Ru
18:34 / 15 Aprel 2022

Öz ölkəsinə düşmənçilik edənlər… - Adil Əliyevin yazısı

20454
Müharibədə məğlub olaraq, kapitulyasiya aktını imzalamalarını, görünür ki, bəzi erməni parlamentariləri qəbul edə bilmir. Artıq regionda yeni reallıq var və Azərbaycanın yaratdığı bu reallığı hər kəs qəbul etməlidir.

Reallıq isə ondan ibarətdir ki, Azərbaycan istər danışıqlar masasının, istərsə də döyüş meydanının qalibi kimi ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etdi. Ölkəmiz Ermənistana və onun havadarlarına gücünü nümayiş etdirərək, düşməni 30 ilə yaxın işğal altında saxladığı torpaqlardan həmişəlik qovaraq, kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan sonuncu çıxışında Azərbaycanla sülh sazişini bağlamağa məcbur olduqlarını və “status”un arxa plana keçdiyini açıqladı. Belə demək mümkünsə, artıq Azərbaycanın yaratdığı reallıqları qəbul etmələrini aşkar şəkildə ifadə etdi. Paşinyanın açıqlamasından dərhal sonra İrəvana etiraz etmək məqsədilə Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirərək İrəvandan imtina, Moskvaya sığınma “yolunu” tutmağa cəhd etdi. Separatçı-terrorçu rejim “Müstəqillik”, “Rusiya ilə birbaşa formatda münasibətlər qurmaq və ya birləşmək” kimi absurd seçimlər səsləndirdilər . Hansı ki, özləri də başa düşürlər ki, bu, qeyri-mümkündür, ideyaları cəfəngiyatdan başqa bir şey deyil.

Çünki, ilk növbədə, Azərbaycan və Rusiya müttəfiqdir, bir-birinin ərazi bütövlüyünü tanıyır və hörmət edirlər, eləcə də, dövlət başçımızın 22 fevral tarixində Moskvaya səfər etməsi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin hər iki dövlətin başçısı tərəfindən imzalanması bu faktın əyani sübutudur.


Erməni parlamentarilərin qərəzli hərəkətləri hakimiyyətə qarşı yönəlib


Bu kontekstdə bir qisim erməni parlamentarilərinin ölkələrinin maraqlarına zidd olaraq, Azərbaycan ərazisinə qeyri-qanuni səfər etməyə cəhd etməsi erməni cəmiyyətində olan boşluğun təcəssümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir” sözlərindən nəticə çıxarmaq əvəzinə, cəhd etdikləri qeyri- qanuni əməl onu deməyə imkan verir ki, özləri, ilk növbədə ölkələrinin düşmənidirlər. Onların Ermənistanı böhrana sürükləmək istəmələri bu düşmənçilikdən xəbər verir.

Təbii ki, parlamentarilər separatçı-terrorçu rejimə dəstək olmaq məqsədilə Azərbaycan ərazisinə ediləcək səfərlərinin qanunsuz olduğunu bilirdilər. Beynəlxalq hüququn tələblərinə əsasən, səfərlər mütləq qabaqcadan razılaşdırılmalıdır. Erməni deputatlarının isə belə razılıq əldə etmədən cəhd etdikləri səfərin qarşısı qətiyyətlə alınmışdır.


Təbii ki, bu separatçıları dəstəkləyən erməni parlamentarilərin sayı azdır. Onu da qeyd etməliyəm ki, Rusiya sülhməramlıları onları Azərbaycan ərazisinə buraxmamaqla doğru addım atmışdır, əgər belə qanunsuz səfər baş tutsaydı, Ermənistan parlamentarilərinin qanunsuz səfərinə görə dövlətimiz çox ciddi addımlar atacaqdı. Nəhayət ki, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan etiraf edərək erməni deputatların Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmadığını bildirdi.

Birincisi, qeyd olunan ərazi əzəli və əbədi Azərbaycan torpağıdır, hansı ki, beynəlxalq hüquqla da təsdiq edilib ki, razılıq alınmadan bir ölkə vətəndaşının digər ölkəyə səfəri reallaşa bilməz.

İkincisi, daha əvvəl belə bir səfərə cəhd etmişdilər və bu da Azərbaycanın Ermənistan tərəfinə belə hallara bir daha yol verilməməsi xəbərdarlığı ilə yekunlaşmışdı. Mövcud durumda ölkəmizlə koordinasiyalı şəkildə fəaliyyət göstərən sülhməramlıların bu cür qanunsuz cəhdlərin qarşısını alması təqdirəlayiqdir.

Üçüncüsü, Ermənistan parlamentinin spikeri Qazaxıstanda bildirir ki, biz təklif olunan 5 şərtlə razılaşa və sülh müqaviləsini imzalaya bilərik. Lakin bir neçə parlamentarinin belə səfərə cəhd etməsi qanunsuz olmaqla yanaşı, münasibətlərin gərginləşməsinə xidmət edə bilərdi.


Qatillər mütləq cəzalandırılmalıdır


Bu kontekstdə parlamentarilərin atdıqları addımlar, münasibətlərin kəskin şəkildə pisləşməsinə hesablanıb. Ermənistanda revanşist qüvvələrin əsas siması hesab edilən, “Hayastan” blokunun rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın əvvəlcə səfər edəcəkləri barədə məlumat verməsi, parlamentin son iclasında isə qondarma “artsax bayrağını” yerləşdirməyə cəhd etməsi məkrli siyasətdən xəbər verir.


Təbii ki, onun bu qərəzli hərəkətlərində əsas hədəf Ermənistan hakimiyyətidir. Ohanyan qarışıqlıq yaratmağa cəhd etməklə, Ermənistanın mövcud sülh danışıqlarından imtina etməsinə cəhd edir. Lakin o, atdığı hər addımda fiaskoya uğradı, hətta o əski parçasını belə, yerləşdirə bilmədilər və parlamentarilər sülh danışıqlarının Azərbaycan və Ermənistan arasında aparıldığını qeyd edərək, burada üçüncü bir ölkədən söhbət getmədiyini bildirdilər. Müharibə zamanı fərari olan Ohanyanın yenidən revanşist fikirlərə düşməsində əsas məqsədi separatçı-terrorçu rejimə dəstək olmaqla, Ermənistan hakimiyyətini öz fikrindən daşındırmaqdır.

Bu gün Ermənistan hakimiyyəti başa düşür ki, ohanyanlar, sarkisyanlar, koçaryanlar, separatçı-terrorçu rejim onlara bəladan, aclıq və səfalətdən başqa heç nə gətirmədi. Əvəzində Azərbaycan gücləndi, qüdrətləndi və Ermənistan regionda həyata keçirilən bütün böyük layihələrdən kənarda qaldı.


Ohanyan və onun qatil yoldaşları başa düşür ki, sərhədlərdə delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra, növbəti mərhələdə bütün günahkarlar törətdikləri cinayətlərə görə cəzalanacaqlar.


Adil Əliyev
Milli Məclisin sədr müavini
Şərhlər
  • VAQİF VƏLİYEV

    bu necə şeydi bəyəmbelə yazı olarmı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər