Ru
17:41 / 24 Yanvar 2023

"NKVD"-nin erməni cəlladlarının Sultan bəyə zülmü: bəraət və yeni sənədlər - VİDEO

1665
“Report” Azərbaycan tarixinin şanlı səhifələrinə adlarını əbədi həkk edən tarixi şəxsiyyətlər Xosrov Sultanov və Sultan Sultanovun nəticələri İradə Muradova və Xatirə Quliyeva ilə görüşüb, tarixi şəxsiyyətlərin həyatı və fəaliyyəti barədə həmsöhbət olub.


Bakupost.az həmin müsahibəni təqdim edir:


Qeyd edək ki, Sultanov qardaşları Zəngəzur qəzası, Kürdhacı kəndində (Laçın rayonunun Kürdhacı kəndi) dünyaya göz açıblar. Sultan bəy Sultanov 1871-ci ildə, Xosrov bəy Sultanov isə 1879-cu ildə anadan olub.

Söhbətimizə İradə Muradovanın ulu babalarının tarixi şəxsiyyət olduqlarını ilk dəfə necə öyrənməsi ilə körpü salırıq.

O bildirib ki, bu, atasının pasportunda doğum yerinin Qazaxıstan göstərilməsinin səbəbləri ilə maraqlanması ilə başlayır: “Biz uşaq olanda atamdan soruşurduq ki, “niyə ətrafımızda olan qohumlarımız Azərbaycanda, amma sən Qazaxıstanın Çıraqkurqan qəsəbəsində anadan olmusan?" Həmin vaxt verilən cavablar o qədər də əhatəli olmurdu, amma böyüyəndən sonra atam və nənəm babalarımız haqqında, onların ailələrinin sürgün həyatları barədə geniş danışdılar. Biz onda bildik ki, ulu babalarımız Sultan bəy Sultanov və Xosrov bəy Sultanovdur. Atam Elbrus Muradov ömrünün sonuna qədər babalarımızın taleyinin necə olması, 1920-ci ilin aprelin 28-də sovet qoşunları Azərbaycanı işğal edəndən sonra harada yaşamaları, hansı ölkədə vəfat etmələri və məzarlarının yeri barədə araşdırma aparırdı”.

“Sultan bəy Laçının Zabux dərəsində Andronikin 30 minlik daşnak ordusunu darmadağın edib”

X.Quliyevanın sözlərinə görə, Sultanov qardaşlarının atası Əlipaşa bəy iki dəfə evlənib, bir neçə uşağı olub: “Babalarımız Əlipaşa bəyin birinci həyat yoldaşı Bəyim xanımla nikahından dünyaya gəlib. Sultanov qardaşları ikisi də ali təhsilli, general-qubernator olublar. Xosrov bəy Şuşanın general-qubernatoru işləyib, Sultan bəy isə Zəngəzurda böyük hörmət sahibi idi, indiki Laçın ərazisini düşməndən qoruyurdu.




Xosrov bəy orta təhsilini burada aldıqdan sonra Sankt-Peterburq Hərbi Məktəbinin Tibb fakültəsinə daxil olub, təhsilini bitirdikdən sonra Azərbaycana qayıdıb. O, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olub. Sultan bəy də Sankt-Peterburqda Hərbi Akademiyada oxusa da, naməlum səbəbdən təhsilini bitirə bilməyib və ölkəyə dönüb. O, Zəngəzur qəzasında erməni quldurlarına qarşı döyüşlərə rəhbərlik edib. Ermənilər Sultan Sultanova nifrət edirdilər. Çünki Sultan bəy 1919-cu ilin fevral ayında Laçının Zabux dərəsində Andronikin, təxminən, 30 minlik daşnak ordusunu darmadağın edib və ermənilərin Qarabağda hakimiyyət qurmaq planlarını alt-üst edib. O döyüşdən sonra Zabux dərəsi “Qanlı dərə” adlandırılıb. Sultan bəy təkcə Laçının yox, bütün Qarabağın, Şuşanın müdafiəsində dayanıb. Sultan bəyin həyat yoldaşı, ulu nənəmiz Dilrubə xanım Qarabağ xanlarının qızı olub”.

Elə bu vaxt İ.Muradova Xosrov bəyin xarici qızla maraqlı tanışlığından və bu tanışlığın necə evliliklə nəticələnməsindən söhbət açır: “Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yolda qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və zabitlə arasında duel olur. Zabit güllə atır və Xosrov bəyi gözündən yaralayır. Xosrov bəy qıza sataşan zabiti öldürür. Sonradan məlum olur ki, həmin qız universitet rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin iki övladı olub. Sultan bəyin isə üç oğlu, bir qızı olub. Qızına anasının şərəfinə Bəyim adı qoyub. Oğullarının adı Çingiz, Ənvər və Yusifkamal olub. Ənvər bəy bizim babamız olub”.



“İran höküməti artıq onu qoruya bilmir”

Nəticələri deyirlər ki, 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal edildikdən sonra Sultan bəy və Xosrov bəy ölkəni tərk etməyə məcbur olurlar: “Xosrov bəy əvvəl Parisə, sonra isə İstanbula gedib və orada da dünyasını dəyişib. Sultan bəy isə əvvəl İrana gedib, orada yaşayıb. Sultan bəy ailəsini də aparmaq üçün bir neçə dəfə geri qayıdıb, amma apara bilməyib. Sonra bəzi problemlər ortaya çıxır və İran höküməti artıq onu qoruya bilməyəkcəklərini bildirir. Çünki həmin ərəfələrdə Sovet höküməti Sultan bəyi geriyə qaytarıb, cəzalandırmaq istəyirdi”.

“Atatürk onunla görüşüb, onu qorumağa vəd verib”

İ.Muradova bütün bu baş verənlərdən sonra Sultan bəyin Türkiyəyə getməyə məcbur olduğunu söyləyir: “Məlumatlar var ki, o vaxt Atatürk onunla görüşüb, onu qorumağa hazır olduğunu vəd verib. Ümumiyyətlə, iki babamızın da Atatürklə yaxın əlaqələrinin olduğu bildirilir.




O vaxt Dilrubə nənəmiz də Şuşadan gəlib Bakıda, Novxanıda yaşamağa başlayır. O, izi itirmək üçün soyadını dəyişdirib, qızlıq soyadını götürübmüş. Lakin bu da izi itirməyə mane olmayıb, ailəsi ilə birgə sürgün ediliblər. Onların sürgün edilməsinin səbəbkarı ermənilərdir. Həmin vaxt Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında (NKVD) işləyənlərin böyük əksəriyyəti ermənilər olub. Onlar nənəmgili axtarıblar. Nənəm Novxanıda zavodda işləyirmiş. Nənəmin bacıları hamısı Bakıda olub. Amma onlar sərbəst yaşayıblar. Problem sadəcə Dilrubə xanımın Sultan Sultanovun həyat yoldaşı olması olub. Elə bu səbəbdən 1937-ci ildə onları vaqonlara yığıb, ac və susuz Qazaxıstan çöllərinə sürgün ediblər. Həmin vaxt Dilrubə xanımın qızı Bəyim də onlara qonaq gəlibmiş, onu da aparıblar”.

“Represiya dövrü bitir, hamı Azərbaycana qayıdır”

X.Quliyeva sürgünlə ulu nənəsinin və övladlarının məşəqqətli həyatının necə keçməsindən söz açır: “Sürgün edənlərin niyyəti nənəm və ailəsinin ölməsi idi. Amma onlar orada güc tapıb, yaşayırlar. Sürgündə olan azərbaycanlılar çox olub. Nənəm övladlarını böyüdür, orada evləndirir. Babamız Ənvər bəy Qazaxıstanda sürgündə olan azərbaycanlı xanım, Göyçay bəyinin qızı ilə ailə qurur. Ənvər bəy ordakı həmvətənlərinə və Göyçay bəyinin qızına dərs veribmiş. Ənvər bəyin evliliyindən 5 övladı olur. Onlardan biri mənim atam, Xatirə xanımın anası olub. Sürgün dövründə nənəmə xəbər çatır ki, Sultan bəy ikinci dəfə evlənib, uşağı da olub, amma 15 yaşında çayda batıb. Represiya dövrü bitəndən sonra hamı Azərbaycana qayıdır. Amma yenə də işə düzələndə soyadla bağlı əngəllər qalmaqda davam edib. Ona görə övladlar Muradov soyadını götürürlər. Əslində onların ulu babasının adı Murad olub. Buna görə Muradov olurlar”.




“Ermənilər Sultan bəydən və ailəsindən qisas almağı özlərinə borc biliblər”

İ.Muradova atasının araşdırmalarını davam etdirməyi özünə borc bildiyi üçün bu istiqamətdə yeni sənədlər tapdığını söyləyir: “Bu sənədlərə əsasən, Sultan bəyin ailəsinin izlənməsi, təqib və sürgün edilməsində ermənilərin böyük rolu olub. Arxivdə olan sürgün sənədlərinə erməni rəhbərlər imza atıb. Onlar Sultan bəydən və ailəsindən qisas almağı özlərinə borc biliblər. Sultan bəyin həyatı və ailəsi ilə bağlı sənədlərin çoxu Tiflisdədir. O sənədləri də ailədən heç kimə vermirlər. Gərək tədqiqatçı tərəfindən və ya dövlət səviyyəsində araşdırılsın. Sənədlərin birində sürgün səbəbi belə qeyd edilib: “Sultan bəy Sultanovun ailəsi Novxanı qəsəbəsində yaşayır və Sultan bəylə əlaqə saxlayırlar. Onları buradan çıxartmaq lazımdır. Çünki onlar təhlükə yaradırlar. Bütün ailəsi, həyat yoldaşı Dilrubə və övladları Azərbaycandan sürgün olunmalıdır. Bütün əşyaları isə müsadirə edilməlidir”. Bu sənədin də altında 7-ci şöbənin rəhbəri Markaryan və araşdırma edən Baqdasaryan adlı ermənilərin imzası var. Yəni ailəmizin taleyi ilə bağlı hökmləri ermənilər verib. Ümumiyyətlə bu məsələlərlə bağlı araşdırmalarımı davam etdirmək fikrindəyəm. Bu, bizim borcumuzdur. Çünki bizim babamız Qarabağda baş qaldıran erməni separatçılarına qarşı mübarizə aparan məşhur sərkərdələrdən biridir. Atam babasının Türkiyədəki həyatı ilə bağlı çox araşdırma aparıb. Ankarada yaşayan laçınlı Adil adlı bir qohumla əlaqə saxlayıb, danışıblar. Bu danışıqlardan sonra atam 2007-ci ildə Ankaraya, ordan da Qarsa gedib. Çünki Qarsda yaşayan laçınlılar Sultan bəyin məzarının orada olduğunu deyiblər. Atamın ora səfəri ilə bağlı şəkillər də var. Atam deyirdi ki, həmin məzarın babamızın olduğuna əvvəlcə inanmayıb. Lakin dəqiqləşdirmə aparandan sonra məzarın Sultan bəyin məzarı olduğuna əmin olub”.

“Laçında Sultan bəy və Xosrov bəyin ev muzeyinin yaradılmasını istəyirik”.

Nəticələr ulu babalarının adının əbədiləşdirilməsini istəyir: “Şükür ki, hazırda Laçın rayonu azaddır. Biz babamız Sultan bəy və Xosrov bəyin adının əbədiləşdirilməsini arzulamışıq. Onların Laçında yaşadığı yerdə ev muzeyinin açılmasını, adına küçənin olmasını arzu edirik. Bir müddət əvvəl bizə Sultan bəyin yaşadığı evin videosunu göndəriblər, ev dağılıb, divarları qalıb. Arzu edərdik ki, muzey də həmin evdə olsun. Atam Laçını işğaldan əvvəl ziyarət etsə də, biz orada olmamışıq. Getmək, kökümüzün gəldiyi yeri görmək istəyirik. Laçın 2020-ci il dekabrın 1-də azad edilən günü səhər tezdən atamın məzarı üstə getdim. Laçının azad olduğunu, artıq rahat yata biləcəyini dedim. Atam çox vətənpərvər insan idi”.

Yüz ildir ev muzeyi üçün qorunub saxlanılan əşyalar

X.Quliyeva istəyir ki, qəhrəman babaları haqqında hər kəs məlumatlı olsun: “Ev muzeyi yaradılarsa, məndə iki qiymətli əşya var ki, onları təqdim edə bilərəm. Ulu nənəmiz Dilrubə xanımın Laçından gətirdiyi gəbə və qədimi gümüş güzgüsü var. O güzgü böyük qız övladlarına miras kimi ötürülüb. Onu anam mənə verib. Sultan bəyin heç bir əşyası qalmayıb, çünki ailənin əynində nə olubsa, onunla sürgün ediblər. Dilrubə xanım sürgün vaxtı çətinlik olanda kəmərinin üstündəki qızıl 10-luqları satıb işlədərmiş”.

Qeyd edək ki, nəticələrdə Xosrov Sultanovun mühacirət dövrü barədə detallı və dəqiq məlumatlar yoxdur.


Şərhlər
  • t.ədalət

    Niyə Bakıda yox Laçında?Xosrov bəyin də,Nuru paşanın da,Kazım Qarabəkir Paşanın da və digərlərinin abidələri Axundov adına kitabxananın qarşısında ucaldılmalıdır.Xalq öz qəhrəmanlarının abidələrini ziyarət etməlidir.Uzun illər şaumyanın pox iyi verən heykəlini zorla bizə pərçimləyənlər,nədən özümüzkülərə qənim çıxırlar?Axı,erməni qorxusu nə vaxta kimi davam edəcək?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər