“Son bir ildə Azərbaycanın ixracı 25 faiz azalaraq, 18 milyard 231 milyon ABŞ dollarına enib. Bunun əksinə, idxal isə 14,5 faiz artaraq 12 milyard 763 milyon ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 30 milyard 995 milyon ABŞ dolları olub. Bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 510 milyon dollar və ya 12,7 faiz azdır. Məlumdur ki, ixracın əsasını karbohidrogen ehtiyatları təşkil edir. Neftin qiymətinin, o cümlədən hasilatın həcminin azalması iqtisadiyyata bu formada təsir edir. Son günlər dünya bazarında da neft qiymətinin ucuzlaşmasının şahidi oluruq. Bütün bunlar dolayı yolla ixraca təsir edir”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Fuad İbrahimov bildirib.
O qeyd edib ki, ixrac potensialını artırmaqla idxaldakı rəqəmləri azaltmaq mümkündür:
"İdxal edilən məhsulların əksəriyyəti imkan daxilində yerli istehsalla əvəzlənməlidir. Belə olan halda balansı qoruyub saxlamaq olar. Əgər bu dinamik proses davam edərsə, hasilat azalacaq. Bu da qiymətlərdə enib-qalxmalara səbəb ola bilər. Hər halda, bu davam edərsə, tədiyyə və ticarət balansında mənfi saldo, mənfi göstəricilər görəcəyik. Bu da əlbəttə ki, təhlükəlidir”.
Sevinc,
BakuPost