Türkiyənin Mardin şəhərində şəkər xəstəliyinə faydalı olduğu deyilən otu yeyən 52 yaşlı qadın ölüm təhlükəsi ilə üzləşib.
Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki,M.S. adlı qadın dağdan topladığı otu “şəkər xəstəliyinə yaxşı təsir edir” tövsiyəsi ilə qəbul edib.
Bitkini yedikdən qısa müddət sonra vəziyyəti pisləşən qadının daxili orqanlarında ağır fəsadlar yaranıb.
Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadın intensiv müalicədən sonra sağ qalıb. O, yaşadıqlarını belə təsvir edib:
“Sən demə, yanlış ot imiş, zəhərlisi olub. Yedikdən 3 saat sonra halım pisləşdi. Bütün orqanlarıma zərər verdi. Həqiqətən öldüm-dirildim. Tanımadığınız otları əsla yeməyin”.
Mardin Xəstəxanasının Baş həkim müavini Çağlar Öztürk son dövrlər naməlum yabanı otlardan zəhərlənmə hallarının artdığını bildirib. Onun sözlərinə görə, bəzi yabanı bitkilər qaraciyər və böyrək çatışmazlığına səbəb ola bilər.
Daxili xəstəliklər üzrə mütəxəssis İdris Baydar isə xalq arasında geniş istifadə olunan çiriş otuna bənzəyən bəzi yabanı bitkilərin ölümcül təhlükə yaratdığını deyib.
Həkim bildirib ki, həmin zəhərli otların tərkibində olan “kolxisin” maddəsi qaraciyərdən ürəyə qədər bir çox orqana ciddi zərər verə bilir. O, vətəndaşları təbiətdə tanımadıqları otları istifadə etməməyə çağırıb.