“Bu gün məktəblərdə xarici dil çox zəif tədris olunur. Bu səbəbdən də şagirdlərin çoxunun dil bilgisi, danışıq bacarığı aşağıdır. Dili yaxşı bilənlər isə kurslara, repetitor yanına gedən şagirdlərdir. Çox təəssüf ki, bu gün ölkənin ümumtəhsil məktəblərində xarici dilin tədrisi ilə bağlı ciddi problemlər var. Bu problem bölgələrdə özünü daha qabarıq şəkildə biruzə verir”.
Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Ekspertin sözlərinə görə, xarici dil üzrə müəllimlər əsasən, Azərbaycan Dövlət Pedoqoji, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində hazırlanır. Amma sözügedən universitetlərin məzunlarının çoxu 4 il təhsil almalarına baxmayaraq, nəinki xarici dildə tədris aparmaq, hətta normal danışmağı bacarmırlar:
“Fənni tədris edən müəllimin dil bilgisi aşağı olduğu halda şagirdlərə necə xarici dil öyrədə bilər? Ona görə də bu istiqamətdə müvafiq addımların atılmasına ehtiyac var. Ölkənin ümumi təhsil məktəblərində 6 xarici dilin - ingilis, alman, fransız, rus, fars və ərəb dillərinin tədrisinə icazə verilir. Say nisbətinə görə, xarici dil müəllimlərinin mütləq əksəriyyətini ingilis dili müəllimləri, az miqdarda isə rus dili müəllimləri təşkil edir. Alman, fransız, fars və ərəb dilini tədris edən müəllimlərin sayı çox azlıq təşkil edir. Məktəblərdə bu xarici dillərə ayrılan saatlar çox azdır və ya həmin xarici dillərin tədris olunduğu məktəblərın sayı barmaqla sayılacaq qədərdir”.
Sevinc,
BakuPost