Ru
12:46 / 27 Yanvar 2022

O müəllimin suçu nə? - Nazir töhmət yox, təlimat göndərməlidir - Ekspert

3852
“Məktəblərin idarə olunması acınacaqlı vəziyyətdədir”

“Təssüflər olsun ki, bizdə təhsilin idarə edilməsində ciddi boşluqlar var. Xüsusilə də ümumtəhsil müəssisələrinin idarə olunması çox acınacaqlı vəziyyətdədir. Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin, ümumiyyətlə, təhsilin idarə edilməsi işinin öhdəsindən gələ bilmir”.

Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Bildirib ki, təhsil sahəsinə aidiyyəti olmayan, bu sahə üzrə təcrübəsi, biliyi, səriştəsi yox səviyyəsində olan insanları təhsili idarəetməyə, funksional vəzifələrə gətirmək düzgün deyil. Bu gün biz bunun necə nəticələr verdiyini görürük.



Elşən Qafarov qeyd edib ki, 165 saylı məktəbin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Müəllimə haqsız töhmət verilməsi düzgün deyil:

“Məlum videonun yayıldığı 165 saylı məktəbin direktoru kifayət qədər savadlı, təcrübəli və Bakı şəhəri üzrə tək-tək işini bilən məktəb rəhbərlərindən biridir. Burada diqqəti çəkən üç məqam var. Birinci, şagirdlərin özbaşınalığı. Onlar çəkinmədən, qorxmadan etmək istədiyini edə bilməsi. Bu onunla bağlıdır ki, ümumtəhsil məktəblərində məktəbdaxili intizam qaydaları yoxdur. Bu, Təhsil Nazirliyi tərəfindən təlimat şəklində göndərilməlidir məktəblərə və bu qaydaların yerinə yetirilməsinə nəzarət etməlidir. Çünki bizdə dövlət tənzimlənmə mexanizmi ilə işləyir. Digər bir məsələ isə müəllimin baş verənlərə reaksiya verməməsidir. Ona görə ki, son illərdə istənilən bir vəziyyətdə, heç bir araşdırma aparılmadan, həqiqəti öyrənmədən müəllimləri işdən çıxarırlar. Səbəb kimi də müəllimlərin şagirdə qarşı şiddət tətbiq etməsi göstərilir. Müəllim də işini itirməmək üçün şagird özbaşınalığına göz yummaq məcburiyyətində qalır. Videoya diqqətlə nəzər saldıqda sinifdə istilik sisteminin olmadığı görünür. Soyuq, istiliyi olmayan otaqda dərs keçmək mümkün deyil. Bütün bunlar nəzərə alınmadan Təhsil Nazirliyi tərəfindən düzgün olmayan qərar verildi, müəllim cəzalandırıldı. Kiməsə haqsız töhmət verməklə nazirlik özünü pis vəziyyətdə qoymuş oldu. Bu qərar müəllimlər, valideynlər və ictimaiyyət tərəfindən tənqidlə qarşılandı. Ümumtəhsil məktəblərinin, təhsilin idarə edilməsindəki ciddi boşluqları aradan qaldırmaq lazımdır. Müəllimə haqsız töhmət verməklə iş olmaz”.




Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər