Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:22 / 29 Oktyabr 2024

Kartdan karta fırıldağı: sahibkarlar istehlakçı hüquqlarını pozur

1293
Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatı ilə həyata keçirildiyi müşahidə edilir. Bu isə istehlakçıların hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçılara çeki təqdim olunmur. Bu da gələcəkdə onların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onlar quraşdırılmadıqda və POS-terminalların mövcud olduğu obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç dəfə və daha çox yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.

Bununla əlaqədar sahibkarlara maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.

İqtisadçı ekspert Fuad İbrahimov Bakupost.az-a deyib ki, kartdan karta köçürmələrə qoyulan məhdudiyyət iki məqsədə, vergidən yayınmaq və bank aktivindəki vəsaitlərin faiz gəlmədən digər dövriyyəyə keçməsinin qarşısını almağa xidmət edə bilər:

“Kartdan karta tövsiyə olunmayan ödəniş üsuludur. Çünki bir çox hallarda kartdan karta pul köçürmələri zamanı problemlər yaranır. Bəzən hesab nömrəsində müəyyən rəqəm səhvləri olur, yaxud bir hesabdan pul çıxır digər hesaba oturmur. Bütün bu səbəblərdən mübahisələr yaranır. Buna görə istehlakçılar kartdan karta ödəniş üsulundan mütləq qaydada çəkinməlidir. Hətta nağd şəkildə ödəsinlər, kartdan karta ödəniş üsulundan istifadə etməsinlər”.

O vurğulayıb ki, hazırda “Card to card” addımı ilə vergidən yayınma prosesi gedir: “İnsanlar kartla ödənişlə müəyyən bonus, keşbek qazanır. Qarşı tərəf isə vergidən yayınma məqsədilə həmin variantdan istifadə edir. Digər tərəfdən, bank “Card to card” edib, faiz götürmürsə, onun aktivindəki vəsaitlərin digər dövriyyəyə keçməsi baş verir. Belə vəziyyət isə banklara sərf etmir. Ona görə də bir sıra banklar kartdan karta köçürmələrə məhdudiyyətlər tətbiq edir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar