Ru
23:43 / 04 Oktyabr 2022

Mən içən şərabın adı ayrılıq - Çingiz Əlioğlunun şeirləri

18210
Bakupost.az “Gecə pıçıltıları” rubrikasında tanınmış şair, tərcüməçi, Əməkdar Mədəniyyət işçisi Çingiz Əlioğlunun bir neçə şeirini təqdim edir:




Vida şeiri

Bir də o yerlərə düşməz güzarım,
Bir də o yerlərə səsləmə məni.
Sən aylı gecədə ay işığında
Bürünüb, bir daha gözləmə məni.

Aylı eyvanından əsən küləyə
Tapşır ki, yaxamdan əl çəksin mənim.
Yorğun gözlərimdən axan gileyə
“Tapşır” ki, yaxamdan əl çəksin mənim.

Qalmasin bir ömrün gündoğanında,
Gunbatan küləyi qarsız üzümü.
İtmiş bir nəğməni soraqlamaqçün
Yolları yormağın yoxdu lüzumu...

Bir də o yerlərə düşməz güzarım,
Bir də o yerlərə səsləmə məni.
Sən aylı gecədə ay işığında
Bürünüb, bir daha gözləmə məni...



Sənsizlik sürgündür

Mən içən şərabın adı ayrılıq,
Çəkdiyim siqaret həsrət adlanır.
İçmədim bayıldım, içdim ayıldım,
Sənsizlik sürgündür... hicrət adlanır.

Necə də tünd imiş hicran qəhvəsi,
Sinəmə çəkdiyim tüstü qaradır.
Ağzımdan burulub çıxan nəfəsim
Havada miraj bir obraz yaradır. -

Sənin xəyalındır ani, apaydın...
Daha yuxuda da məndən qaçırsan.
İşıqlı günümü özün qapadıb,
Zülmət gecələrə qapı açırsan.

Özümdən sürgünəm... deyir hal qanan,
Səbr elə əlacın səbrdir elə.
Daha hardan bilsin, halıma yanan,
Səbir də mənimçün Sibirdir elə...


***
Qayğılar bir ovuc düyü-çətənə,
Düşüb düyün-düyün bu tünük tənə.
Ha çözmək istədim düşdüm çətinə,
Diriltdi, dəbərtdi bu yazlar məni.

Bir xəfif titrəyiş, bir titrək hənir,
Anında tərpənir tənimdə sinir.
Ruhumda buz sınır, irmaqlar dinir,
Səsləyir, oyadır avazlar məni.

Dedim ta müdrikəm, ahılam daha,
Təpilim bir küncə, qaxılım daha.
Demə ki, dəliyəm, cahiləm daha,
Dərbədər eylədi bu qızlar məni...



Unuda bilmirəm

Unuda bilmirəm, sevə bilmirəm,
Sənsiz darıxıram,sənlə tənhayam.
Belə anlaşılmaz,belə barışmaz,
Duyğular əlində qalıbdır yaxam.

Unuda bilmirəm, sevə bilmirəm,
Sizin qapınıza, sizin küçəyə,
Ayaq özü çəkir, gələ bilmirəm..
Bu niyə belədir, hələ bilmirəm.

Unuda bilmirəm, sevə bilmirəm,
Bu sirrin cavabını,çözə bilmrəm.
Yaş elə yaşdır ki,bu gizli dərdi
Bir kəsə danışa, bölə bilmirəm.

Unuda bilmirəm,sevə bilmirəm,
Ağlaya bilmirəm,gülə bilmirəm,
Bu sənli dünyada,sənsiz dünyada
Yaşaya bilmirəm, ölə bilmirəm.



Mənim bu həyatla öz hesabım var

Mənim bu həyatla öz hesabım var,
Bilirəm pislik nə, yaxşılıq nədir?
Yaşamaq - kimçün oyun, əyləncə,
Mənimçün gündəlik mübarizədir.

Bilirəm dadını halal çörəyin,
Yerində deyilmiş ötkəm sözün də.
Xoşbəxtəm o vaxt ki, dosta gərəyəm,
Düz baxa bilirəm düşmən gözünə.

Bir ömür yaşaram - narahat, çətin.
Arxamca daş atan olsa da, nə qəm.
Nəsillər rahatca keçsinlər deyə
Atılan daşlardan bir yol döşərəm!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər