişib, ortada bütün dünya müsəlmanlarının haqqını qoruyan Böyük Ərdoğan var.

Böyük Ərdoğan mövcud Türkiyədən daha böyük olan Türkiyənin və daha Böyük Türkiyə üçün daha böyük olan İslam dünyasının davasını aparır.

Böyük Ərdoğan İslam dünyası ilə bərabər xristian dünyasının da haqq səsinə çevrilib. Nələr etdiyi göz önündədir. Sadalamağa ehtiyac duymuram.

Böyük Ərdoğan Həzrəti Əli, Həzrəti Hüseyn kimi haqqı tapdanan hər kəsin yanında var, dünya gücləri tərəfindən haqsız hücuma məruz qalan Rusiyanın, Rusiya tərəfindən haqsızlığa məruz qalan Ukraynanın yanında olur, yeri gələndə İranı da haqsız hücumlardan qoruyur, haqlı çıxış yolları arayır, xristian-müsəlman fərqi qoymur.

Osmanlı dönəmində osmanlıların etdikləri ən böyük səhv Cəfəri məzhəbini 5-ci məzhəb kimi qəbul etməmələri oldu. Nəticəsi hər birimizə məlumdur.

Amma Böyük Ərdoğan İslam dünyasının qurtuluşunun haradan keçdiyini dəqiq bilir. İslam və Türk dünyasının birləşə biləcəyi yeri də.

Böyük Ərdoğan şiəliyin müsəlman dünyası üçün nə qədər əhəmiyyətli olduğunu və kimlərin şiəlikdən dövlət maraqları üçün necə istifadə etdiyini dərindən dərk edir. Buna görə də uyğun zamanlarda bu barədə fikirlərini söyləyib.

İslam dünyasının qurtuluşu şiəlik (Şiə türklər) ilə sünniliyin (Sünni türklər) birləşməsi, bir əldə cəmləşməsindən keçir. Türkün etnik və mədəniyyət coğrafiyası buna imkan verir.

Qatı şiə olan bölgədə doğulmuşam, bu gün də qatı şiəyəm (Cəfərilik).

Bu haqda keçmiş məqaləmdə yazmışam, İrana qarşı olan haqlı hücumlar şiəliyə qarşı olmamalıdır, İran da haqsız hücumlara məruz qalanda müdafiəsinə qalxmışam, indi İran rəsmilərindən istədiyimiz odur ki, çəpərlərini tarixi yerlərinə çəksinlər, uzun illərdir etdikləri haqsızlıqdan əl çəksinlər, ədaləti bərpa edib qonşuluğu da adam kimi etsinlər.

Həzrəti Hüseyn İslamı və müsəlmanları xilas etmək üçün canından keçdi, müsəlmanların tərəfində durdu, Allahın yolunu tutdu.

Böyük Ərdoğan da bu gün İslamı xilas edir, məzhəb fərqi qoymadan müsəlmanların tərəfində durub, tərəfdara çevrilib, Allahın yolunu tutub.

Əsrlərdir heç bir müsəlman ölkəsinin liderinin şiələr üçün etmədiyini bu gün Böyük Ərdoğan edir.

Və Böyük Ərdoğan etdikləri ilə sübut edir ki, dünya müsəlmanlarının ən böyük Şiəsi (tərəfdarı) Odur.

Şərhlər
  • Neriman Seyfeli.

    Erdogan ancaq muselmanlari yox, insanligi qoruyur, o cumledende farslari ozunu; cunki bu islamin telebidir.

  • t.ədalət

    Mübarək peyğəmbərimiz dünyadan köçəndə demişdir ki,özümdən sonra Quranı və Əhli-Beyti sizə əmanət qoyuram.Bu da,onu göstərir ki,təriqətçilik sonradan qondarma bir şeydir,həm də düşmənlərimizin əli ilə yaradılıb.Sayın Ərdoğan da bu məlum həqiqəti çox gözəl dərk edib bütün dünya müsəlmanlarına qahmar çıxdı.İnanıram ki,tezliklə təriqətlər hoqqabazlığı ləğv olunacaq,müsəlmanlar arasında qardaşlıq daha da möhkəmlənəcək.Bu gün biz fəxr edirik ki,bizi qoruyan Türkiyə kimi bir dövlətimiz var.Vaxtı ilə rus hərbiçilərinin Suriyada qətl etdiyi müsəlman türkmənlərə və kürdlərə də Sayın Ərdoğan sahib çıxdı.Tezliklə güneyli bacı-qardaşlarımızı qətl edən vəhşi farsların da qarşısını Türkiyə alacaq.Türkiyə ətrafını zalımlardan xilas edib daha da böyüyəcək!

  • Şahin

    Qardaşım yazınızı oxudum,Bütün fikirlərinizlə razıyam.Ərdoğan müsəlmanlar ücün bir ümid yeridir. Allah qorusun.İrandan -İlandan ancaq müsəlmana xəyanət gələ bilir.Onun təriqət oyunu iflasa uğrayır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər