“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqlənib.
Bakupost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar verib.
Bildirilir ki, Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Reyestrin formalaşdırılması, dayanıqlı və fasiləsiz fəaliyyəti, aparılması, idarə olunması, tamlığı və mühafizəsi, Reyestrə çıxışı olan və onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin edilməsi, Reyestrin iştirakçıları tərəfindən daxil edilən məlumatların tamlığına və dolğunluğuna nəzarət edilməsi, habelə onların tələbi əsasında müharibə veteranı statusu almış şəxslər barədə məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya imtina edilməsi Reyestrin sahibi tərəfindən həyata keçirilir.
Reyestrdə müharibə veteranı statusu almış şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.
Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür.
Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Reyestrə daxil edilmiş məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat verməli, Reyestrin fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol verməməlidirlər.
Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrin fəaliyyəti ilə bağlı Reyestrin sahibinə təkliflər verə bilərlər.
Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.